“Virtual məktəb”də təcrübə tələbələr üçün əlavə imkandır | |
Azərbaycan ali təhsil müəssisələrinin pedaqoji fakültələrində təhsil alan tələbələri “Virtual məktəb”də təcrübə keçirlər. İlk dəfə Bakı Musiqi Akademiyasının tələbələri ilə martın 16-da start verilən bu təcrübəni hazırda Bakı Dövlət Universitetinin tələbələri davam etdirir. Təcrübə proqramı çərçivəsində tələbələr dərslərə qoşulurlar: əvvəlcə dinləyir, sonra dərs keçirlər. Tədris prosesində təhlükəsizliyin təmin edilməsi baxımından kənar şəxslərin dərslərə daxil olması mümkün deyil. Bunu nəzərə alaraq, təcrübə proqramında iştirak edən tələbələr siyahıya alınıb və yalnız təcrübə proqramı müddətində aktiv olacaq hesablarla dərslərə qoşulurlar.
İlk dəfə olaraq onlayn formada təşkil olunan təcrübə proqramında tələbələr təhsil aldıqları ixtisas üzrə qazandıqları nəzəri bilik, bacarıq və vərdişləri tətbiq etməklə yanaşı, müasir təlim texnologiyaları ilə iş bacarıqlarını da sınaqdan keçirirlər. Nəticədə gələcəyin müəllimləri müasir təhsil prosesində müəllimin qarşısında duran yeni vəzifələr barədə yaxından tanış olmaq imkanı əldə edirlər.
Musiqi dərsindən onlayn təcrübə
Bakı Musiqi Akademiyasında Musiqi müəllimliyi ixtisası üzrə təhsil alan III-IV kurs tələbələrinin “Virtual məktəb”də təcrübəsi 16 mart-20 aprel tarixlərini əhatə edib. Akademiyanın 31 tələbəsi musiqi dərslərinə qoşulub. Həm aktiv, həm də passiv praktika dövründə tələbələr müəllimliyə ilk addım atıblar.
İncəsənət Gimnaziyasında virtual platformada musiqi müəllimi Məlahət Məhərrəmovanın dərsini dinləyib, sonra özü də dərs deməyə cəhd edənlərdən biri Bakı Musiqi Akademiyasının IV kurs tələbəsi Aytac Məliklidir. O, virtual platformada müəllimliyin düşündüklərindən daha asan, daha uğurlu olduğu qənaətindədir “Uşaqlarla işləmək çətin olar, deyə düşünürdük. Ancaq belə olmadı. Əvvəlcə dərslərə baxdıq, sonra da göstərdik. Bizdən tələb olunanı etməyə çalışdıq. Sadəcə onlayn dərslər 30 dəqiqə olduğundan, bu vaxta alışmağımız çətin oldu. Dərsi çətinliklə çatdırırdıq, müddət bizə azlıq edirdi. Buna baxmayaraq, çox çalışır, əlimizdən gələni edirdik. Çox öyrənir, yeniliklər etməyə çalışırdıq. Axı biz yeni nəsilik”.
Aytac Məliklinin fikrincə, ənənəvi dərs daha asan olacaq: “Onlayn dərslər bir çox baxımdan daha çətindir. Evdə olan hər kəs onlayn dərslərdə iştirak edir. Bu da psixoloji cəhətdən bizi gərginləşdirir. Ənənəvi dərsdə bu cür çətinlik olmayacaq”.
