Məktəbdə nə dəyişməlidir?

Ötən həftə növbəti dərs ili yekunlaşdı. Məktəblərdə son zəng çalındı. İlin sonuncu zəngindən dərhal sonra təhsil naziri Ceyhun Bayramov məktəb həyatı dövründə böyük nailiyyətləri ilə seçilən, təhsildə müvəffəqiyyətləri ilə fərqlənən, respublika və beynəlxalq fənn olimpiadalarının, müsabiqə və intellektual oyunların qalibi olan 20 məzunla görüşdü.

 

Artıq ənənə xarakteri alan görüş bu dəfə Bakı şəhər 20 nömrəli məktəb-liseydə gerçəkləşdi. Təhsil naziri Ceyhun Bayramov “dəyirmi masa” ətrafında ən müxtəlif məsələlər barədə məzunlarla fikir mübadiləsi apardı.

 

Sözə ilk başlayan təhsil naziri olsa da, tezliklə məzunlar “üstünlüyü” ələ aldılar. Necə deyərlər, görüş boyu susmaq bilmədilər. Gah nazirin, gah da bir-birinin fikrinə qüvvət verərək ən müxtəlif məsələlərdən, xüsusən də məktəbdə qarşılaşdıqları problemlərdən söhbət saldılar.

 

Onlar Azərbaycan universitetlərini seçiblər

 

Aralarında yalnız 93 nömrəli məktəbin məzunu İlkin Bayramlı Harvard Universitetində bakalavriat səviyyəsində təhsil almaq şansı qazanıb. Azərbaycan məktəblərinin məzunu olan digər gənclər bundan sonra təhsillərini ölkə universitetlərində davam etdirəcəklər. Ancaq hamısının xəyalında ölkə hüdudlarını aşmaq, təhsillərini başqa ölkələrdə davam etdirmək kimi planlar var.

 

Təhsil naziri onlardan böyük gözləntilər olduğunu, ölkə daxilində və ya xaricdə təhsil almalarından asılı olmayaraq, öz ölkəsinin həyatında fəal vətəndaş mövqeyi nümayiş etdirmələrini arzuladı: “Harada və hansı istiqamətdə, hansı sahəylə məşğul olmağınıza baxmayaraq, müəllimlik peşəsini də yaddan çıxartmamalısınız.

 

İstənilən sahədə özünüzdən sonra gələn nəslin tərbiyəsində, təşkilatlanmasında, öyrənməsində öz köməyinizi əsirgəməməlisiniz. İşlədiyiniz sahədə müəllimliklə məşğul olmağınız bizim üçün çox dəyərlidir və bunu hər zaman təbliğ edirik. İstəyimiz, məqsədimiz, marağımız odur ki, ən istedadlı, intellektual gənclərimiz gənc nəslin formalaşmasında iştirak etsinlər. Bunu xaricdə təhsil üzrə Dövlət Proqramının məzunları ilə görüşlərdə də hər zaman qeyd edirik. Bizi sevindirən odur ki, xaricdə təhsil üzrə Dövlət Proqramında iştirak edən yüzlərlə gəncimiz ali təhsil müəssisələrimizdə müəllimliklə məşğul olur. Halbuki əksəriyyətinin dövlət və ya özəl şirkətlərdə başqa iş yerləri də var. Ancaq vaxtlarının bir hissəsini akademik fəaliyyətə ayırırlar. Hesab edirəm ki, insanın özünü  formada saxlaması baxımından bu vacibdir. Başqa bir tərəfdən, insanın öz bilik və bacarıqlarını başqaları ilə bölüşməsinin rəmzi mənası var. Ölkə və cəmiyyət üçün faydalı olmaq hər zaman xoş hisslər yaradır”.

 

Dərsdənkənar

 

Nazir oğlanların futbol üzrə dünya çempionatına baxıb-baxmayacağı ilə də maraqlanıb. Cavablar çox sönük səslənib. Deyəsən, gəncləri çempionat heç maraqlandırmır. Bəs onları nə maraqlandırır?

