Musiqinin insan psixologiyasına təsiri | |
Musiqi tarixinə nəzər yetirdikcə bu qənaətə gəlirsən ki, musiqinin inkişafı insan psixologiyası və emosional durumun vəziyyətindən çox asılıdır. Bu danılmaz faktdır ki, müəyyən yaş dövründə musiqinin insan psixologiyasına, onun dünyagörüşünə, mənəvi dünyasının formalaşmasına təsiri olduqca böyükdür. Amma, yenə də faktın özünün də izaha ehtiyacı vardır. Odur ki, bu mövzuda alimlərin, musiqişünasların fikirləri, deyimləri ilə tanış olmaq, müəllimlərimizin mühazirələrinə, oxuduğumuz kitablara müraciət etmək lazım gəlir.
Bu məqsədlə bəzi araşdırmalar aparmalı oldum... Əlbəttə, ilk müraciət etdiyim mənbə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin muğam sənəti kafedrasının müəllimi, xanəndə-sənətşünas Əməkdar artist, anam - Ruzə İbişovanın yazdığı və dəfələrlə oxuduğum “Əbədiyyət notları” kitabı və qəzet - jurnallarda dərc edilmiş məqalələri olmalıydı. Ruzə xanım yazır:
“Gəlin, çətin də olsa, bir anlığa göz açdığımız dünyayla hələ təzəcə tanış olmağa başladığımız illərə - ana laylasının həzin, kövrək, lirik, fəlsəfi beşiyində uyuduğumuz, xumarlandığımız, qeyri-şüuru olaraq doğmalaşan süd ətirli günlərimizi xatırlamağa çalışaq. O zamanlar qonşumuza gəlin gələn Vəciyyə gəlinbacının utancaq vaxtlarıydı. (İndi gəlinbacımızın yaşı səksəndən yuxarı olar. Allah cansağlığı versin). Onun sakit yay gecələrində yenicə dünyaya göz açan körpəsinə oxuduğu laylanın həzinliyi quşların nigaran sədasına qarışıb qonşu evlərdə boy atan kəkilli qızların ruhunu havalandırardı. Bu havacat, bu bəstələr yaşlıları gənclik vaxtlarına qaytarar, onlarda yaşamaq həvəsi, həyat eşqi oyadardı... Beləliklə, “Ana laylası” bizim musiqi dünyasıyla ilk tanışlığımız, ilk sevgimiz kimi yaddaşımızda, bu günə kimi ruhumuzda, qanımızda yaşamaqdadır...”.
Digər kitabları vərəqləyirəm... Alimlər yazırlar ki, hələ insan cəmiyyəti yaranmazdan əvvəl dünyada musiqi var idi. Külək əsəndə ağacdakı yarpaqların həzin pıçıltısı, quşların cəh-cəhi, şəlalənin şırıltısı, bulaqların, çayların çağlaması... ilk musiqi notlarının ilahi bəstəsi idi. Axı, insan sonuncu yaranışdı. İnsana musiqini təbiətin özü öyrədib, təlim edib... Mənə dərs deyən müəllimlərimin mühazirələri heç zaman yaddaşımdan silinməyəcək:
...Qobustan qayalarına həkk olunan sinxron rəqs lövhələri bizə bir daha onu deyir ki, hələ lap qədim dövrdən insanlar musiqiyə diqqət yetirməyə başlamışlar.
Bir çox alimlərin əsərlərində tez-tez rast gəlirik ki, musiqi insanı tərbiyə edir, onun psixologiyasına güclü təsir göstərərək döyüşə ruhlandırır, ən çətin məqamlarında ona hayan olur, yaşamağa, yaratmağa səsləyir. Elm isbat edib ki, musiqi insanda immun sistemini stimullaşdırır, xəstəliyin səviyyəsini aşağılayır, həzm prosesini də yaxşılaşdırır... XIX əsrdən başlayaraq elm bir sıra həyati əhəmiyyət kəsb edən sahələrə musiqinin, hətta ayrı-ayrı musiqi alətlərində səslənən melodiyaların canlı orqanizmə necə təsir etdiyini öyrənir.
Bəli, nə qədər insan varsa, bir o qədər də fikir var. Bu mövzuda yazılan və deyilən bütün fikirlərə hörmətlə yanaşıram. Bununla belə, hələ tələbə olsam da, ümid edirəm mənim də fikirlərim kiməsə maraqlı görünə bilər.
