Şagirdlərə Zəfər tariximiz haqqında danışmaq qürurvericidir | |
O, tarix müəllimidir... İllərini şagirdlərinin istər dünya ölkələrinin, istərsə də doğma Azərbaycanın tarixini öyrənmələrinə həsr edib. Özü də sevə-sevə, müəllimlik fəaliyyətindən zövq ala-ala. Bəlkə də bu peşəyə olan həvəsindəndir ki, aspiranturaya qəbul olunsa da elm dalınca getməyi deyil, məhz müəllim kimi fəaliyyət göstərməyi qərarlaşdırıb. Bu dəfəki yazımızın qəhrəmanı Bakıdakı 266 nömrəli tam orta məktəbin tarix müəllimi Rəsmiyyə Fərzəliyevadır.
Müəllimlik peşəsinə olan sevgisi...
Qəbələ rayonunun Aydınqışlaq kəndində doğulan Rəsmiyyə Fərzəliyeva orta təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsinə daxil olur. 1995-ci ildə ali təhsilini başa vuraraq bir müddət doğma kəndində tarix müəllimi kimi fəaliyyət göstərir. 1999-cu ildə aspiranturaya qəbul olunsa da müəyyən obyektiv səbəblərdən onu bitirmir. Müəllimlik peşəsinə olan sevgisi onu hazırda çalışdığı doğma məktəbinə, əziz şagirdlərinə bağlayır. Və 20 ildən artıqdır ki, ömrünü yetişməkdə olan gənc nəslin savadlı, öz vətəninə layiq böyüməsi istiqamətində bilik və bacarığını əsirgəməyən Rəsmiyyə Fərzəliyeva bu gün məhz müəllim kimi tanınmasından, sevilməsindən qürur duyur.
Qarabağ xanlarının Cavanşirlər nəslindən sayılan nənəsi rayonun ilk ali təhsilli müəllimi olub
Niyə məhz müəllim olmağı istəyib? Müəllimliyi vaxtilə ona dərs demiş bu müqəddəs peşənin sahibləri sevdirib. Onun üçün müəllimləri hər zaman ən yüksək zirvədə olub. Ən əsası isə bu sevgi ona irsən keçib. Nənəsi Zümrüd müəllim Şuşalı qızı idi. Qarabağ xanlarının Cavanşirlər nəslindəndir. 1930-cu illərdə Qəbələyə gəlin gəlib. Rayonun ilk ali təhsilli müəllimi olub. Burada uşaqların məktəblərə cəlb olunmasında, savadlanmasında əvəzsiz xidmətlər göstərib. O dövrün ən çətin vaxtlarında 3 kənddə müəllimlik edib. Böyük arzuları olsa da yarımçıq qalıb. Həyatdan vaxtsız köçüb. Məhz nəvəsi Rəsmiyyə müəllim onun yolunu davam etdirməyi qərara alıb. Bu haqda özü belə söyləyir: “Müəllimliyi seçməkdə əsla peşman deyiləm, çox şərəfli bir missiyam var. Usaqlarla işləməyi sevirəm, onların saf, kövrək qəlblərində özünə taxt qurmaq hər bir müəllimin arzusudur”.
İlk növbədə müəllim öz fənnini sevməlidir ki...
Uzunillik təcrübəyə malik yazımızın qəhrəmanı məhz belə düşünür. Deyir ki, öz fənnini sevən müəllim şagirdlərinə də onu sevdirməyi bacaracaq. Dünya, eləcə də Azərbaycan tarixini şagirdlərinə sevə-sevə öyrədən pedaqoq hər dəfə sinfə ilk dəfə girirmiş kimi daxil olur.
Müəllimliyin çətin olduğu qədər eyni zamanda məsuliyyət tələb etdiyini yaxşı anlayan R.Fərzəliyeva fənninin tədrisinə yaradıcı yanaşmağa çalışır.
Bir ildən artıqdır ki, pandemiya şəraitində yaşadığımızdan dərslər onlayn keçirilsə də bu, onun dərsə olan münasibətini dəyişdirməyib. Əksinə, daha məsuliyyətli olmağa sövq edib. Məktəbi, sinif otaqlarını onlayn tədris mühiti əvəz eləsə də əsas odur ki, sevimli şagirdlərindən uzaq düşməyib. Virtual olsa da hər gün sevimli şagirdlərinə eyni həvəslə, şövqlə dərs keçir.
Rəsmiyyə müəllim deyir ki, şagirdlərin və ətrafındakılarının sevgisini qazanmaq bir müəllim üçün ən böyük mükafatdır: “Mənim bu həyatda qazandığım uğur vaxtilə dərs dediyim şagirdlərimin ali məktəb seçərkən məhz müəllim ixtisasına yiyələnməsidir. Müəllim sanki bağban, yetişdirdiyi müxtəlif ağacların barı isə onun şagirdləridir”.
Bu gün şagirdlərinə Azərbaycanın şanlı Zəfər tarixindən fəxrlə söz açır
Tarixçi müəllim 2020-ci ilin tariximizdə Zəfər ili kimi qalmasının sevincini yaşamaqdadır. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun qazandığı qələbə ilk növbədə vətəndaş olaraq onu da qürurlandırıb. Ölkə başçısının işğal olunmuş torpaqlarımızı geri qaytarması hər bir Azərbaycan vətəndaşına ən böyük hədiyyəsidir. İllərdir mənfur düşmənlərimizin əsarəti altında olan torpaqlarımızı şagirdlərinə xəritədə göstədiyini söyləyən pedaqoq azad olunan rayon və kəndlərimizə, Qarabağın mirvarisi sayılan Şuşamıza - doğma yurdumuzun əsl sakinlərinin yaxın vaxtlarda qayıdışı gününün həyəcanı ilə yaşayır. Hətta ölkənin bir sıra saytlarında çıxan yazılarında da bu qələbənin sevinci ilə bağlı fikirlərini, duyğularını qələmə alıb. Və təsadüfi deyil ki, 2021-ci ildə Rəsmiyyə Fərzəliyeva Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasətin uğurlu nəticələrinin mətbuatda işıqlandırılmasında yüksək fəallıq göstərdiyinə görə Nəsimi Rayon Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərmana layiq görülüb.
O, yaradıcı müəllim, dövlətçiliyimizə sadiq bir təhsil işçisidir.
Bu gün Azərbaycanın şanlı Zəfər tarixindən fəxrlə söz açan və bunun qürurverici olduğunu qeyd edən pedaqoq kim bilir daha neçə-neçə şagirdinin gələcəkdə onun yolunu davam etdirməsinə vəsilə olacaqdır.
Samirə KƏRİMOVA
|
|
07.05.2021 | 16:17 | |
|
|
|