NDU-da “Torpaqların münbitliyinin qorunması və bərpası” mövzusunda tədbir | |
Naxçıvan Dövlət Universitetinin (NDU) memarlıq və mühəndislik fakültəsində Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin təşkilatçılığı ilə “Torpaqların münbitliyinin qorunması və bərpası” mövzusunda tədbir keçirilib.
Meliorasiya və geodeziya kafedrasının müdiri, memarlıq üzrə fəlsəfə doktoru, dosent Qadir Əliyev qeyd edib ki, hamilik çərçivəsində keçirilən görüşlər universitetdə artıq ənənə halını alıb.
Su ehtiyatlarından istifadə şöbəsinin müdiri Səttar Nəsirov “Torpaqların münbitliyinin qorunması və bərpası sahəsində həyata keçirilən tədbirlərin əhəmiyyəti” mövzusunda çıxış edib. Qeyd olunub ki, muxtar respublikada kənd təsərrüfatının inkişaf etdirilməsinin əsas yollarından biri də suvarma məsələləridir. Sudan düzgün, səmərəli və qənaətlə istifadə olunması günün əsas tələbidir.
Diqqətə çatdırılıb ki, bu gün su mənbələrinin istifadəsi, mühafizəsi və bərpası sahəsində bir çox işlər həyata keçirilir, dövlət proqramları hazırlanır. 2012-ci ildən həyata keçirilən “ Naxçıvan Muxtar Respublikasında selə qarşı tədbirlər”, “Suvarılan ərazilərin modernləşdirilməsi və genisləndirilməsi” layihələri çərçivəsində görülən işlər buna misaldır.
Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb və onlara bukletlər paylanılıb.
|
|
07.04.2021 | 15:00 | |
|
|
|