Tərbiyə sistemində milli-mənəvi dəyərlərə istinad olunmalıdır | |
Bu gün hər birimiz yaşadıqlarımızdan dolayı əsəb, bəzi hallarda stressli anlar keçiririk, hətta depressiyaya belə düşə bilirik və bu inkarolunmazdır. Nə yaxşı ki, yaşadıqlarımız və əldə etdiyimiz həyat təcrübəsi bizlərə müəyyən gərginlikləri, əsəbi anlarımızı daha “soyuq başla” düşünməyi, təhlil etməyi və bundan ağılla, düzgün qərar verməklə çıxmağa imkan verir. Ancaq gəlin görək, istənilən xoşagəlməz hadisələrdən hamı eyni dərəcədə sakit düşüncə ilə çıxmağı bacarırmı? Xüsusilə yeniyetmə və gənclərimiz həyatlarında baş verən psixoloji dönəmlərdən və yaxud rastlaşdıqları çətinlikləri doğru, düzgün şəkildə təhlil edərək onlardan çıxmağı bacarırlarmı? Həmsöhbətimiz Təhsil İnstitutunun Psixologiya və xüsusi təhsil şöbəsinin müdiri, psixologiya üzrə elmlər doktoru Elxan Bəylərovla bu və digər məqamlara toxunduq.
Assosial davranış
Bu gün COVID-19 pandemiyası bir çox sahələrdə əsaslı dəyişikliklərə səbəb olub. Bəşəriyyət yeni ictimai, iqtisadi və sosial münasibətlər ərəfəsindədir. Bütün bu hadisələrin fonunda diqqət yetirilməli olan məqamlardan biri də yeniyetmə və gənclərin psixoloji durumuna təsir edən halların baş verməsidir. Elxan Bəylərovun sözlərinə görə, bu məsələdə pandemiya ilə qloballaşmanın neqativ təsirləri “cəmləşərək” çox mürəkkəb bir vəziyyət formalaşdırmışdır. Assosial davranış, xüsusilə, yeniyetmələr və gənclər arasında güclənib. Bu qarşılaşdığımız bir çox məqamlar şəxsiyyətin formalaşdırılması və inkişafı probleminə, insan amilinə yenidən nəzər salmağı, yeni dövrün tələblərinə uyğun tərbiyə sistemi formalaşdırmağı cəmiyyətin əsas məsələlərindən birinə çevirmişdir.
Elxan müəllim deyir ki, yeniyetməlik dövrünu “dönüş dövrü” və “böhran dövrü” də adlandırırlar. Uşaq öz həyatının bir mərhələsindən digərinə, yeniyetməliyə keçir. Bu vaxt istər fiziki, istərsə də psixi inkişafda sürətli irəliləyişlər baş verir.
Yeniyetmələrin əsas problemlərindən biri...
Yeniyetmələrin əsas problemlərindən biri valideynlərlə qarşılıqlı münasibətdə yaranan anlaşılmazlıqlardır. Həmsöhbətim uzun illər bu mövzu ilə bağlı müəyyən araşdırmalar apardığını, məhz bu yaş dövründə yeniyetmələrdə uşaqlıq asılılığından çıxmaq və valideynlərlə qarşılıqlı inam, hörmət, etibar və s. kimi münasibətlərə keçməyə tələbatın yarandığını deyir. Onu da əlavə edir ki, valideynlər isə əksinə, inkişaf edən belə bir bərabərliyə meyilli olmur, konservativ mövqe nümayiş etdirirlər. Başqa sözlə, özləri üçün “daha rahat” mövqedə durmağa üstünlük verirlər. Yeniyetməlik yaş dövründə uşaqların ünsiyyətə, yaşıdları ilə qruplara daxil olmaq, onların yanında özünütəsdiq etmək, öz imkanlarını gerçəkləşdirmək istəyi yaranır. Və yaşadığımız pandemiya dövrü yeniyetmələrin yaşıdları ilə ünsiyyətini məhdudlaşdırdığı üçün müəyyən problemlərin yaranmasına səbəb olub.
