Azərbaycanın 6 universiteti dünya reytinqində

Böyük Britaniyanın "The Times Higher Education" nəşri  dünyanın nüfuzlu universitetlərinin növbəti reytinq cədvəlini  (Impact Rankings -2021) tərtib edib.  

 

“Impact Rankings” Birləşmiş MillətlərTəşkilatının “Davamlı İnkişaf Məqsədləri”nə uyğun olaraq universitetlərin qiymətləndirildiyi yeganə qlobal effektivlik cədvəlidir.  Reytinq  universitetlərin 4 geniş sahədə - tədqiqat, informasiya-təbliğat,  idarəetmə,  təlim üzrə  hərtərəfli və balanslı müqayisəsini təmin etmək üçün  diqqətlə seçilmiş kriteriyalar əsasında tərtib olunur.
THE-nin sayca 3-cü “Impact Rankings”  nəşrinə dünyanın 94 ölkəsindən (region)  1115  universitet daxildir.  İlk dəfə olaraq ümumi reytinqə Böyük Britaniyanın  Mançester Universiteti başçılıq edir.  Avstraliyanın üç ali təhsil müəssisəsi - Sidney,  RMIT  və La Trobe universitetləri ilk dördlükdə təmsil olunurlar.

 

İqtisadiyyatı inkişaf etməkdə olan ölkələrin aparıcı təhsil müəssisələrinin siyahısına  Taylandın Çulalonqkornu Universiteti (23-cü yer)  liderlik edir. 

 

Rusiya 75 ali təhsil müəssisəsi ilə cədvəldə ən çox təmsil olunan ölkədir.  Daha sonra 73 universitetlə Yaponiya digər ölkələrdən irəlidədir.

 

Dünya reytinqinə Azərbaycanın isə 6 ali təhsil müəssisəsi daxildir.    Xəzər Universiteti 401-600,   Qərbi Kaspi Universiteti 601-800, Azərbaycan Memarlıq və İnşaat Universiteti  801-1000,  Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 801-1000,  Bakı Mühəndislik Universiteti  801-1000, Bakı Dövlət Universiteti 1001+ aralığında yer alıblar.

 

Qeyd edək ki, reytinq Birləşmiş Millətlər Təşkilatının 2030-cu ilə qədərki dövr üçün formalaşdırdığı Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi prosesinə ali məktəblərin təsirinin qiymətləndirilməsinə həsr olunub. Reytinqdə universitetlərin BMT-nin 17 məqsədinin həyata keçirilməsinə verdiyi töhfə dəyərləndirilir.
 

Daha ətraflı: www.timeshighereducation.com/impactrankings
 

Oruc MUSTAFAYEV

 



22.04.2021 | 10:11