Layihə metodu | |
Hər bir dərsin sonunda uğurlu təlim nəticəsinə nail olmaqdan ötrü həmin dərsdə istifadə edilən fəal (interaktiv) təlim metod və vasitələrin seçilməsi ən vacib şərtlərdən biridir. İnteraktiv metod və vasitələr dərsin məqsədlərinə yönəlməli, uğurlu nəticə əldə etmək üçün onlardan düzgün istifadə edilməlidir. Belə təlim metodlarından biri də layihə metodudur. Layihələr, əsasən, bir dərs saatında reallaşdırılmayıb, uzun zaman kəsiyində həyata keçirilən bir metoddur. Bu metodun şagird üçün aşağıdakı kimi əhəmiyyətləri vardır:
- yaradıcı təfəkkürü inkişaf etdirir, tədqiqatçılıq bacarığı formalaşdırır; - kollektiv şəkildə işləməklə yaradıcı mühitdə qarşılıqlı fəaliyyət göstərmə bacarığı əldə olunur; - biliklərə hazır şəkildə deyil, tədqiqat prosesi zamanı yiyələnmə vərdişi aşılanır; - müxtəlif mənbələrdən istifadə etmək, əldə edilmiş informasiyaları çeşidləmək, materialları mövzu ilə əlaqələndirmək imkanları qazandırır; - məktəbdənkənar ünsiyyətə kömək, iş və vaxt rejimini planlaşdırmaqda yardım edir; - təqdimat zamanı şəxsi mülahizələr irəli sürmək, fikirlərini müdafiə etmək, tənqidə dözümlülük nümayiş etdirmək kimi vərdişlər formalaşdırır.
Layihə metodundan istifadə zamanı müəllim aşağıdakılara əməl etməlidir:
- şagirdlər məhz onun rəhbərliyi altında prosesə cəlb olunur; - tədqiqata cəlb ediləcək mövzunu o müəyyən edir; - işin başlama və bitmə zamanını o müəyyənləşdirir, hansı mənbələrdən istifadə ediləcəyini, işin fərdi, yoxsa qrup şəklində aparılacağını öncədən bildirir; - işin icrasının bütün mərhələlərində yalnız şagirdlərin suallarını cavablandırır, əlavə istiqamətlər verir.
Adətən layihə metodunda təqdimatlar müzakirə, xəritələr, cədvəl və qrafiklər, hesabatlar, videoroliklər, animasiyalar, qısametrajlı filmlər, qəzet layihələri, fotoşəkillər və s. formada olur.
Aşağıda hazırladığımız layihə nümunəsini təqdim edirik.
Layihə nümunəsi
Layihənin adı:
“Atalar sözü - elin gözü” mövzusunda viktorina Layihənin başlama vaxtı: 01.02.2018. Layihənin bitmə vaxtı: 30.05.2018. Layihənin hədəf qrupu: şagirdlər (15-17 yaş). Layihənin aid olduğu sahələr: təhsil və təlimləndirmə. Layihənin icra olunduğu region: Beyləqan.
Layihənin qısa təsviri
Bu layihə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimlərinin dəstəyi ilə həyata keçirilib. Layihənin məqsədi 9-11-ci siniflərdə oxuyan şagirlərin şifahi xalq ədəbiyyatı janrlarından olan atalar sözlərinə bələd olması, burada öz əksini tapan əxlaqi-tərbiyəvi ideyaları mənimsəməsi, nitqlərində onlardan yerli - yerində istifadə etməsinin düzgün təbliğ olunmasıdır.
