Təhsil İnstitutu: tarixilik və müasirlik müstəvisində | |
Dünya sivilizasiyası tarixində qədim elmi, mədəniyyəti ilə fərqlənən Azərbaycan həm də özünəməxsus təhsil ənənələri ilə digər ölkələrdən seçilir. Şərq, İslam ənənələri ilə zəngin olan və dünya təhsil mədəniyyətinin birincisi kimi formalaşan Azərbaycan təhsilinin klassik inteqrativ məzmunu, dəyərlərə söykənən tədris modelləri maraqlı öyrənmə mexanizmləri kimi bu günə qədər gəlib çatmışdır. Zaman bu tədris, təlim modellərini sınaqdan çıxarsa da, onun xüsusi tədqiqat obyektinə çevrilməsinə, bir sistem halında öyrənilməsinə, yeniləşdirilməsinə yalnız ötən əsrin əvvəllərindən başlanılmışdır.
XX əsrin 20-ci illərinin əvvəllərində Bakı Dövlət Universiteti, daha sonra Azərbaycan Dövlət Pedaqoji Universiteti yaradılmışdır. Bu dövrdə respublikamızda aparılan quruculuq işlərinin məntiqi davamı kimi məktəb və maarifin nəzəri və praktik məsələlərini, eləcə də inkişaf istiqamətlərini öyrənən pedaqoji elmlərin formalaşması ehtiyacı meydana çıxmışdır. Bu zərurətə uyğun olaraq Azərbaycan SSR Xalq Maarif Komissarlığının əmri əsasında 1931-ci il iyulun 1-dən Azərbaycan Xalq Maarif Komissarlığının Elmi-Tədqiqat Pedaqoji Kabineti və Bakı Xalq Maarif Şöbəsinin laboratoriyası əsasında indiki Azərbaycan Respublikasının Təhsil İnstitutunun bünövrəsi qoyulmuşdur.
İnstitutun tarixinə səyahət etmiş olsaq, 1931-1934-cü illəri onun təşəkkül dövrü adlandıra bilərik. Çünki bu dövrdə ÜİK(b)P MK-nın “İbtidai və orta məktəb haqqında” 1931-ci il tarixli, “İbtidai və orta məktəbdə tədris proqramları və rejim haqqında” 1932-ci il tarixli və “İbtidai və orta məktəblər üçün dərsliklər haqqında” 1933-cü il tarixli qərarları, ümumiyyətlə, məktəbin qurulmasını bir vəzifə olaraq qarşıya qoymaqla həmçinin orada müxtəlif aspektli pedaqoji, psixoloji araşdırmaların aparılmasını aktuallaşdırırdı. Eyni zamanda, bu işlərin təşkilinə və aparılmasına rəvac verə bilən qurumların yaradılmasını şərtləndirirdi. Elə bu səbəbdən də institutun açılması barədə qərar qəbul edilmişdir.İnstitut ilk dəfə 10 elmi işçi, 6 laborantla fəaliyyətə başlamış, pedaloji məsləhət şöbəsindən ibarət olmuşdur. Sonralar onun əsasında üç şöbə (pedalogiya, pedaqogika, uşaq kommunist hərəkatı) yaradılmışdır. Pedalogiya şöbəsinin tərkibində psixologiya, pedalogiya, kino və uşaqlar (kino və teatr), məktəbəqədər tərbiyə, pedaqogika şöbəsinin nəzdində isə politexnizm, tədris kitabı və proqram qrupu, proqram-metodika qrupu, maarifin tarixi qrupu fəaliyyət göstərmişdir. İnstitutun ilk direktoru Surxay Hacıyev olmuşdur.
1932-ci il 2 fevral tarixindən institutun aspiranturası yaradılmış və elmi-pedaqoji kadr hazırlığına başlanılmışdır. İnstitutun aspiranturasına ilk yeddi nəfər (Ə.Seyidov, M.Mehdizadə, M.Tahirli, Z.Axundova, Q.Hüseynov, M.Məcidov, A.Prunis) qəbul edilmişdir. Sonralar elmi-pedaqoji kadr hazırlığı institutda bir ənənəyə çevrilmişdir ki, bu gün mindən çox fəlsəfə və elmlər doktoru institutun yetirməsi kimi ölkəmizin müxtəlif təhsil müəssisələrində fəaliyyət göstərir.
1932-ci ildə institutun Naxçıvan filialı yaradılmış, bununla da pedaqoji araşdırmaların arealı genişləndirilmişdir. Artıq 1934-cü ildə regionlarda pedaqoji kabinetlər yaradılmağa başlamış və məktəbin metodik infrastrukturunun qurulmasını istiqamətləndirən belə bir qurumun formalaşdırılmasında institut yaxından iştirak etmişdir.
