Gənclik eşqi ilə çalışan qocaman müəllim | |
Eyvaz müəllimi uzun müddətdir ki, tanıyıram. Bir yerdə çalışmışıq. Zahirən xeyli dəyişsə də, xaraktercə əvvəllər necə idisə, bu gün də elədir. Müəllim haqqında başqaları çox rahatlıqla danışa, söz söyləyə bilər, lakin müəllimin öz həmkarı haqqında fikir söyləməsi o qədər də asan deyil.
Hər insan fərqli yarandığı kimi, fəaliyyət göstərdiyi sahədə də başqalarından fərqlənir. Eyvaz müəllimin ən tez təsir bağışlayan cəhəti onun enerjili olması, işini yaşına görə daha şövqlə, həvəslə görməsidir. İşinə çox məsuliyyətlə, həssaslıqla yanaşır, tələbələrindən də yiyələnmək istədikləri ixtisasa qarşı eyni münasibət bəsləmələrini tələb edir. Eyvaz müəllimə görə peşənin, sənətin pisi yoxdur, onu təmsil edənlərin yaxşıları və ya pisləri olur. Pedaqoji sənətdə isə ikincisinə heç yer yoxdur: ya yaxşı müəllim olacaqsan, ya da bu sənətdən uzaqlaşacaqsan!
Uşaqlar bütün dövrlərdə cəmiyyətlərin gələcəyi hesab olunub. Valideynlər dünyada ən əziz, ən qiymətli varını biz müəllimlərə etibar edirlər. Bu etibara sədaqət isə hər bir vicdanlı insan şəxsiyyəti üçün vacibdir. Eyvaz müəllimin ən çox bəyəndiyim xüsusiyyətlərindən biri də onun öyrətməli olduğu materialı dəfələrlə saf-çürük edib, mənimsənilməsinin asanlığına tam əmin olduqdan sonra təqdim etməsidir. Onun dərs vəsaitlərində altından qırmızı xətt çəkilmiş yerlər görmək mümkündür. Bu, peşakar müəllimə yeri gəldikdə manevr etmək, başa düşülməyən məqamı nişanladığı yerin müqayisəsi ilə bərabər, öz dəst-xətti ilə izah etməsi üçündür. Pedaqoji ustalığı mükəmməl müəllim eyni bir məsələnin ən azı üç variantda izahına hazır olmalı, qarşısındakı tələbənin ürəyində zərrə qədər şübhə yeri qalmamasına çalışmalıdır. Eyvaz müəllim də tanıdığım belə müəllimlərdəndir.
Dəfələrlə lap təcrübəli müəllimlərin belə, bu və ya digər məsələlər barəsində Eyvaz müəllimə müraciət etdiklərinin və onun məsələyə nə qədər diqqətlə yanaşdığının, həmin suallara onların özlərinin fəal iştirakı ilə necə aydınlıq gətirdiyinin şahidi olmuşam.
Eyvaz müəllim kimlərisə kiçildərək özünə dəyər qazanmaq istəyənlərdən deyil. O, öz həmkarlarına qiymət verməkdə çox dürüst və səxavətlidir. Xoşu gəlməyən adamın da yaxşılığını istəyən, istəməklə kifayətlənməyib ona hər cür yardım göstərməyi bacaran böyük ürək sahibidir.
Eyvaz müəllim qədirbilən insandır. Kiçik yaşlarından hər iki valideynini itirmiş Eyvaz müəllim və onun qardaşlarını rəhmətlik xalası boya-başa çatdırıb. Eyvaz müəllim xalasının sağlığında da, dünyasını dəyişəndən sonra da öz övladlıq borcunun öhdəsindən ləyaqətlə gəlib.
Eyvaz müəllim həm də nümunəvi ailə başçısıdır. Hər iki övladına dərs demişəm. Həm oğlunun, həm də qızının gözəl ailəsi var və bu nümunəviliyin nəsillər boyunca davam edəcəyinə əminəm, çünki bu şəcərənin kökü sağlamdır.
Eyvaz müəllim əsl müəllimdir, öyrədəndir. O, həm də pedaqoji xəzinədir. Onu öyrənməyə dəyər. Sabahın müəllimləri ondan tədris etdiyi fənlə yanaşı, əsl müəllimliyin sirlərini də öyrənməlidirlər ki, gələcəkdə uğur qazansınlar.
Bu gün də gənclik həvəsi ilə çalışan qabaqcıl təhsil işçisi, dəfələrlə ilin müəllimi olmuş, çoxsaylı mükafatlar sahibi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının baş müəllimi Eyvaz Şeydayev həmkarlarının, universitet rəhbərliyinin və tələbə kollektivinin rəğbətini, hörmətini qazanmış pedaqoqlarımızdandır.
Həmkarımız, dostumuz, gözəl insan, nümunəvi şəxsiyyət olan Eyvaz müəllimi 65 illik yubileyi münasibəti ilə təbrik edir, ona cansağlığı, uzun və xeyirli ömür arzu edirik!
Rahib Sədullayev, ADPU-nun Quba filialı Ədəbiyyat və dillər kafedrasının baş müəllimi, Qabaqcıl təhsil işçisi
|
|
07.05.2021 | 16:42 | |
|
|
|