Rektor şagirdi olduğu məktəbdə nümunəvi dərs keçib

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayevin orta təhsil aldığı məktəbdə nümunəvi dərsi keçirilib.

 

Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbin IX a sinif şagirdləri üçün “Azərbaycan tarixi” fənninin tədrisini təşkil edən rektor Qarabağ və Naxçıvan xanlığının tarixindən danışıb. Tarixi faktlarla Azərbaycanın qədim yurd yeri, əzəli və əbədi torpaqları olan Qarabağımızın tarixindən ətraflı məlumat verilib. Vurğulanıb ki, Azərbaycan Ordusunun şücaəti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin sərkərdəlik məharəti ilə torpaqlarımızın qısa müddətdə - 44 gündə düşmən işğalından azad edilməsi xalqımıza böyük sevinc və qürur hissi yaşadıb:”Biz itirdiyimiz, bizdən alınan torpaqları, soydaşlarımızın zorla qovulduğu torpaqları geri qaytarmışıq. Artıq Vətən müharibəsi zəfərlə yekunlaşıb, düşmən diz çöküb və Azərbaycanın ərazi bütövlüyü bərpa edilib”.

 

Şagirdlərin suallarını cavablandıran E.İsayev ixtisasından asılı olmayaraq hər kəsi keçmişinə dərindən bələd olmaq üçün öz tarixini öyrənməyə və bədnam qonşularımızın xalqımıza yaşatdığı çətin sınaqlardan dərs almağa çağırıb.

 

Rektor müəllifi olduğu Böyük İpək yolunun xalqların, ölkələrin tarixi, mədəni-iqtisadi həyatında oynadığı roldan və bu yol üzərində yerləşən Azərbaycanın qədim, orta əsrlər dövründə ticarət, diplomatik əlaqələrindən bəhs edən “Böyük İpək yolu və Naxçıvan” (2012) kitabını, şagirdlər üçün yararlı ola biləcək əlavə dərs vəsaitlərini məktəbin kitabxanasına hədiyyə edib. Həmçinin, universitetin “Elmi əsərlər” jurnalını da hədiyyə edən rektor vurğulayıb ki, şagirdlər öz müəllimləri ilə birgə yazdığı məqalələri həmin jurnalda dərc etdirə bilərlər.

 



13.04.2021 | 12:17