Coğrafiya İnstitutu ADPU-da görüş keçirib

Görkəmli coğrafiyaşünas alim, akademik Budaq Budaqovun 90 illik yubileyi münasibəti ilə AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu  alim və mütəxəssislərinin  Azərbaycan Dövlət Pedaqoji Universitetində tələbələrlə görüşü keçirilib.

İnstitutun ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, görüşü ADPU-nun tarix və coğrafiya fakültəsinin dekan müavini Mətanət Əsgərova açaraq qonaqları salamlayıb. Universitetin IV kurs tələbəsi Taleh Mirzəyev  akademik  Budaq Budaqov haqqında təqdimatla çıxış edib. Sonra I kurs tələbələri alimin həyat və yaradıcılığı barədə ingilis və rus dillərində çıxışlar ediblər.

Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, dosent Məhərrəm Həsənov təqdimat və çıxışlarına görə tələbələrə təşəkkürünü bildirib. “Akademik Budaq Budaqovun  Azərbaycan coğrafiya elmində rolu” mövzusunda etdiyi məruzədə M.Həsənov milli coğrafiya elmi məktəbinin bünövrəsini qoyan B.Budaqovun  yüksək ensiklopedik biliyə və təfəkkürə, tədqiqatçı bacarığına malik  olduğunu, coğrafiya elminin bir çox sahələri üzrə böyük uğurlar qazandığını bildirib. Direktor müavini görkəmli alimin özündən sonra qoyub getdiyi zəngin elmi irsindən söhbət açıb, mindən çox əsərin, o cümlədən 30 xəritə-atlas, 40 monoqrafiyanın müəllifi, yüzdən çox əsərin elmi redaktoru olduğunu diqqətə çatdırıb.

ADPU tarix və coğrafiya fakültəsinin dekanı, dosent Şahin Pənahov çıxışında akademik Budaq Budaqovun pedaqoji fəaliyyətindən bəhs edib, onun da vaxtı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunu olduğunu xatırladıb. Ş.Pənahov qeyd edib ki, B.Budaqov filoloq olmaq istəyirdisə də, tale onu coğrafiya sahəsinə gətirmişdi. Amma  bu təsadüf onun həyatında, özünün də dediyi kimi, xoşbəxt dönüşlə nəticələndi. O, coğrafiyanı sevirdi və coğrafiyaçı olması ilə fəxr edirdi.

Sonra Məhərrəm Həsənov bilik və bacarığı ilə fərqlənən tələbələrə  AMEA  akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu, ADPU tarix və coğrafiya fakültəsi və Azərbaycan Coğrafiya Cəmiyyətinin diplomunu təqdim edib.

 

Yusif ƏLİYEV



27.02.2018 | 14:00