“Məktəb icmaları” daha bir layihəyə start verib | |
“Məktəb icmaları” daha bir layihəyə start verib. Gənclərə peşə seçimində kömək etmək, onların asudə vaxtının səmərəli təşkili, işsizlik probleminin aradan qaldırılması və karyera quruculuğuna dəstək olmağa hesablanan yeni layihə iyun ayından başlayıb.
“Gələcəyimizi indidən düşünək” adlı bu sosial layihədə “Məktəb icmaları”nın tərəfdaşları da var. Belə ki, “Pasha Holdinq”, “CinemaPlus”, “Mcdonalds Azərbaycan”, “107.7 avto fm”, Gunel Behbudova Haute-Couture, “Fleuriste flowers and events”, “Pullman Hotel Baku”, “Garage Bistro”, “Face Studio”, “Park Cafe” şirkətləri sosial layihəyə dəstək verir. “AtaBank” ASC isə layihənin baş sponsorudur.
“Gələcəyimizi indidən düşünək” “Məktəb icmaları” layihəsinin Community.az portalı və Green Line şirkətlərinin təşəbbüsüdür.
“Məktəb icmaları”nın koordinatoru Nigar Əliyeva “Azərbaycan müəllimi” qəzetinə açıqlamasında bildirib ki, pilot olaraq həyata keçirilən layihənin iştirakçıları internat məktəblərindən seçiləcək. İlk qrup 11 Nömrəli İnteqrasiya Təlimli İnternat Məktəbinin IX sinif şagirdləridir: “Layihədə bir qrup üçün bir ay təlimlərin keçirilməsi nəzərdə tutulub. 20 nəfərlik ilk qrupun təlimləri artıq başlayıb. 1 ay ərzində onlara peşə sahələri üzrə ümumi məlumatlar veriləcək, təcrübə keçiriləcək, ekskursiyalar təşkil edilərək şagirdlərin şirkətlərin iş prosesi ilə tanışlığı təmin ediləcək. Təlimlərdə peşə seçimi və ictimaiyyətə düzgün inteqrasiya mövzularında “Green Line” şirkətinin peşəkar psixoloqlar komandası dəstək olur. Bir sözlə, bu bir ayda şagirdlərin bilik və bacarıqlarının artırılmasına çalışacağıq. Nəzərdə tutduğumuz təqdimatlarda uşaqlar daha çox maraqlandıqları peşələr üzrə hərtərəfli məlumat alacaq, iş prosesini yaxından izləyəcəklər”.
N.Əliyevanın sözlərinə görə, uşaqların istedad və bacarıqlarına uyğun olaraq, bərbər, dərzi, avtomexanik, florist, fotoqraf və digər ixtisaslar üzrə təlimlər təşkil olunur: “Düşünürük ki, bu layihənin sonunda potensial peşə-ixtisas sahələri və özlərinin inkişaf bacarıqları üzrə əldə etdikləri ilkin biliklər məktəblilərin arzularının gerçəkləşməsinə dəstək olacaq”.
Layihənin baş sponsoru olan “AtaBank” ASC-nin İdarə Heyəti sədrinin birinci müavini Etibar Babaşlı bildirib ki, “AtaBank” hər zaman sosial layihələrə çox böyük önəm verib: “Bu layihəyə qoşulmağımızda məqsəd uşaqların həyata ilk addımlarını daha inamla atmalarına kömək göstərə bilməkdir. “AtaBank” gələcəkdə də bu kimi sosial layihələrə dəstək olacaq”.
Xatırladaq ki, ilk qrupun təlimləri bu ayın sonunda başa çatacaq. Bu münasibətlə hesabat tədbiri keçiriləcək. Tədbirdə 11 Nömrəli İnteqrasiya Təlimli İnternat Məktəbinin şagirdləri ilə birgə hazırlanan qısametrajlı filmin nümayişi nəzərdə tutulub.
Pilot olaraq həyata keçirilən bu layihə uğur qazanarsa, sentyabr ayından davam etdiriləcək.
Ruhiyyə Daşsalahlı
|
|
22.06.2018 | 15:51 | |
|
|
|