“Ermənistan işğalından azad olunmuş ərazilərin çoxşaxəli iqtisadi potensialı” mövzusunda infosessiya

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Ermənistan işğalından azad olunmuş ərazilərin çoxşaxəli iqtisadi potensialı” mövzusunda infosessiya keçirilib.

 

ADNSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev işğaldan azad olunmuş ərazilərin ekoloji və iqtisadi inkişafının əsas aspektlərindən danışıb və bu sahənin hazırda prioritet məsələ olduğunu bildirib.

 

ADNSU-nun professoru, tarix elmləri doktoru Camal Mustafayev Azərbaycanın tarixi qələbəsinin əhəmiyyətindan  və qələbəni şərtləndirən amillərdən danışaraq, tarixi hadisələrə təkrar nəzər salıb. C.Mustafayev deyib ki,  müharibə bitsə də,   qarşıda böyük quruculuq işləri dayanır.   

 

Qarabağı XXI əsrin Xirosima və Naqasakisi adlandıran iqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent Zaur Əsədov işğaldan azad olunmuş ərazilərdə talan edilən təbii ehtiyatların və resursların iqtisadi qiymətləndirilməsinin aparıldığını bildirib. Bu ərazilərdə infrastrukturun yenidən qurulması üçün 2.2 milyarddan çox vəsaitin nəzərdə tutulduğunu diqqətə çatdıran Z.Əsədov ərazilərin bərpa olunması yönündə işlərin tam sürətlə aparıldığını deyib.

 

Daha sonra ADNSU-nun dosenti, iqtisadiyyat üzrə fəlsəfə doktoru İlham Rüstəmov, dosent Elbrus Əhmədov, texnika elmləri namizədi Zərifə Əfəndiyeva işğaldan azad olunmuş ərazilərin iqtisadi və energetik potensialı, həmçinin mümkün iqtisadi imkanlarından danışıblar. Bu ərazilərdə ağıllı kənd təsərrüfatının yaradılmasının əhəmiyyəti, sakinlərin geri qaytarılması, termal suların bərpası, ekoturizmin yaranması  və biznesin qurulması haqqında geniş fikir mübadiləsi aparılıb.

 

Görüşün sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 



21.04.2021 | 10:21