Layihə haqqında məlumat
“Atalar sözü - elin gözü” mövzusunda viktorina 1-10 aprel 2018-ci il tarixlərində məktəbin 9-11-ci sinifləri arasında 10-cu siniflər tərəfindən keçirilib. Layihənin məqsədi şifahi xalq ədəbiyyatı nümunələrindən olan atalar sözlərinə diqqətin artırılması, məktəblilərdə yaşlı nəslin nümayəndələrindən bu nümunələrin toplanmasına marağın yaradılması, ədəbiyyatımızın öyrənilməsi və təbliğidir. Layihə çərçivəsində məktəbin 9, 10 və 11-ci siniflərində oxuyan şagirdlərdən ibarət 4 komanda formalaşdırılıb. Həmin komandalarla bu qaydalarla müəyyənləşdirilmiş viktorina təşkil olunub:
- hər komanda 5 nəfərdən ibarət olmaqla təşkil olunur; - viktorina məktəbin akt zalında keçirilir; - komandalar eyni vaxtda yarışa qatılırlar; - sualların cavablandırılması bayraq qaldırmaqla müəyyənləşdirilir; - yanlış cavab ümumi bala təsir etməyib; - viktorinaya nəzarət məktəbdə müəllimlərdən təşkil olunmuş münsiflər heyəti tərəfindən həyata keçirilir.
“Atalar sözü - elin gözü” mövzusunda viktorinaya qatılan komandalar aşağıdakı mövzulara və hər bir mövzuya uyğun suallara cavab verməklə 5 mərhələdə yarışırlar.
1-ci mərhələ “Sən saydığını say, gör fələk nə sayır” adlanıb. Bu mərhələdə şagirdlər atalar sözlərində işlənmiş, lakin qəsdən buraxılmış rəqəmləri bərpa etməli olurlar.
Bu mərhələyə aid suallar və düzgün cavabları:
1. Atalar sözlərinə görə, neçə qoçun başı bir qazanda qaynamaz? Düzgün cavab: iki qoçun başı bir qazanda qaynamaz.
2. Atalar sözlərinə görə, sarımsağı gəlin eləmişlər, neçə gün qoxusu çıxmamış? Düzgün cavab: sarımsağı gəlin eləmişlər, qırx gün qoxusu çıxmamış.
3. Atalar sözünə görə, otuz iki dişdən çıxan neçə məhləyə yayılar? Düzgün cavab: otuz iki dişdən çıxan otuz iki məhləyə yayılar və s.
2-ci mərhələ “Gəzməyə qürbət ölkə, ölməyə vətən yaxşı” adlanır. Bu mərhələdə şagirdlər dünya xalqlarının atalar sözlərinə nə qədər bələd olduqlarını nümayiş etdirirlər.
Bu mərhələyə aid suallar və düzgün cavabları:
1. Çin atalar sözünə görə, bütü düzəldənlər ona səcdə etməzlər, çünki... Düzgün cavab: bütü düzəldənlər ona səcdə etməzlər, çünki onu necə düzəltdiklərini yaxşı bilirlər.
2. Koreya atalar sözünə görə, işi yaxşı olanda yad olur, bəs pis olanda nə olur? Düzgün cavab: işi yaxşı olanda yad olur, pis olanda - qohum.
3. Yamayka atalar sözünə görə, hörümçəklə nəyin arasında sövdələşmə olmaz? Düzgün cavab: hörümçəklə milçək arasında sövdələşmə olmaz və s.
3-cü mərhələ “Əvvəl düşün, sonra danış” adlanır. Bu mərhələdə şagirdlər atalar sözlərində yer alan bəzi sözlərin leksik mənalarını izah edirlər.
Bu mərhələyə aid suallar və düzgün cavabları:
1. “Culfa kəfənsiz ölər” atalar sözündə “ culfa” sözü hansı mənanı ifadə edir? Düzgün cavab: “culfa” sözünün leksik mənası əl hanasında pambıq parça toxuyan adam, toxucu deməkdir.
2. “İgid nəhəng olar, cəhəng olmaz” atalar sözündə “cəhəng” sözü hansı mənanı ifadə edir? Düzgün cavab: “cəhəng” sözü ağızın küncü mənasını ifadə edir. Bu atalar sözünün mənası belədir ki, igid gücünə, qüvvəsinə, nəhəngliyinə güvənər, çənəsinə, danışqanlığına yox.