Yaşa dolduqca, dünyagörüşümüz artdıqca, özümüz də hiss etmədən, ruhumuza sığal çəkən, psixologiyamızın dərin qatlarına hopan musiqinin janrlara şaxələnməsinə daxili təlabat yaranmasını hiss edirik. İndi yaşadığımız informasiya selində insan psixologiyasının üzləşdiyi problemlər əvvəlki illərlə müqayisədə xeyli çətinləşib. Elə musiqinin özü də, informasiya axınına qarışıb. Bəzən insana əlavə qayğılar yaradır, bəzən də onun ruhunu oxşayır, mənəvi dünyasını ovundurur. Beləliklə, musiqinin insan şüuruna və psixologiyasına bilavasitə təsiri qaçılmaz olubdır. Təəssüf ki, bizim bir çoxumuz buna əhəmiyyət vermirik...
Qədim Yunan filosofu Platon yazır: “...Digər tərbiyə üsulları ilə müqayisədə musiqi tərbiyəsi daha təsirli vasitədir, çünki ritm və ahəngdarlıq (qarmoniya) insan qəlbinin dərinliklərinə yol açır”.
Pifaqor və onun tələbələri musiqi sədaları altında riyaziyyat dərslərini keçirdilər. Onlar intellektin inkişaf etdirilməsində musiqinin rolunu yüksək qiymətləndirirdilər. Hesab edirdilər ki, musiqi insanın intellektual səviyyəsini artırmaqla yanaşı, ruhun sağlamlığına xidmət edir.
Aristotel özünün “Siyasət” kitabında qeyd edir ki, insan şəxsiyyətinin və psixologiyasının formalaşmasında musiqinin xüsusi əhəmiyyəti var. ...Musiqi elə bir gücə malikdir ki, insanın xarakterini, psixoloji durumunu dəyişir, emosional hisslərini tənzimləyir...”. Ona tədris zamanı xüsusi yer ayrılmalıdır.
Şərqin dahi filosofu və təbibi Əbu Əli ibn Sina melodiyanı “ən təsirli dərman, ən mötəbər müalicə üsulu” adlandırır.
Azərbaycanda məşhur alim, cərrah və bəstəkar kimi tanınan İbrahim Topçubaşov ən çətin əməliyyatı musiqinin müşayiətilə edərdi və s.
Böyük Çin filosofu Konfutsi onlardan daha irəli gedərək belə yazır: “...Hər hansı bir dövlətin dağılma prosesi, məhz onun musiqisinin dağılmasından başlayır. Təmiz və işıqlı musiqiyə malik olmayan xalq məhvə məhkumdur”.
Demək, hələ qədim zamanlardan insanlar başa düşür ki, musiqinin ahəng (qarmoniya) və qanunlarının pozulması insanın psixologiyasını deformasiyaya uğradır, ruhunu, bədənini dağıdır, ətraf mühitlə münasibətini tamamilə korlayır.
Bir qədər diqqətlə müşahidə etsək, biz bunu öz həyatımızın ildən ilə dəyişən birgəyaşayış qaydalarında, normalarında görə bilərik. Bu sürətli texnologiya və informasiya əsrində həyatımızın ritmi, bununla bərabər musiqinin ritmi də dəyişir, durmadan sürətlənir. İnsanlarda tam fərdiləşmə, özünəqapanma vərdişləri əmələ gəlməyə başlayıb. Məhz bu prosesin özünəməxsus xarakterinə uyğun azömürlü musiqi nömrələri yaranır və ani də bayağılaşıb ömrünü başa vurur. Çünki zamanın sürətilə ayaqlaşa bilmir, az vaxtda psixoloji deqradasiyaya məruz qalır. Əksəriyyət təşkil edən insanlarda, vəzifəsi zövqü formalaşdırmaq olan beyin kürəcikləri, hormonlar öz yerində sayır, tənbəlləşir, getdikcə korroziyaya uğrayaraq özü özünü inkar edir və nəticədə psixoloji zədəyə məruz qalaraq fəsadlar törədir... Məqsədim fikrimi ictimailəşdirmək idi.
Odur ki, mütəxəssisləri yuxarıda söylədiklərim fikirlər üzərində düşünməyə dəvət edirəm... Fikrimcə bu, günümüzün ən aktual və icrası təxirəsalınmaz məsələlərindəndir. Burada musiqi ilə elmin birgə fəaliyyəti xüsusi əhəmiyyət daşıyır.
Gülsura İBİŞZADƏ, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqi sənəti fakültəsinin musiqi müəllimi ixtisası üzrə 2-ci kurs tələbəsi
|
|
10.05.2021 | 13:17 | |
|
|
|