Naxçıvan məktəblisi beynəlxalq müsabiqənin diplomunu qazanıb

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi və Naxçıvan Təhsil Nazirliyinin birlikdə həyata keçirdiyi “Sabahın tədqiqatçıları” layihəsinin daha bir iştirakçısı mükafatlandırılıb.

 

Bölmənin Bioresurslar İnstitutunun  Biokimyəvi tədqiqatlar laboratoriyasının rəhbəri, biologiya üzrə fəlsəfə doktoru Surə Rəhimovanın elmi rəhbərliyi ilə tədqiqat aparan Naxçıvan şəhər 5 № li tam orta məktəbin  IX sinif şagirdi Şərəf Zeynalovanın “Naxçıvan Muxtar Respublikası florasında Fabaceae Lindl. fəsiləsinə daxil olan növlərin bioloji və fitokimyəvi xüsusiyyətləri” adlı məqaləsi “Rusiya Federasiyası Pedaqoji Layihələr Akademiyası” Ümumrusiya informasiya-təhsil portalının keçirdiyi müsabiqədə II dərəcəli diplom və sertifikatla təltif edilib.

 

Məlumat üçün qeyd edək ki, məktəbli  Şərəf Zeynalova “Astragalus tragacantha L. (Kitrəli gəvən) növündən kitrələrin alınması, təmizlənməsi və tətbiq sahələrinin öyrənilməsi” adlı tədqiqatla məşğuldur. Layihənin əsas məqsədi kitrəli gəvən növünün fitokimyəvi tərkibinin ən son metodikalar tətbiq edilməklə öyrənilməsi, bitkidən kitrələr əldə olunması və müxtəlif sahələrdə istifadə perspektivlərinin araşdırılmasından ibarətdir.

 



05.05.2021 | 16:41