Fransanın səfiri Naxçıvan Dövlət Universitetində olub | |
Fransanın Azərbaycandakı səfiri Zakari Qross Naxçıvan Muxtar Respublikasına rəsmi səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində olub.
İkitərəfli görüşdə universitetin rektoru Elbrus İsayev ali təhsil ocağının tarixi, kadr potensialı və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Bildirilib ki, ali təhsil ocağında 63 ixtisas üzrə bakalavr, 76 ixtisaslaşma üzrə magistr, 60 ixtisas üzrə doktorant, 24 ixtisas üzrə isə rezident hazırlığı həyata keçirilir. Rektor qeyd edib ki, ali təhsil ocağı əcnəbi tələbələrin sayına görə ölkə universitetləri arasında öncüllüyünü qoruyur. Vurğulanıb ki, 1998-ci ildən etibarən universitetdə Fransız dili müəllimliyi ixtisası üzrə kadr hazırlığı həyata keçirilir və indiyə kimi ixtisasın 242 məzunu olub.
E.İsayev hər il ali təhsil ocağında qeyd olunan Frankafoniya bayramından da danışıb. Mütəxəssis hazırlığı istiqamətləri, tədrisin və elmi fəaliyyətin məzmununun təkmilləşdirilməsi sahəsində həyata keçirilən islahatlar və qarşıya qoyulan strateji hədəflər barədə danışan rektor sürətlə modernləşən ali təhsil ocağının beynəlxalq əməkdaşlıq üzrə prioritetlərini diqqətə çatdırıb.
Səfir Zakari Qross Azərbaycanla Fransa arasında ikitərəfli əməkdaşlıqda təhsil sahəsinin önəmli yer tutduğunu bildirib. Fransız-Azərbaycan Universitetinin (UFAZ) uğurlu fəaliyyətini vurğulayan diplomat Fransada ali təhsil imkanları, ingilis dilində təqdim edilən proqramların davamlı artması və xarici vətəndaşlar üçün təqaüd imkanları haqqında danışıb. Vurğulanıb ki, 2014-cü ildə Azərbaycan və Fransa prezidentlərinin təşəbbüsü ilə yaradılan UFAZ 2016-cı ilin sentyabr ayından etibarən fəaliyyət göstərir və universitetdə 4 texniki ixtisas üzrə tələbə qəbulu həyata keçirilir.
Görüşdə fransız dilinin tədrisi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonra ali təhsil ocağının xarici dillər fakültəsində fəaliyyət göstərən Fransız dili Mərkəzində olan qonaqlara məlumat verilib ki, burada tələbələrlə dərsdən kənar məşğələlər, diskussiyalar, tədbirlər keçirilir. Diqqətə çatdırılıb ki, dil mərkəzi bədii əsərlər, professor-müəllim heyətinin elmi nailiyyətləri, dərs vəsaitləri ilə təchiz olunub ki, müəllim və tələbələr istədikləri vaxt bu vəsaitlərdən həm tədris, həm də elmi-tədqiqat üçün yararlana bilərlər.
|
|
19.05.2021 | 10:20 | |
|
|
|