1934-cü ildə İnstitutun Elmi Əsərləri nəşrə başlamışdır. Bu, əslində, institutun həyatında mühüm hadisə idi. Pedaqoji araşdırmalar aparmaq, onun nəticələrini ümumiləşdirərək məktəbin, müəllimin diqqətinə çatdırmaq, həmçinin pedaqogika elminin müddəalarının zənginləşdirilməsində onlardan istifadə etmək, bütün bunlarla yanaşı, hökumətin məktəb haqqında qərarlarına istinad etmək, qabaqcıl müəllimlərin iş təcrübəsini öyrənib ümumiləşdirməklə yaymaq üçün bu Elmi Əsərlərdən istifadə olunurdu. Elmi Əsərlər Ali Attestasiya Komissiyasının tanıdığı nüfuzlu məcmuə kimi bu gün də nəşr olunmaqdadır.
1935-ci ildə institutun Elmi Şurasının yaradılması da mühüm hadisə idi. Çünki bu ali orqanın formalaşması ilə kollegial elmi idarəetmənin imkanları genişləndi və pedaqoji, psixoloji tədqiqatların keyfiyyətini yüksəltmək məqsədi ilə müzakirələrin keçirilməsi üçün şərait yarandı.
İnstitut 1933-34-cü illərdən etibarən öz tədqiqatçılıq fəaliyyətinə aşağıdakı məsələləri öyrənməklə başladı. Bu işdə həm yerli, həm də başqa ölkələrdən gəlmiş tədqiqatçı-pedaqoqlar fəal iştirak etdilər.
Göründüyü kimi, institutun fəaliyyətə başladığı ilk illərdə onun tədqiqat problematikası o dövrün tələblərinə uyğun olaraq həm politexnik, əmək təhsili məsələlərinə, həm də fənlərin tədrisi, onların psixoloji xüsusiyyətlərinin öyrənilməsinə yönəlmişdir. Hətta zamanın vacib məsələsi kimi savad təliminin də metodik xüsusiyyətlərini tədqiq etmək zəruri hesab edilmişdir.
Məlum olduğu kimi, pedaqoji problemlərin xüsusiyyətlərini araşdıran peşəkar təhsil tədqiqatçılarının kifayət qədər olmaması da o dövrdə institutun elmi təşkilində və fəaliyyətlərin qurulmasında çətinliklər yaradırdı. Ona görə də rus, yəhudi və digər millətlərdən olan alimlərin instituta dəvət olunmasına, həm pedaqoji, psixoloji tədqiqatların aparılmasında, həm də yüksək ixtisaslı elmi-pedaqoji kadrların hazırlanmasında onlara müraciət edilməsinə diqqət yetirilirdi.
İnstitutun adındakı dəyişikliklər
İnstitut 1931-ci il iyulun 1-də Azərbaycan Elmi-Tədqiqat Pedalogiya İnstitutu adı ilə fəaliyyətə başlamış və onun adında dəfələrlə dəyişikliklər edilmişdir.
1931-ci ildən Azərbaycan Elmi-Tədqiqat Pedalogiya İnstitutu, 1932-ci ildən Azərbaycan Pedalogiya və Pedaqogika İnstitutu, 1933-cü ildən Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutu, 1934-cü ildən Azərbaycan Pedalogiya və Pedaqogika İnstitutu, 1936-cı ildən V.İ.Lenin adına Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutu, 1938-ci ilin yanvarından Azərbaycan Elmi-Tədqiqat Pedaqogika İnstitutu, 1938-ci ilin iyunundan Azərbaycan SSR Maarif Nazirliyinin Azərbaycan Dövlət Elmi-Tədqiqat Məktəblər İnstitutu, 1946-cı ildən Azərbaycan Elmi-Tədqiqat Pedaqogika İnstitutu, 1951-ci ildən Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutu, 1977-ci ildən Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutu, 2000-ci ildən Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutu və nəhayət, 2016-cı ildən Azərbaycan Respublikasının Təhsil İnstitutu adlandırılmışdır. Lakin institutun adında edilən bu cüzi dəyişikliklər mahiyyət etibarı ilə onun tədqiqatçılıq funksiyasını dəyişməmişdir. İlk illər eksperimental pedaqogikanın nəticəsi kimi meydana çıxmış pedalogiya anlayışından istifadə olunmuş, 1936-cı ildən sonra bu elmə münasibətin dəyişməsi ilə bağlı ondan imtina edilmişdir.
Əslində institutun adında aparılan dəyişikliklər onun məzmun və struktur cəhətdən təkmilləşdirilməsi, daha optimal variantın axtarılması ilə bağlı olmuşdur ki, bu proses son dövrlərə qədər gəlib çatmışdır.