 

Maraq dairələri idmandan çox uzaqdır. İdman onların həyatında yer tuta bilməyib. Bəziləri 14-15 yaşınadək idmanla məşğul olsa da, tez uzaqlaşıb. Ancaq başqalarının uzaqlaşmalarını istəmirlər. Bunun üçün də məktəbdə dəyişikliyə ehtiyac olduğu qənaətindədirlər. Təklifləri də var. Xarici ölkələrin təcrübəsindən sitat gətirən məzunlar nazirə deyiblər ki, ali təhsil pilləsinə qəbulda nəinki peşəkar, hətta həvəskar səviyyədə olan məşğuliyyətlər üçün əlavə bal verilə bilər. Tutaq ki, idmanla məşğul olan məzunlar ali məktəbə daxil olarkən əldə etdikləri nailiyyətlər nəzərə alınar və buna görə onlara əlavə 1 bal verilər. Azərbaycan məktəblərində də belə bir islahata zərurət olduğunu vurğulayan məzunların fikrincə, bilikyönümlülüyə diqqət edildiyindən məktəblərimizdə idman və başqa sahələr nəzərdən qaçır. Məzunlar bəzi məktəblərdə hətta fiziki tərbiyə dərslərinin keçirilmədiyini də qeyd ediblər. Onların fikrincə, fənlərə göstərilən diqqət qədər fiziki tərbiyə dərsinə fikir verilmir. Halbuki məktəb digər istiqamətlərdə də uşaqların istedadını üzə çıxarmalıdır: “Amerikada şagirdlər məktəbdə dərsdən başqa, balıq tutmaqdan musiqiyə qədər hər şeylə məşğul ola bilirlər. Bizim məktəblərdə də belə olmasını istərdik”.

 

Texniki-Humanitar Liseyin məzunu, ali təhsil müəssisələrinə qəbul imtahanlarında 700 bal toplayan Zeynəb Quluzadə 10 ildir musiqi təhsili aldığını, fortepiano və vokal bölməsində uğurları olduğunu qeyd edib. Musiqi sahəsində əldə etdiyi nailiyyətləri ali məktəbdə də davam etdirəcəyini deyib. Onun sözlərinə görə, istedadı olan yüzlərlə gəncin bu cür maraqları məktəbdə diqqət göstərilmədiyindən məhv olur.

 

Qanuna dəyişikliklər

 

Məzunların söz saldığı əsas məsələ “Təhsil haqqında” qanuna edilən dəyişikliklər olub. Təhsil Nazirliyinin tabeliyindəki fizika, riyaziyyat və informatika təmayüllü liseyin məzunu Mehdi Ağacanov Respublika Fənn Olimpiadaları qaliblərinin ali məktəblərə müsabiqədənkənar qəbulu ilə bağlı “Təhsil haqqında” qanuna ediləcək dəyişikliyin rezonans yaradacağını, olimpiada iştirakçılarının sayının sürətlə artacağını deyib.

 

Təmayülləşmə

 

Başa çatan bu dərs ilindən miqyası genişlənən təmayülləşmə də müzakirə olunub. Təhsil naziri təmayülləşmə prosesinin şagirdlərin təhsilinə təsiri ilə maraqlanıb. Məzunlarla aparılan fikir mübadiləsində təmayülləşmənin uğurlu tərəfləri qeyd edilib. Əksəriyyət təmayüllü deyil, adi siniflərdə oxusa da, məzunlar təmayülləşmənin şagirdlərin seçdiyi ixtisas üzrə hazırlığında rolu olacağını vurğulayıblar.

 

Məktəbdə dəyişmək istədikləri

 

Məzunlarla söhbətində onların məktəbdə hansı dəyişiklikləri görmək istədikləri ilə maraqlanan nazir maraqlı cavablar alıb. Məsələn, məzunlar şagirdlərdə təhlil və tədqiqatyönümlülüyün inkişafının zəruri olduğunu vurğulayıblar.

 

“Sadəcə kitabları oxuyuruq, əzbərləyirik. Ancaq oxuduqlarımızı sınaqdan çıxarmaq imkanımız olmur”, - deyən məzunlar problemlərindən danışıblar. Onlar öyrəndiklərini təcrübədən də keçirmək istəyirlər. Bu halda öyrəndikləri həyatı boyu yaddaşlarında qalardı.

