“Təlim və tədrisdə süni intellekt” | |
Naxçıvan Dövlət Universitetində “Təlim və tədrisdə süni intellekt” mövzusuna həsr olunmuş elmi-nəzəri seminar keçirilib.
Universitetin elmi katibi, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Məftun İsmayılov qeyd edib ki, süni intellekt intellektual maşın yaratmağı, xüsusən yalnız insanlara məxsus olduğu düşünülən yaradıcı fəaliyyətlə məşğul ola bilən, intellektual proqram yaratmağı özünə məqsəd müəyyənləşdirmiş elm və texnologiyadır. Bu elm, həmçinin insan intellektinin araşdırılması kimi başa düşülür.
İnformatika kafedrasının müəllimi Səriyyə Qasımova “Təlim və tədrisdə süni intellekt” adlı məruzəsində bildirib ki, süni intellekt bir elm kimi praktik və nəzəri hissədən ibarətdir. Praktik cəhətdən “Süni intellekt” problemi bir tərəfdən informatikaya və hesablama riyaziyyatına, digər tərəfdən isə neyrofiziologiyaya və psixologiyaya aid edilir. Vurğulanıb ki, robotexnika sahəsi və süni intellekt elmi bir-biri ilə sıx əlaqədardır. Robotexnikada süni intellektdən istifadə edib intellektual robotların yaradılması süni intellekt elminin yeni bir sahəsini təşkil edir. Həmçinin diqqətə çatdırılıb ki, ən məşhur süni intellekt- Pepper Yapon şirkəti olan Aldebaran Robotics və Softbank Mobile tərəfindən 2015-ci ildən satışa çıxarılıb. Bu humanoid robotun digər robotlardan fərqi odur ki, onun emosiyaları var. Pepper ətraf aləmi 3D kameralar vasitəsi ilə təhlil edə bilir, boyu 1.2 metr, çəkisi isə 28 kq-dır. İnsanların mimikaları ilə onların əhval-ruhiyyəsini başa düşür. Həmçinin, özü-özünü öyrədə bilən robotdur və lazım olan cavabları axtarmaq üçün internetə çıxışı var. Pepper hətta onu itələdikdə belə öz müvazinətini saxlaya bilir; insan toxunuşlarını hiss etmək üçün onda sensor qurğuları mövcuddur.
Elmi-nəzəri seminarda süni intellektin təsir etdiyi bir çox sahələrə də aydınlıq gətirilib.
Seminar müəllim və tələbələrin sualları ilə davam edib. |
|
27.04.2021 | 13:11 | |
|
|
|