Onlayn dərslərdə də müəllimliyi öyrənmək olar
Təcrübəçi gənc müəllimlərdən ev sahibi razı qalıbmı? Ev sahibi statusunda olan təhsil müəssisələrindən biri - İncəsənət Gimnaziyasında Vokal şöbəsinin müdiri Validə Cəlilova “Azərbaycan müəllimi”nə bildirib ki, Bakı Musiqi Akademiyasının 31 tələbəsi burada həm aktiv, həm də passiv praktika keçib: “İncəsənət Gimnaziyasında təcrübə imkanı ilk təcrübə deyil. İndiyə qədər təhsil müəssisələrindən tələbələr qarşılamışıq. Ancaq budəfəki əvvəlkilərdən fərqlənirdi. Mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar artıq dərslərimizi onlayn formada davam etdiririk. Bu dəfə “Teams” platformasında tələbələr onlara verilən kodlarla dərslərə qoşuldular. Müəllimimiz Məlahət Məhərrəmovanın rəhbərliyi altında musiqi dərsini həm dinlədilər, həm də özləri dərs keçdilər. Tələbələr hazırlıqlı, yüksək səviyyəli idi. Hər biri onlayn dərs keçmək üçün həm texniki şərtləri ödədi, həm də müəllim olaraq vəzifələrini layiqli şəkildə yerinə yetirdi. 30 dəqiqə ərzində lazım olan materialı şagirdlərə çatdırmağa çalışdılar”.
Validə Cəlilovanın fikrincə, onlayn dərslər nə tədris materialının verilmiş zaman dərsində şagirdlərə çatdırılmasında, nə də təcrübə keçən tələbələrin gələcək peşəsinin incəliklərini öyrənməsində hər hansı maneçilik törətmir: “Təbii ki, ənənəvi dərslərin şagirdlərə toxunmaq, onlarla yaxın təmas qurmaq kimi bir çox üstünlükləri var. Ancaq onlayn dərslərdə də müəllimliklə bağlı təsəvvür yaratmaq, bu peşənin incəliklərini öyrətmək mümkündür”.
BDU-nun tələbələri də “Virtual məktəb”də
Musiqi Akademiyasından sonra Bakı Dövlət Universiteti (BDU) də pedaqoji fakültələrdə təhsil alan tələbələrini virtual platformada təcrübəyə göndərib. BDU-nun 146 tələbəsi “Virtual məktəb”də təcrübədədir. Riyaziyyat, kimya, Azərbaycan dili və ədəbiyyat, coğrafiya, biologiya, tarix, fizika müəllimliyi ixtisasları üzrə təhsil alan tələbələr hazırda passiv təcrübə keçir. 2 həftədir başlayan təcrübə tədris ilinin sonunadək davam edəcək.
“Onlayn dərslərin faydalarını hiss edirik”
Universitetin SABAH qruplarının Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası üzrə IV kurs tələbəsi Aytac Maqsudova akademik Zərifə Əliyeva adına liseydə təcrübə keçir: “IX-XI siniflərdə Azərbaycan dili və Ədəbiyyat fənnindən dərslərə qoşuluruq. Hazırda passiv təcrübə keçirik. Sadəcə dərslərə qoşularaq dinləyirik. Liseydə Azərbaycan dili və ədəbiyyat fənni üzrə 4 müəllimin dərsinə sərbəst qoşulmaq imkanı yaradılıb”.
Tələbə bu imkandan da, onlayn dərslərdən də razıdır: “Müəllimliyi öyrənmək üçün təcrübəyə ehtiyacımız var. Onlayn dərslərlə də bu təcrübəni qazana bilərik. Həm öyrənib-öyrətmək, həm vaxta qənaət etmək, həm də texniki cəhətdən daha geniş imkanlar yaratmaq baxımından onlayn dərslərin faydalarını hiss edirik”.
“Yeni nəslin texniki tələbləri ödəyə bilməsi bu təcrübənin qazandırdığı əlavə üstünlükdür”
SABAH qruplarında müəllim, filologiya üzrə fəlsəfə doktoru Nahidə Həsənovanın hazırda təcrübə keçən 9 tələbəsi var. O, tələbələrinin “Teams” platformasında dərslərə qoşulmaq imkanını yüksək qiymətləndirib: “Azərbaycan dili və ədəbiyyatı üzrə tələbələrimizlə ötən il ənənəvi dərslərdə təcrübə keçdik. Təcrübəmiz fevral ayında başlamışdı. Cəmi 2 həftə də olsa, artıq tələbələrimizin ənənəvi dərslə bağlı təəssüratları var.Şagird-müəllim münasibətlərinə şagird gözü ilə də olsa şahid olublar. Odur ki, onların ənənəvi dərsdə hər hansı fərqli situasiyaya, çətin vəziyyətə düşəcəklərini düşünmürəm”.