Sistemli pedaqoji, psixoloji tədqiqatların başlanması
Təhsil İnstitutunun yaranması əslində ölkəmizdə təhsilə, pedaqoji, psixoloji elmlərə yeni yanaşmanı ifadə edirdi. Artıq təhsil prosesinin daha səmərəli qurulması onun elmi-nəzəri əsaslarının tədqiq olunmasını, zaman-zaman özünü büruzə verən və aktuallıq kəsb edən məsələlərin planlaşdırılmasını, sistemli olaraq öyrənilməsini zəruri vəzifə kimi qarşıya qoyurdu. Bu isə, öz növbəsində, institusional bir yanaşma tələb edirdi ki, Təhsil İnstitutu da belə bir zərurətdən yaranmışdı. O, ilkin olaraq pedaqoji, psixoloji problemlərin sistemli şəkildə araşdırılması prosesini özündə ehtiva edirdi. Orada tədqiqatların istiqamətləri, problematikası, tematik çeşidlənməsi xüsusi tələblərə uyğun olaraq aparılır, tədqiqatçılıq təcrübəsində istifadə olunmaq üçün qruplaşdırılırdı. İllər keçməsinə baxmayaraq, bu yanaşma daha da təkmilləşməklə bu gün də davam etdirilir və instituta xas olan peşəkarlıq kimi dəyərləndirilir.
Müxtəlif zamanların ehtiyacları və Təhsil İnstitutu
Yarandığı gündən Təhsil İnstitutu özünün tədqiqatçılıq fəaliyyətini bir missiya olaraq yerinə yetirməyə başlamış, inkişaf tarixində təhsil tələbatlarına cavab verməyi bir kursa çevirmişdir. 30-cu illərdən sonra 40-50-ci illərdə vətənə məhəbbət, düşmənə nifrət ruhunda tərbiyə məsələləri ön plana çəkilmişdir. Təkcə humanitar deyil, təbiət, riyaziyyat fənlərinin də tərbiyə imkanları müharibədən sonrakı quruculuq illərində insanların əhvali-ruhiyyəsini yüksəltmək baxımından araşdırılmış, fənlərin məzmununa yeni materialların əlavə edilməsi istiqamətində tədbirlər həyata keçirilmişdir.
50-60-cı illərdə məktəbin həyatla əlaqələndirilməsi məsələsi gündəmə gəldiyindən institutun fəaliyyət istiqamətlərində bu cəhət nəzərə alınmışdır. Həmin illərdə kənd məktəblərində istehsalat təliminin təşkili, şagird briqadalarının, istehsalat sexlərinin, tədris emalatxanalarının yaradılması, ictimai-faydalı, məhsuldar əməyin təşkili, politexnik təlim, peşəyönümü üzrə məktəblərə praktik köməyin göstərilməsi sahəsində tədqiqatlar üstünlük təşkil etmişdir. 70-80-ci illərdə orta ümumtəhsil məktəbinin işini yaxşılaşdırmaq məqsədi ilə tədbirlərin həyata keçirilməsi, şagirdlərə elmlərin əsaslarına dair möhkəm biliklərin verilməsi, politexnik təlimin gücləndirilməsi, gənclərin peşə seçməyə hazırlanması, təhsilin məzmununun elmin, texnikanın və mədəniyyətin inkişaf tələblərinə uyğunlaşdırılması, yüksək keyfiyyətli stabil dərsliklərin hazırlanması sahəsində araşdırmalar aparılmışdır. Xüsusilə 70-ci illərdə elmi biliklər praktik əhəmiyyət nəzərə alınmadan dərsliklərə daxil edilmiş və bütün bunlar ümumtəhsil fənlərinin məzmununun ağırlaşması ilə nəticələnmişdir. Bununla əlaqədar olaraq institutda şagirdlərin yüklənməsinin qarşısının alınması, təlim yükünün azaldılması istiqamətində araşdırmalar aparılmışdır.
90-cı illər ölkəmizin tarixində bir sıra hadisələrlə əlamətdar olmuşdur. 1991-ci il oktyabr ayının 18-də ölkəmizdə ikinci dəfə dövlət müstəqilliyi əldə olunduqdan sonra yeni bir cəmiyyət yarandı. Müxtəlif sahələrdə olduğu kimi, təhsildə də islahatların aparılması zərurəti meydana çıxdı. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı müstəqil Azərbaycanın inkişafını sürətləndirdi. Bütün sahələrdə olduğu kimi, təhsildə də islahatlar həyata keçirildi. 1999-cu il 15 iyun tarixli, 168 nömrəli Fərmanla “Azərbaycan Respublikasının Təhsil sahəsində İslahat Proqramı” təsdiq edildi. Bu proqramla Azərbaycanda həyata keçiriləcək təhsil islahatlarının konkret addımları müəyyənləşdirildi. Həmin addımlar isə 2000-ci ildən sonrakı dövrü əhatə edirdi.
