UFAZ-da Yunanıstan səfiri ilə görüş

İyunun 21-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) Yunanıstanın ölkəmizdəki səfiri Nikolaos Kanellos ilə görüş keçirilib. Görüşdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, UFAZ-ın icraçı direktoru, dosent Vazeh Əsgərov, baş katib Şarlotta Payen, ADNSU və UFAZ nümayəndələri iştirak ediblər.  Səfir Nikolaos Kanellos UFAZ-ın binasını gəzərək buradakı tədris prosesi, dərs otaqları, laboratoriyalarla tanış olub.

 

Ziyarətə görə  səfirə minnətdarlığını bildirən rektor Mustafa Babanlı UFAZ layihəsi haqqında ətraflı məlumat verib. UFAZ-ın 2014-cü ildə Azərbaycan və Fransa prezidentlərinin təşəbbüsü ilə yaradıldığını qeyd edən rektor Mustafa Babanlı 2016-cı ilin sentyabr ayından etibarən universitetdə 4 texniki ixtisas üzrə tələbə qəbulunun həyata keçirildiyini vurğulayıb. UFAZ-da kimya mühəndisliyi, neft-qaz mühəndisliyi, geofizika mühəndisliyi və kompüter elmləri üzrə Fransa təhsil standartları səviyyəsində təhsil verildiyini deyən rektor M.Babanlı tələbələrin xaricə getmədən ADNSU ilə bərabər Strasburq Universitetinin də diplomunu ala biləcəklərini qonağın diqqətinə çatdırıb.

 

Azərbaycan-Fransız Universitetinə gəlişindən məmnun qaldığını deyən  səfir UFAZ-ın həqiqətən də möhtəşəm layihə olduğunu və böyük pespektivlər vəd etdiyini qeyd edib. Nikolaos Kanellos ADNSU və UFAZ ilə müxtəlif sahələrdə ediləcək birgə əməkdaşlıqdan məmnun olacağını vurğulayıb.



21.06.2018 | 15:21