3. “Kankanın vəsiyyəti qızıl öküzdür” atalar sözündə “kankan” sözü hansı mənanı ifadə edir? Düzgün cavab: “kankan” sözünün mənası əl ilə quyu qazan, quyuçu deməkdir.
4. “Köhnə dəyirmana təzə nırx qoyur” atalar sözündə “nırx” sözü hansı mənanı ifadə edir? Düzgün cavab: “nırx” sözünün mənası ən zəruri ehtiyacları təmin edən mallara hökumət orqanları tərəfindən qoyulan qiymət deməkdir və s.
4-cü mərhələ “Adımı sənə qoyum, səni yana - yana qoyum” adlanır. Bu mərhələdə şagirdlər yazılı ədəbiyyatda işlənən (bədii əsərin adı, epiqraf və s.) atalar sözləri ilə bağlı biliklərini nümayiş etdirirlər.
Bu mərhələyə aid suallar və düzgün cavabları:
1. Nəcəf bəy Vəzirovun 1890-cı ildə qələmə aldığı bu komediyada Əbdürrəhman bəy, Xırda xanım, Səkinə xanım kimi obrazlar yaradılmışdır. Söhbət hansı əsərdən gedir? Düzgün cavab: “Daldan atılan daş topuğa dəyər”.
2. Mir Cəlalın “Bir gəncin manifesti” əsərində Sona obrazının dilindən verilmiş bu atalar sözü obrazın bütün xarakterini qəti şəkildə müəyyənləşdirir. Bu hansı atalar sözüdür? Düzgün cavab: “İtə ataram, yada satmaram”.
3. Rəşid bəy Əfəndiyevin bu əsərində ən qüvvətli cəhət məişət, etnoqrafik səhnə və əlamətlərin zənginliyidir. Burada obrazların dilindən kifayət qədər atalar sözü verilmişdir ki, görünür, bu atalar sözləri bədii ədəbiyyatda ilk dəfə idi istifadə olunurdu. Söhbət hansı əsərdən gedir? Düzgün cavab: “Qonşu - qonşu olsa, kor qız ərə gedər”.
5-ci, yəni sonuncu mərhələ “Yüz ölç, bir biç” adlanır. Şagirdlər bu mərhələdə yarımçıq verilmiş atalar sözlərini tamamlayırlar.
Bu mərhələyə aid suallar və düzgün cavabları:
1. Atalar yaxşı deyiblər, bəxtimin bədbəxtliyindən şəkər əksəm duz olur,........... Düzgün cavab: bəxtimin bədbəxtliyindən şəkər əksəm duz olur, hamama getsəm buz olur.
2. Atalar yaxşı deyiblər, arpaya qatsan at yeməz, ................ Düzgün cavab: arpaya qatsan at yeməz, sümüyə qatsan it yeməz.
3. Atalar yaxşı deyiblər, nə yoğurdum, nə yapdım, ............... Düzgün cavab: nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım və s.
Qalib komanda diplom və hədiyyələrlə, digər komandaların fərqlənən üzvləri isə kitablarla mükafatlandırılır.
“Atalar sözü - elin gözü” mövzusunda viktorinaya Beyləqan rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi tərəfdaşlıq edib.
Sonda onu da qeyd edim ki, layihənin tərtib olunmasında məktəbin X sinif şagirdlərindən Nihad Quluzadə, Nərgiz Hüseynzadə, Lamiyə Quliyeva, Aytac Şükürova, Tovuz Məmmədzadə bilavasitə iştirak ediblər. Məktəbin X sinif şagirdi Mirzə Səfərli isə layihənin əlaqələndiricisi olub.
Əli QULİYEV, Beyləqan rayonu, Dünyamalılar kənd Əlibala Şirinov adına 1 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi, layihənin koordinatoru
|
|
22.06.2018 | 14:28 | |
|
|
|