bp şirkətindən BDU-ya 750 nüsxə dərslik hədiyyəsi

bp şirkəti 2019-cu ildən bəri dəstəklədiyi sosial layihələr çərçivəsində tərcümə və çap etdiyi, beynəlxalq miqyasda tanınmış daha 4 adda dərslikdən 750 nüsxə Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasına hədiyyə edib.

 

BDU-nun professor-müəllim heyəti və tələbələri dünyanın ən yaxşı akademik nəşrlərindən olan H.Lyun, B.L.Berqin “Sosial elmlərdə keyfiyyət tədqiqat metodları”, K.Armstrongun “Marketinqin əsasları”, F.S.Mişkinin “Pul, bank və maliyyə bazarlarının iqtisadiyyatı”, C.Vivianın “Kütləvi kommunikasiya mediası” adlı kitablarından öz ana dilində istifadə imkanı qazanıb.

 

Məlumat üçün qeyd edək ki, şirkət daha öncə ingilis dilindən Azərbaycan dilinə tərcümə və çap etdiyi beynəlxalq iqtisadiyyat, makro və mikro iqtisadiyyat, menecmentin əsasları, bank işi və maliyyə bazarları, tədarük-təchizatın idarə edilməsi, insan resurslarının idarə olunması, media və kütləvi kommunikasiyalar, marketinqin prinsipləri, sosial işlərdə etik dəyərlər kimi mövzuları əhatə edən və müvafiq sahələr üzrə kadr hazırlığında əvəzsiz mənbə olan 9 adda akademik nəşri də BDU-nun Elmi Kitabxanasına təqdim edib.

 

Dərsliklər oxuculara beynəlxalq təcrübə ilə tanış olmağa, müasir iqtisadi inkişaf meyillərini öyrənməyə geniş imkan yaradır.

 

 



20.05.2021 | 10:22