Dünyada məktəblər bağlanır

Koronavirusun yayılması səbəbindən məktəblərə və universitetlərə getməyən uşaqların, gənclərin və böyüklərin sayı sürətlə artır. Bir sıra dünya ölkələri qlobal pandemiyanı dayandırmaq məqsədilə təhsil müəssisələrinin bağlanması barədə qərar qəbul edib. UNESCO-nun   aprelin 4-nə olan məlumatına görə, 100-dən çox ölkə məktəblərin bağlanmasını həyata keçirib ki, bu da bütün dünyada şagirdlərin yarıdan çoxuna təsir edib.  Avropanın bir çox ölkələrində  COVID-19-un yeni mutasiyalarının yayılması, eləcə də peyvənd gecikmələri səbəbindən virusa yoluxanların sayında artım müşahidə olunur.

 

Bu cür vəziyyət bir çox ölkələrin təhsil sistemlərinin tədris  prosesinin bütün iştirakçılarının sağlamlığının qorunmasını ümdə vəzifə kimi qarşıya qoyur.  Ayrı-ayrı ölkələrdə məktəblərin təcili surətdə bağlanması və məsafədən tədrisə keçid baş verməkdədir.

 

Ukrayna. Avropa ölkələri ilə birlikdə ukraynalılar da koronavirus pandemiyasının üçüncü dalğasını yaşayırlar. Son günlərdə yeni xəstələrin sürətli artımı qeydə alınır. Koronavirus pandemiyası Ukraynada rekord qazanır.  Ukraynada pandemiya zamanı 1,7 milyondan çox insan xəstələnib, onlardan 33 mini ölüb. Aprelin 5-dən etibarən paytaxt  Kiyev və digər iri şəhərlərdə bütün məktəblər və uşaq bağçaları bağlanıb.  Yeni məhdudiyyətlər ən azı aprelin 16-dək qüvvədə olacaq.

 

Fransa. Aprelin 5-dən  karantin tədbirlərinin sərtləşdirilməsi ilə əlaqədar ölkədə məktəblər, uşaq bağçaları və kolleclər üç həftə müddətinə fəaliyyətini  dayandırıb.  Dərslərin məsafədən  tədrisinə start verilib. Aprelin 12-dən isə uşaqlar iki həftəlik bahar tətilinə gedəcəklər. Müəssisələrin yenidən işə başlaması aprelin 26-na planlaşdırılır.  Bununla yanaşı, tələbələr həftədə bir gün universitetlərə getməyə davam edə biləcəklər.  Bundan  əlavə,  ölkənin  19 bölgəsində fəaliyyət göstərən karantin rejimi Fransanın bütün bölgələrinə genişləndiriləcək və yaxın dörd həftə ərzində qüvvədə olacaq.  Beləliklə də təhsilalanlar yalnız mayın əvvəlindən tədricən siniflərə qayıtmaq üçün gözləməli olacaqlar.

 

Bu qərar Britaniya koronavirus ştampının yayılmasının güclənməsi ilə əlaqədar qəbul edilib.

 

Sloveniya. Sloveniya hakimiyyəti aprelin 1-dən 11-dək karantin rejiminin sərtləşdirilməsi və koronavirusla yoluxanların sayının artması fonunda təhsil  müəssisələrində tədrisin müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edib. Bu barədə Nazirlər Kabinetinin növbəti sessiyasının yekun protokolunda deyilir. Aprelin 1-dən 11-dək ölkədə  bütün uşaq bağçaları, məktəblər və universitetlər yenidən bağlanıb.

 

Estoniya. Martın 11-dən ölkədə elan olunmuş xüsusi karantin rejimi ilə əlaqadar olaraq  məktəblər tamamilə distant təhsilə keçirilib.  Uşaqları uşaq bağçalarına yalnız ehtiyac olduqda gətirmək tövsiyə olunur.  Məhdudiyyətlərin aprelin ortalarınadək davam edəcəyi bildirilir.