Bəs bu vəziyyətdən necə çıxmaq olar? Elxan müəllim qeyd edir ki, çıxış yolu olaraq uşaqların müxtəlif onalyn platformalar üzərindən yalnız dərs deyil, ünsiyyət ehtiyaclarının qarşılanmasını həyata keçirmək, maraqlar üzrə ünsiyyət qurmalarının yaradılmasını təmin etmək məqsədəuyğundur.
Aparılan tədqiqatlar göstərir ki...
E.Bəylərov bildirir ki, fəaliyyət göstərdiyi Təhsil İnstitutunun Psixologiya və xüsusi təhsil şöbəsində aparılan tədqiqatlar və gerçəkləşdirilən layihələr göstərir ki, hazırkı dövrdə uşaqların sadəcə ata-anaları ilə ünsiyyətdə olmağa, onlarla birgə vaxt keçirməyə, müxtəlif məsələlərin həllində birgə fəaliyyət göstərməyə ciddi ehtiyacları var.
Valideyn-övlad münasibətləri
Mütəxəssisin sözlərinə görə, atalar-oğullar problemi hər zaman olub və bu normaldır: “Böyüməkdə olan gənc nəslin yaranan yeni şəraitə uyğunlaşma tendensiyası və böyük nəslin öz dövrünün gəncliyinə aid dünyagörüşündən çıxış edərək məsələyə konservativ yanaşması bu problemi daim aktual edir. Lakin bu məsələdə qloballaşma, mədəniyyətlərin təsiri, dəyərlər sistemində baş verən deformasiyalar həmin prosesi daha da kəskinləşdirir. Çünki uşaqlar internet, sosial şəbəkələr, oyun platformaları, filmlər, musiqilər, verilişlər vasitəsilə digər mədəniyyətlərlə tanış olurlar. Qeyd edilənlər çox zaman təbliğat xarakteri daşıdığı üçün bəzi uşaqlar böyüdükləri mühitin milli-mənəvi dəyərlərindən sapdırılaraq, yabançı dəyərlərə meyl göstərirlər. Bu da məsələni “atalar-oğullar” probleminin klassik variantından yayındıraraq onu daha da mürəkkəbləşdirir”.
Digər başqa bir məsələ ondan ibarətdir ki, son zamanlar intensiv həyat tərzi valideyn-övlad münasibətlərində ünsiyyət qıtlığı yaratmaqdadır. Bu zaman ünsiyyət prosesində qırılmalar baş verdiyi üçün, ciddi deformasiyalar yaranır. KİV-dən, internet üzərindən uşaqlar yaş və anlaq səviyyələrinə uyğun olmayan səhnələri izləyirlər. Bu vasitələrdə məktəbin, ailənin təbliğ etdiyi dəyərlər sisteminə zidd olan münasibət və davranışlar təşviq olunur.
Necə edək ki, münasibətlər anlaşıqlı olsun
Elxan müəllim qeyd edir ki, yeniyetməlik yaş dövründə insan anatomik və fizioloji olaraq formalaşmış olsa da beynin qərarların qəbulu, planlaşdırma, risklərin dəyərləndirilməsi və s. yüksək şüurlu fəaliyyətə cavabdeh olan frontal lob - korteks hissəsi, başqa sözlə, alın hissədəki beyin qabığı tam formalaşmamış olur. Yeniyetmə və gənclərin impulsiv, kəskin, bəzən də məntiqsiz görünən münasibət və davranışları məhz bu zəmində baş verir. Bu səbəbdən bir çox məsələlərin müzakirəsində və həllində valideynlər uşaqlarla ünsiyyətdə duyğu-hiss səviyyəsində ünsiyyət qurmağa, təsir göstərməyə çalışmalıdırlar. Sözlü-məntiqi əsaslı nitq bir çox hallarda faydalı olmaya bilər. Bu zaman “nə demək?”-dən daha çox, “necə demək?” önəmli olur. Hər hansı məsələ ilə bağlı, ilk növbədə, uşağın mövqeyini qəbul etmək lazımdır, sonra, bu əsasdan çıxış edərək ünsiyyət, münasibət və davranışlarda korreksiya işlərinə başlamaq olar:” Mövqeyi qəbul etmək - onunla razılaşmaq, barışmaq anlamına deyil, yeniyetməni başa düşmək və onunla dialoqa, müzakirəyə hazır olmaq anlamına gəlir. “Qəbul etmə” mərhələsi olmadan səmərəli, konstruktiv müzakirə, fikir mübadiləsi mümkünsüz olur”.
