V və VII siniflərə qəbul üzrə müsabiqənin vaxtı açıqlanıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki lisey və məktəb-liseylərin V və VII siniflərinə qəbulla bağlı müsabiqənin vaxtı açıqlanıb.

 

Lisey və məktəb-liseylərin V və VII siniflərinə qəbul iyunun 22-də müsabiqə yolu ilə aparılacaq. Müsabiqədə şagirdlər ana dili, riyaziyyat və məntiqə aid test tapşırıqlarını yerinə yetirəcəklər.

 

Qeyd edək ki, Texniki-Humanitar Lisey, 2 nömrəli Texniki-Humanitar Lisey, 147 nömrəli Texniki-Humanitar Lisey və 291 nömrəli Ekologiya Liseyinin V sinfinə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsininmektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə həyata keçirilib.

 

Elektron sistem (mektebeqebul.edu.az)  vasitəsilə liseylərin V sinfinə qəbul üçün   1 315 sorğu yerləşdirilib. Onlardan 848-i Texniki-Humanitar Liseyə, 111-i 2 nömrəli Texniki-Humanitar Liseyə, 171-i 147 nömrəli Texniki-Humanitar Liseyə, 185-i isə 291 nömrəli Ekologiya Liseyinə qəbul üçün qeydiyyatdan keçib.

 

BŞTİ-nin tabeliyindəki 23 məktəb-lisey və liseyin VII sinfinə (20, 62, 70, 72, 83, 166, 213, 220, 246, 252, 261, 264, 267, 275, 299, 49, MLK, 2 nömrəli Texniki-Humanitar Lisey, 147 nömrəli Texniki-Humanitar Lisey, 291 nömrəli Ekologiya Liseyi, Texniki-Humanitar Lisey, 16 nömrəli Texniki-Humanitar Lisey, 287 nömrəli “Zəkalar” Liseyi) sənəd qəbulu prosesi də başa çatıb.

 

Tədris planına əsasən, lisey və məktəb-liseylərin VII siniflərinə qəbul üzrə müsabiqədə profil sahəsinə uyğun olaraq (humanitar, texniki, təbiət) 2142 şagird iştirak edəcək.

 

Qeyd edək ki, elektron sənəd qəbulu "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanının tələblərinin həyata keçirilməsini təmin etmək üçün təhsil sahəsində əhaliyə göstərilən elektron xidmətlərin dairəsinin genişləndirilməsi, şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi, valideynlərin əlavə vaxt itkisinin qarşısının alınması, valideyn məmnunluğunun təmin edilməsi məqsədilə tətbiq edilir.

 



21.06.2018 | 10:57