N.Həsənovanın fikrincə, onlayn dərslər ənənəvi dərsləri əvəz edə bilməz: “Onlayn dərslər ənənəvi dərslərdən daha çətindir. Müəllim frontal sorğu apara bilmir, şagirdlərin hamısını dərsə cəlb etmək olmur, sualları konkretləşdirməyə məcbur olur. Bu çətinlikləri nəzərə alsaq, ənənəvi dərslər onlayn dərslərdən daha maraqlı, daha canlı, daha asandır. Ona görə də onlayn dərsdə təcrübə keçən pedaqoji kadrlar üçün ənənəvi dərs çətin olmayacaq”.
BDU müəllimi bu qənaətdədir ki, müasir təlim texnologiyaları ilə işləməli olan müəllim üçün bu təcrübə çox böyük fürsətdir: “Tələbələrimizin onlayn dərsdə müasir təlim texnologiyalarından istifadə etməsi onu gələcəkdə qarşısına çıxacaq hər vəziyyətə hazırlayır. Yeni nəslin texniki tələbləri ödəyə bilməsi bu təcrübənin qazandırdığı əlavə üstünlükdür”.
N.Həsənova tələbələrin ənənəvi dərsi də, onlayn dərsi də uğurla keçəcəklərinə inanır: “Tələbələr müəllimə lazım olan keyfiyyətləri, tələbləri öyrəniblər. Müəllimlikdə uğuru isə təcrübə ilə qazanacaqlar”.
“Virtual məktəb”də təcrübə tələbələr üçün əlavə imkandır
Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin baş məsləhətçisi Səbinə Hacızadə bildirib ki, martın 16-dan etibarən ölkədə ilk dəfə olaraq pedaqoji ixtisaslarda təhsil alan tələbələrə “Virtual məktəb”də onlayn təcrübə keçmək imkanı yaradılıb. İlkin olaraq, Bakı Musiqi Akademiyasında təhsil alan III-IV kurs tələbələri təcrübə proqramına qoşulub. Daha sonra, Bakı Dövlət Universitetinin müraciətinə əsasən SABAH qruplarının tələbələri bu proqramda iştirak etməyə başlayıblar. S.Hacızadə deyib ki, virtual platformada təcrübə tələbələr üçün yaradılan əlavə imkandır və bu imkandan yararlanaraq tələbələr müasir təlim texnologiyalarından istifadə bacarığını inkişaf etdirə biləcəklər: “Onlayn təcrübədə məqsəd pandemiya dövrü ilə əlaqədar əyani olaraq təcrübə keçə bilməyən tələbələr üçün şəraitin yaradılmasıdır. Bununla yanaşı, təcrübə proqramında tələbələr təhsil aldıqları ixtisas üzrə qazandıqları nəzəri bilik, bacarıq və vərdişləri tətbiq etməklə yanaşı, müasir təlim texnologiyaları ilə iş bacarıqlarını da sınaqdan keçirmiş olurlar. Nəticədə gələcəyin müəllimləri müasir təhsil prosesində istifadə olunan interaktiv alətlər, yeni tədris metodları və yanaşmaları ilə yaxından tanış olmaq imkanı əldə edirlər”.
S.Hacızadə onu da vurğulayıb ki, universitetlərdən daxil olan müraciətlərə əsasən, bütün pedaqoji ixtisaslar üzrə təhsil alan tələbələr üçün “Virtual Məktəb”də təcrübə keçmək imkanı yaradıla bilər: “Hazırda digər ali təhsil müəssisələrində pedaqoji təhsil alan tələbələrin də “Virtual məktəb”də təcrübə keçmələrinə şərait yaratmaq üçün işlər görülür. Təcrübə proqramı ilə maraqlanan ali təhsil müəssisələri teams@tsii.edu.az elektron poçt ünvanına müraciət edə bilərlər”.
Ruhiyyə DAŞSALAHLI
|
|
23.04.2021 | 13:01 | |
|
|
|