AzMİU-nun adı növbəti dəfə beynəlxalq reytinq sistemində

Azərbaycan Memarlıq və İnşaat Universitetinin adı (AzMİU) dördüncü dəfə U-Multirank beynəlxalq reytinq sisteminə daxil edilib.

 

AzMİU-dan bildirilib ki, U-Multirank Avropa İttifaqı tərəfindən yaradılan ən böyük beynəlxalq reytinq sistemidir. Artıq 5-ci ildir ki, U-Multirank dünya universitetlərini müxtəlif parametrlər üzrə qiymətləndirir. Qiymətləndirilmə müxtəlif kateqoriyalar üzrə ekspertlər tərəfindən aparılır. Bu il Avropa ekspertləri tərəfindən qiymətləndirilən AzMİU 6 göstərici üzrə yüksək nəticə əldə edərək “B” kateqoriyasını alıb. Universitet ilk dəfə bu reytinqə 2015-ci ildə daxil olub.

 

AzMİU, eyni zamanda, 2010-cu ildən bu günə qədər hər il nəşr olunan Round University Ranking beynəlxalq reytinq sistemində ikinci dəfə yer alıb və texniki elmlər üzrə 582-ci yerdə qərarlaşıb. Azərbaycanın ali təhsil müəssisələri arasında AzMİU bu beynəlxalq reytinq sisteminə daxil olan yeganə universitetdir.

 

Yusif ƏLİYEV

 



21.06.2018 | 12:09