Uşağın mövqeyini qəbul etmək, sonra müzakirə olunaraq dəyişmək, təkmilləşdirmək daha səmərəli və təhlükəsiz yoldur. Uşaq-valideyn ünsiyyəti ilk mərhələlərdən - təməldən dürüstlük, səmimiyyət, etimad üzərində qurulmalıdır ki, yeniyetməlik yaş dövrünə - ciddi məsələlərin meydana gəlişinə qədər bu münasibətlər artıq sınaqdan çıxmış olsun. Bəzi valideynlər uşaqla “uşaq kimi” davranaraq ciddi münasibətləri onların böyüməsi dövrünə qədər təxirə salırlar. Bu, indiki həyat gerçəkliyində özünü doğrultmayan yanaşmadır. Valideyn-övlad arasında emosional, mənəvi və intellektual bağlar əsaslı şəkildə formalaşarsa, böhran dövrlərində yaranan problemlərin öhdəsindən birgə gəlinə bilər.
Cəmiyyətin və mühitin rolu
Elxan müəllimin sözlərinə görə, 30-40 il bundan əvvəl uşağın formalaşmasının təqribən 50%-i ailədə, 35%-i məktəbdə, 15 %-i çevrədə baş verirdi. Hazırkı dövrdə isə uşağın formalaşmasında təqribən 15%-i ailənin,15-%-i məktəbin, 70%-i çevrənin payı vardır. Sosial həyatın intensivləşməsi, internetin, sosial şəbəkələrin və mobil vasitələrin inkişafı və insan həyatının bütün sahələrinə nəzarətsiz sirayəti bu gerçəkliyi formalaşdırmışdır. Çevrə isə sosial şəbəkələr, internet, oyunlar, filmlər, musiqi, mobil vasitələr - kompüter, telefon, planşetlər, dost-tanış mühiti, aid olduğu qruplar və s. kimi çox mürəkkəb və ziddiyyətlidir. Bununla bağlı çevrənin, əhatə edən mühitin sağlamlığı, odekvatlığı mühüm əhəmiyyət kəsb edir. Valideynlər uşaqlara qarşı daha diqqətli olmalı, onlarla daha çox vaxt keçirməli, öhdələrinə düşən vəzifəni doğru yerinə yetirməlidirlər.
Gənc nəslin bir şəxisyyət kimi inkişafında həm məktəb, həm cəmiyyət, həm də ailə öhdəsinə düşən funksiyanı yerinə yetirmiş olar. Əks halda sosial şəbəkə, baxdıqları filmlər, dinlədikləri musiqilər, qoşulduqları qruplar və s. onların formalaşmasına öz mənfi təsirini göstərməkdə davam edəcək.
Yaş və fərdi xüsusiyyətlər nəzərə alınaraq...