 

Qaçqın və məcburi köçkünlərin yerləşdirildiyi orta məktəblərdə şəraitin çətinliyindən, avadanlıqlarla bağlı problemlər olduğundan danışan məzunlar məktəblərdə maddi-texniki bazanın yaxşılaşdırılmasının əhəmiyyətini qeyd ediblər.

 

93 nömrəli tam orta məktəbin məzunu İlkin Bayramlı isə bu fikirdədir ki, şagirdlərin mövzuları tam mənimsəməsinə təkan verən əyani vəsait tələb etməyən tətbiq növləri də var: “Riyaziyyat və tarixi çox sevirəm. Düşünürəm ki, heç bir əyani vəsait tələb etməyən tətbiq növləri də var. Məsələn, tarix fənnindən qalanın şəklini verib, onun tikildiyi ərazi və dövr haqqında məlumat soruşulur. Dərsdə ərəblərin tikdiyi qalanın romalıların tikdiyi qaladan fərqi izah edildiyindən şagird şəkildə gördüyü qala haqqında da, onun tikildiyi ərazi və dövr haqqında da fikir yürüdə bilir. Bununla da abidəyə baxmaqla həmin dövr haqqında tədqiqi analiz yürütmək mümkün olur. Riyaziyyatdan məktəbdə hər hansı funksiyanın qrafikini qurmuruq. Halbuki mən riyaziyyatı qrafiklərdə hiss edirəm”.

 

Məzunlar bu məsələdə fikir birliyi nümayiş etdirərək, dərslərdə şagirdlərin təhlil qabiliyyətinin gücləndirilməsinə xidmət edən dəyişikliklərin zəruri olduğunu bildiriblər: “Olimpiadada qoyulan suallarda şagirddən təhlil etmək tələb edilir. Məktəbdə bu bacarıq inkişaf etdirilməlidir ki, olimpiadalarda çətinlik yaratmasın”.

 

“Uşaqları çətin şəraitə salmaq lazımdır ki, ordan çıxmağı öyrənsinlər”

 

Bunu da məzunlar təklif ediblər. Onların fikrincə, Azərbaycanda valideynlər uşaqlarının repetitorla hazırlaşmasına can atır, onların hər çətinliyini həll etməyə çalışırlar. Halbuki uşaqları çətin vəziyyətə salsalar, özləri çıxmağı öyrənəcəklər. İ.Bayramlı bu fikri təsdiq edən nümunə olaraq özünü misal çəkib: “Uşaqlar tədqiqat aparıb mövzunu araşdırmağı öyrənməlidirlər. Mən bunu beynəlxalq bilik yarışlarına hazırlaşarkən öyrəndim. Bunu bir vərdişə çevirdim və daha da inkişaf etdirdim. Bu, mənə Harvarda qəbul olarkən kömək etdi”. 

 

Uğur hekayələrinin təbliği önəmlidir

 

Nəhayət, məzunlar kütləvi informasiya vasitələrinə də ismarıc yollayıblar. Onların fikrincə, şagirdlər yüksək bal toplayaraq ali məktəblərə qəbul olunanların uğur hekayələri ilə maraqlanırlar. Odur ki, təhsil və karyerada müəyyən pilləyə yüksələn belə şəxslər barədə məlumatlar oxumağın onlara stimul verəcəyini düşünürlər. Bu, onlara ixtisas seçimində də kömək edə bilər. Xüsusən, fərqlənən, yüksək bal toplayaraq ali məktəblərə daxil olan tələbələrlə şagirdlərin görüşünün keçirilməsi məktəblilərin həyatında, ixtisas seçimində mühüm istiqamətverici addım ola bilər.

 

Görüşün formatı dəyişə bilər

 

Beləliklə, təhsil naziri Ceyhun Bayramovun 20 məzunla keçən görüşü 2 saata yaxın çəkib. Belə görüşlərin artıq ənənəyə çevrildiyini vurğulayan təhsil naziri gələcəkdə bu formatın genişləndirilə biləcəyini də vurğulayıb.

 

Ruhiyyə DAŞSALAHLI



22.06.2018 | 10:43