“Müasir informasiya cəmiyyətinin yeni çağırışları və imkanları” | |
Azərbaycan Texniki Universiteti (AzTU) və Mingəçevir Dövlət Universitetinin (MDU) birgə təşkilatçılığı ilə Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş “Müasir informasiya cəmiyyətinin yeni çağırışları və imkanları” mövzusunda ikigünlük elmi seminar keçirilib.
MDU-nun rektoru Şahin Bayramov informasiya-kommunikasiya texnologiyalarının (İKT) müasir dövrdə əvəzolunmaz rolundan və Azərbaycanda informasiya cəmiyyətinin qurulması istiqamətində dövlət tərəfindən həyata keçirilən irimiqyaslı və sistemli tədbirlərdən danışıb. Elmi seminarın proqramına daxil olan mövzuların aktual problemlərə həsr edildiyini bildirən Ş.Bayramov AzTU ilə birgə keçirilən elmi tədbirin əhəmiyyətini diqqətə çatdırıb.
AzTU-nun rektoru Vilayət Vəliyev hazırda ölkəmizdə telekommunikasiya və informasiya texnologiyalarının inkişaf etdirilməsinin dövlət siyasətinin başlıca prioritetlərindən birini təşkil etdiyini söyləyib. İnformasiya cəmiyyətinin qurulması ilə bağlı fikirlərini bölüşən V.Vəliyev bu istiqamətdə rəqəmsal savadlılığın, İKT sahəsində müasir tələblərə cavab verən yüksək ixtisaslı kadr hazırlığının və elmi-tədqiqatların rolundan danışıb.
Hazırki pandemiya şəraitində informasiya texnologiyalarının təhsil sahəsində tətbiq dairəsinin daha da genişləndiyini, yeni imkanlar və müsbət təcrübələr qazanıldığını bildirən rektor bu kontekstdə postpandemiya dövründə ali təhsilin inkişaf perspektivlərinin araşdırılmasının zəruriliyindən bəhs edib və seminarın işinə uğurlar arzulayıb.
Seminarda hər iki ali məktəbin müəllimlərinin mövzu ətrafında məruzələri olub.
Qeyd edək ki, birgə seminar 2019-cu ildə AzTU ilə MDU arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində həyata keçirilib. Akademik potensialın gücləndirilməsinə və kadr hazırlığının keyfiyyətinin yüksəldilməsinə xidmət edən qarşılıqlı faydalı əməkdaşlığın davam etdirilməsi hər iki universitetin rəhbərliyi tərəfindən diqqət mərkəzində saxlanılır.
|
|
19.05.2021 | 11:19 | |
|
|
|