“Postpandemiya dönəmində ali təhsil və tədqiqat” mövzusunda vebinar

Təhsil Nazirliyi, Bakı Ali Neft Məktəbi (BANM) və Qara Dəniz Universitetləri Şəbəkəsinin birgə təşkilatçılığı ilə “Postpandemiya dönəmində ali təhsil və tədqiqat” mövzusunda vebinar keçirilib. 

 

Təhsil naziri Emin Əmrullayev çıxışında qeyd edib ki, hazırda bütün dünyada ciddi bir qeyri-müəyyənlik hökm sürsə də, təhsil davam etdirilməlidir. Təhsil nazirinin sözlərinə görə, bu dövrdə insan kapitalının inkişafını dayandırmaq mümkün deyil. Pandemiyanın yeni imkanlar açdığını diqqətə çatdıran Emin Əmrullayev Təhsil Nazirliyi tərəfindən pandemiya dövründə 1 milyondan çox şagirdin, 100 mindən çox müəllimin vahid elektron platformada iştirakının təmin olunması barədə məlumat verib. 

 

Nazir bildirib ki, bu dövrdə təhsilin fundamental məqsəd və vəzifələrinin dəyişməməsi ən vacib məsələlərdəndir. Təhsilin əlçatan olması, bərabər imkanlar təqdim etməsi, şəraitdən asılı olmayaraq, Təhsil Nazirliyinin qarşısında duran əsas vəzifələrdəndir. Bacardıqca keyfiyyətli təhsil təmin edilməlidir. Postpandemiya dövründə distant təhsilə keçidlə bağlı sualın da çoxlarını düşündürdüyünü bildirən təhsil naziri qeyd edib ki, distant təhsil olduqca vacib fenomendir, amma hər kəsi daha çox təhsilin məzmununun hansı istiqamətdə dəyişəcəyi sualı düşündürməlidir. Çünki pandemiya şəraiti əvvəllər zəruri hesab edilən bacarıqlar toplusunun da yenilənməsinin vacibliyini göstərdi. 

 

Ölkənin ali təhsil sisteminin kifayət qədər tənzimlənən sahə olduğunu vurğulan təhsil naziri əlavə edib ki, tələbə nailiyyətlərinin qiymətləndirilməsi baxımından ciddi çağırışlar mövcuddur və qiymətləndirilmə prosesinə yeni kontekstdə baxış imkanları olacaq. Nazir tələbələrin sosial-psixoloji rifah məsələsinin də vacib olduğunu və tamamilə yeni sosial-ünsiyyət, sosial-əməkdaşlıq mühitinə qədəm qoyulduğunu qeyd edib.

 

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov da öz növbəsində bildirib ki, müəllimlərin, təhsil menecerlərinin fədakar əməyi nəticəsində ümumilikdə bu dönəmi təhsil üçün uğurlu adlandırmaq olar, çünki təhsilin fasiləsizliyi təmin olundu. Elmar Qasımov postpandemiya dönəmində təhsilverənlər və təhsilalanlarla yanaşı, işəgötürənlərin də müasir texnoloji vərdişlərinin təkmilləşdirilməsinin zəruriliyini vurğulayıb.

 

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov bildirib ki, distant təhsilin tətbiqi təmin edilməlidir. Yeni texnologiyaların bütün sahələrdə olduğu kimi təhsildə də tətbiqi qaçılmazdır.

 

Vebinarda çıxış edən Qara Dəniz Universitetlər Şəbəkəsinin Baş katibi Eden Mamut pandemiya dövründə təhsilin fasiləsizliyinin və davamlılığının təmin edilməsi üçün mümkün imkanlardan istifadə olunmasının, bütün maddi və mənəvi resursların səfərbər edilməsinin vacibliyini vurğulayıb.

 

Panel məruzəçiləri qismində UNICA-nın prezidenti, professor Luciano Saso, Qara Dəniz Universitetlər Şəbəkəsinin prezidenti, professor Perikles A.Mitkas, Rumıniyanın Ploiesti Neft-Qaz Universitetinin professoru Florinel Dinu, Varna Tibb Universitetinin professoru Todorka Kostadinova təqdimatla çıxış ediblər. Çıxışçılar ənənəvi tədrisin hazırda mümkünsüzlüyünün bütövlükdə təhsil ictimaiyyətinə psixoloji cəhətdən təsir göstərdiyinə, təhsil sferasında müəyyən problemlər yaratmasına toxunub, eyni zamanda, distant təhsilin yaratdığı imkanlardan danışıblar. Həmçinin distant təhsildən istifadə, onun qaydaları və səmərəliliyinin artırılması istiqamətində görüləcək işlər müzakirə edilib.

 

Qeyd edək ki, vebinara Türkiyə, Rumıniya, Bolqarıstan, Yunanıstan, Ukrayna, Gürcüstan və Albaniyadan müxtəlif universitetlərin professor-müəllim heyəti ilə yanaşı 300-dək iştirakçı qatılıb.

 

 



21.04.2021 | 11:00