Rusiyada "Direktorlar klubu" yaradılır | |
İyunun 19-da Rusiyanın maarif naziri Olqa Vasilyevanın ölkənin müxtəlif regionlarından olan 14 məktəb direktoru ilə görüşü olub. Nazirliyin mətbuat xidmətinin məlumatına əsasən, Maarif Nazirliyində keçirilən görüşdə O.Vasilyeva məktəb direktorlarının nazirlə müntəzəm görüşlərinin keçirilməsi və məktəb təhsilinin aktual məsələlərinin müzakirəsi məqsədilə "Direktorlar klubu"nun yaradılması təşəbbüsü ilə çıxış edib.
Görüş zamanı direktorlar üzləşdikləri problemlər barədə nazirə məlumat veriblər. " Mən çox istəyirəm ki, bizim görüşlərimiz müntəzəm olsun və ənənə halını alsın. İstərdim ki, təhsil sistemimizdə baş verən proseslərlə bağlı birlikdə müzakirələr apara biləcəyimiz "Direktorlar klubu" olsun. Mən düşünürəm ki, bu, təcrübə mübadiləsi olacaq və ən vacib, real problemləri əhatə edəcək. Çünki hər şey barədə hesabat vermək olar, biz bu hesabatları müntəzəm alırıq, amma, məktəblər üzrə obyektiv məlumatlar var ki, regionlardan göndərilən hesabatlarla üst-üstə düşmür",-deyə nazir bildirib. Direktorlar görüşdə müəllimlərin ixtisasının artırılması, şagirdlərin sağlamlıq vəziyyəti haqqında məktəbə məlumatların verilməsi, məktəblərin bürokratik yüklənməsi kimi hazırda onları daha çox narahat edən əsas problemləri göstəriblər.
Oruc MUSTAFAYEV |
|
20.06.2018 | 14:31 | |
|
|
|