Azərbaycan Respublikasının Prezidenti 2000-ci il iyunun 13-də “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” 349 nömrəli Fərman imzaladı. Bu Fərmanla 1931-ci ildən fəaliyyət göstərən Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutu və Respublika Elmi-Metodik Mərkəzin bazasında yeni elmi təhsil müəssisəsi-Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutu yaradıldı. Əvvəllər üç (Elmi-tədqiqat, Analitik-informasiya, Təşkilati-metodik), sonralar isə dörd (Nəzəri tədqiqatlar mərkəzi, Kurikulum mərkəzi, Tətbiqi tədqiqatlar, monitorinq və qiymətləndirmə mərkəzi, Texniki peşə təhsili mərkəzi) bölmədən ibarət bir elmi institut kimi fəaliyyət göstərdi. Bu dövrdə institutun fəaliyyəti, demək olar ki, bütövlükdə təhsil islahatından irəli gələn vəzifələrin həyata keçirilməsinə yönəldildi. Bu fəaliyyətləri başlıca olaraq dörd istiqamətdə qruplaşdırmaq olar: təhsil tədqiqatlarının aparılması, yüksək ixtisaslı elmi-pedaqoji kadrların hazırlanması, müxtəlif aspektli təhsil fəaliyyətlərinin və əldə olunan nəticələrin ekspertizası, müəllim kadrlarının peşəkarlığının artırılması.
Bu istiqamətlərdə görülən işlər beynəlxalq məsləhətçilik fəaliyyətinin dəstəyi ilə həyata keçirilirdi. Azərbaycanda nəticəyönümlü təhsil sisteminin qurulması üzrə işlər aparılırdı. İslahat Proqramına uyğun olaraq təhsilin bütün pillə və səviyyələri üzrə həm normativ-hüquqi bazanın yaradılması (1999), həm öyrədici-innovasiya mərhələsinin təşkili (2000-2003), həm də yeni standart və kurikulumların hazırlanması (2003-cü və ondan sonrakı illər) üzrə tədbirlərin reallaşdırılması nəzərdə tutulurdu. İlk dəfə olaraq Azərbaycan Respublikasında dərslik konsepsiyası, Azərbaycan Respublikası ümumtəhsil məktəblərinin Dövlət Standartı (Milli Kurikulumu), I-IV siniflər və eləcə də V-XI siniflərin standart və kurikulumları, ümumtəhsil şagirdlərinin qiymətləndirilməsi konsepsiyası, eləcə də ayrı-ayrı fənlər üzrə şagird nailiyyətlərinin qiymətləndirilməsi sistemləri və s. yaradıldı. Həmçinin, pedaqoji texnologiyalara dair araşdırmalar aparılaraq onun nəticələri müəllimlər üçün vəsait kimi nəşr olundu.
Ümumtəhsil fənlərinin tədrisi, təlim prosesində İKT-dən istifadə, fənn kurikulumlarının tədrisi vəziyyətinin öyrənilməsi, təlim prosesinin idarə olunması, monitorinq və qiymətləndirmənin məzmunu və təşkili, istedadlı şagirdlərin aşkara çıxarılması və inkişaf etdirilməsi,12 illik təhsilin problemləri, ilkin peşə təhsilində modul tipli texnologiyalardan istifadə olunmaqla kurikulumların hazırlanması kimi məsələlər tədqiqata cəlb olundu. Eyni zamanda, orta ixtisas təhsilinin məzmununun təkmilləşdirilməsi, müasir maliyyə sisteminin yaradılması, idarəetmə və planlaşdırma bacarıqlarının gücləndirilməsi, marketinq sisteminin formalaşdırılması, ali təhsildə məzmun islahatlarının aparılması və kredit sisteminə keçilməsi, təhsilin keyfiyyətinin idarə edilməsi, həmçinin təhsilin yeni məzmunu, təşkili və s. problemlər tədqiqata cəlb olundu.
2013-cü ildə “Azərbaycan Respublikasında ümumi təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbul olunması ölkəmizdə həyata keçirilən təhsil islahatlarının davam etdirilməsi ilə bağlı yeni perspektivlər müəyyənləşdirdi. Səriştəəsaslı yeni təhsil məzmununun yaradılması, yüksək nüfuzlu təhsilverənlərin formalaşdırılması, təhsildə yeni idarəetmə sisteminin qurulması, müasir tələblərə cavab verən təhsil infrastrukturunun,yeni maliyyələşdirmə mexanizmlərinin yaradılması strateji istiqamətlər kimi konkretləşdirildi. İnstitut öz fəaliyyətini tamamilə bu istiqamətlərə uyğun olaraq planlaşdırdı. Bu gün də həmin yanaşma davam etməkdədir.
(Ardı var)
Ənvər ABBASOV, Təhsil İnstitutunun direktor müavini
|
|
16.04.2021 | 11:33 | |
|
|
|