 

Təhsil və Elm naziri Liyna Kersna bildirib ki, Estoniya hökuməti ölkədə mövcud olan məhdudiyyətlərin aprelin 25-dək uzadılması qərarına gəlib. O, həmçinin təsdiqləyib ki, elmi şura hökumətə 26 apreldən - məktəb tətilinin başa çatacağı vaxtdan xəstəlik göstəricilərinin aşağı olduğu bölgələrdə tədricən məktəblərin açılmasına baxılmasını təklif edib. Lakin hökumət bu barədə hər hansı qərar qəbul etməyib. Nazir əlavə edib ki, yoluxma azalacağı təqdirdə belə, bütün şagirdlər məktəbə qayıtmayacaq. Bu proses mərhələli şəkildə həyata keçiriləcək.

 

Braziliya. Bu ölkədə koronovirusla bağlı vəziyyətin xüsusilə ağır olduğu bildirilir.  Ölkə üzrə məktəblərin böyük qismi, xüsusən də dövlət müəssisələri  tədrisi distant formada davam etdirir.  Bir çox mütəxəssislər uşaq bağçalarının açılmasını tənqid edirlər, çünki bu yerlərdə yoluxma riskinin  yüksək  olduğuna  inanırlar və  vəziyyət  daha da ağırlaşır ki, orada daimi test sistemi yoxdur.  Ekspertlər mümkün qədər uzun müddətə məktəbəqədər təhsil müəssisələrini açmamağa çağırırlar.

 

Moldova. Aprelin 3-dən etibarən Moldovanın ən böyük şəhərlərində karantin rejiminin sərtləşdirilməsinə başlanılıb. Yeni məhdudiyyətlər çərçivəsində bütün təhsil müəssisələrinin distant tədris formatına keçirilməsinə qərar verilib.  Məhdudiyyətlər mayın 30-dək tətbiq olunacaq.

 

Avstraliya.  Pandemiyanın  yeni  ştamplarının yayılması ilə əlaqədar olaraq aprelin əvvəllərindən ölkənin bir çox ştatlarında orta məktəbləri bağlamaq və vəziyyətdən asılı olaraq distant təlimə keçmək qərarına gəliblər.

 

Çexiya. Avropanın virusa ən çox məruz qalan ölkələrindən olan  Çexiya Respublikası da karantin tədbirlərini sərtləşdirməyə qərar verib. Yeni tədbirlər nəticəsində azyaşlı uşaqlar üçün uşaq bağçalarının, məktəblərin və fiziki məhdudiyyətli insanlar üçün təhsil müəssisələrinin bağlanması barədə qərar qüvvədə qalır.

 

Türkiyə. Son günlərdə Türkiyədə də virusa yoluxma hallarının artmasında ciddi artım müşahidə olunur.  Ankarada  son həftə ərzində xüsusilə gənc əhali arasında COVID-19 hallarının sayının artması təhsil və təlim  sahəsində bəzi əlavə tədbirlər görməyi tələb edib. Ankara məktəblərinin V, VI və VII sinif, eləcə də liseylərə hazırlıq üzrə  IX, X, XI  sinif şagirdlərinin aprelin 5-dən distant təhsilə keçməsinə qərar verilib. 

 

Gürcüstan. Ölkənin qərbində epidemioloji vəziyyətin gərginləşməsi ilə əlaqədar olaraq  bir sıra bölgələrdə məktəblər və uşaq bağçaları yenidən bağlanıb. Aprelin 4-dən Ozurgeti və Lançxuti rayonlarının 10-a yaxın kəndində bütün məktəblər və uşaq bağçaları bağlanıb. Məhdudiyyətin 2 həftə davam edəcəyi qeyd olunur.

 

BMT-nin baş katibi Antonio Qutyereş dövlətləri koronavirus infeksiyası pandemiyası şəraitində təhsilin qorunmasına çağırıb. Onun sözlərinə görə, bu gün epidemioloji məhdudiyyətlər səbəbindən məktəblərin bağlanması demək olar ki, 1 milyard şagirdə təsir edib. “Bu dönüş nöqtəsindən  mən bütün ölkələri təhsilin qorunmasına və bərpa dövründən təhsilə çıxış imkanlarında fərqləri azaltmağa, rəqəmsal rabitə kanallarını genişləndirmək və tədris prosesinin təşkilini yenidən düşünmək üçün istifadə etməyə çağırıram”, - deyə o,  aprelin 2-də Twitter-də yazıb.

 

Oruc MUSTAFAYEV

 

 



09.04.2021 | 10:35