3 mühüm məsələ -uşaqların şəxsiyyət keyfiyyətlərinin milli-mənəvi dəyərlər zəminində formalaşması, eyni zəmində gender tərbiyəsi və şagirdin mövcud potensialına uyğun gələcək inkişaf sahəsinin müəyyənləşdirilməsi diqqət mərkəzində saxlanılmalıdır. Həmsöhbətimiz bu məsələlərin hər birinin insan həyatında həlledici və təyinedici məsələlər olduğunu söyləyir. Bu sahədə uşaqlara vaxtında, yaşları və fərdi xüsusiyyətləri nəzərə alınaraq dəstək göstərilməsi olduqca vacib məsələdir. “Gender tərbiyəsi dedikdə, mən uşağın özünü aid olduğu cinsə uyğun şəkildə tanıması, qəbul etməsi və davranması, əks cinsi də uyğun şəkildə qəbul edərək ünsiyyət və münasibət qura bilməsini nəzərdə tuturam. Burada “uyğun şəkildə” ifadəsi milli-mənəvi və ümumbəşəri dəyərlərə uyğunluğu ifadə edir”.
Peşə və inkişaf istiqaməti seçimi də olduqca vacib məsələdir. Uşağın mütləq ali təhsil alması, həm də məqsədsiz, pərakəndə şəkildə ali məktəbə qəbulu, ömür boyu sevmədiyi fəaliyyət sahəsində olması onun bütün həyatına mənfi təsir göstərmiş olur. Məktəb, ailə, cəmiyyət uşağın potensialına uyğun formalaşması üçün imkan yaratmalı, onu maraq göstərdiyi, arzuladığı sahəyə yönəltməli, dəstəkləyici kömək göstərməlidir.
Yaşanan problemlərdən çıxış yolları
Hazırkı dövrümüzdə valideynin uşağa nisbətən daha geniş dünyagörüşü, daha çox həyat təcrübəsi, problemlərə fərqli tərəflərdən yanaşma imkanları var. Böyüklər bilməlidirlər ki, uşaqlardan yüksək tərbiyə nümunəsi, hörmət və s. keyfiyyətlər gözləyirlərsə ilk növbədə, özləri bu keyfiyyətlərlə onlara nümunə olmalıdırlar.
Elxan Bəylərov bildirir ki, nəzərə almaq lazımdır ki, problemlər və onların konstruktiv həlli uşaqlara həyatlarında istifadə edə biləcəkləri təcrübə qazandırır. Söhbət yanlış ünsiyyət və münasibətlərin təşviq, təbliğ olunduğu, dəstəkləndiyi şiddət və zorakılıqdan həll vasitəsi kimi istifadə edildiyi neqativ mühitin yolverilməzliyindən gedir: “Valideynlər və müəllimlərlə konfliktlər yaşayan yeniyetmələr üçün tənqid təsir vasitəsi kimi istifadə edilməməlidir. Böyüklərin yeniyetmələri böhran dövründə anlaması çox çətindir, ən azı ona görə ki, yeniyetmələr özlərini belə tam anlaya bilmirlər. Lakin onların bu halına böyüklərin anlaşıqlı yanaşması son dərəcə vacibdir. Yeniyetmənin münasibət, ünsiyyət və davranışında dəyişikliyə nail olmaq üçün tənqiddən, kimlərləsə müqayisələrdən imtina edilməlidir. Ailə bağları qopan yeniyetmələr kənar destruktiv qruplara, neqativ hərəkətlərə, zərərli vərdişlərə meyil göstərirlər. Ən doğru yol, şəxsiyyətinə, ləyaqətinə hörmət göstərməklə, izahat və təbliğat vasitəsi ilə yeniyetmənin özünün dəyişiklik istəməsinə nail olmaq, bu yolda ona dəstək göstərməkdir”.
E.Bəylərov sonda onu da xüsusi vurğuladı ki, tərbiyə sistemində milli-mənəvi dəyərlərə mütləq istinad olunmalıdır. Eyni zamanda dini dəyərlərimiz məsələsi də gündəmdə saxlanılmalıdır, çünki bütün mədəniyyətlərdə dəyərlərin kökü inanc sisteminə söykənir.
Samirə KƏRİMOVA
|
|
09.04.2021 | 15:32 | |
|
|
|