“Yer kürəsi ümumi evimizdir” mövzusunda nəzəri-praktiki seminar

Mingəçevir Dövlət Universitetində (MDU) Fizika və ekologiya kafedrasının nəzdində fəaliyyət göstərən “Ekologiya” tələbə elmi dərnəyinin təşkilatçılığı ilə Beynəlxalq Yer Kürəsi Gününə həsr olunan “Yer kürəsi ümumi evimizdir” mövzusunda nəzəri-praktiki seminar keçirilib.

 

Universitetdən bildirilib ki, MDU-nun prorektor əvəzi Veysəl Əyyubov ətraf mühitin və ekoloji tarazlığın qorunması sahəsində qlobal təşəbbüslərdə ölkəmizin fəal iştirakından, dayanıqlı inkişafın təmin edilməsi istiqamətində reallaşdırılan məqsədyönlü dövlət tədbirlərindən danışıb.

 

Tələbə Elmi Cəmiyyətinin sədri Günəş Şəfaqətov isə yeni yaradılmış “Ekologiya” tələbə elmi dərnəyinin fəaliyyət istiqamətlərindən, gələcək layihələrindən və tələbə gənclərin ekoloji təfəkkürünün inkişafındakı rolundan bəhs edib.

 

Sonra mövzuya dair məruzələr dinlənilib.

 

MDU-nun tələbələrindən Günay Nəsibova “22 aprel - Ümumdünya Yer Günüdür”, Səma Mustafayeva “Atmosferin tənəffüs sistemində rolu”, magistrantlardan Sabir Əliyev “Tanınmış fotoqraflar Afrikaya niyə gedir?”, Zəhra Yəhyayeva “Hidrosiyasət: su uğrunda mübarizə”, Bakı şəhəri 319 nömrəli orta məktəbin şagirdi Aysu Əlizadə  “Canlı sinoptiklər”, Mingəçevir şəhəri 16 nömrəli orta məktəbin şagirdi Nuray Məmmədli “Görkəmli şəxsiyyətlərin təbiət haqqında fikirləri” mövzusularında  məruzələrlə çıxış ediblər.

 

Qeyd edək ki, dünyada hər il 22 aprel Beynəlxalq Yer Kürəsi Günü kimi qeyd olunur. Ölkəmizdə yüksək keyfiyyətli ekoloji mühitin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərə töhfə vermək məqsədilə MDU-da ekoloji təhsilin inkişaf etdirilməsinə və gənclər arasında ekoloji maarifləndirmə işlərinin həyata keçirilməsinə xüsusi əhəmiyyət verilir.

 



23.04.2021 | 15:39