Təhsil naziri təhsildə fərqlənən məzunlarla görüşüb

 

Bu gün 20 nömrəli məktəb-liseydə təhsildə müvəffəqiyyətləri ilə fərqlənən, respublika və beynəlxalq fənn olimpiadalarının, müsabiqə və intellektual oyunların qalibi olan məzunlarla görüş keçirilib. Təhsil naziri Ceyhun Bayramov dəyirmi masa ətrafında ən müxtəlif məsələlər barədə məzunlarla fikir mübadiləsi aparıb.

Sözə ilk başlayan təhsil naziri özü olub. Görüşdə iştirak edən şagirdlərin göstəriciləri, uğurları ilə əvvəlcədən maraqlandığını deyən nazir onların hər birinin təhsillə yanaşı, fərqli bacarıqlarının olmasını xüsusi qiymətləndirib. Musiqi, idman və başqa sahələrdə fəaliyyətə əlavə vaxt ayırmaq, hətta həmin sahələrdə də ciddi uğurlara imza atmalarını dəyərləndirib: “Siz nəticələrinizlə bir daha təsdiq etdiniz ki, öz üzərində işləyən gənc bir çox uğura imza atar”.

 

Nazir təhsildə əldə edilən uğurlu nəticələrə diqqət çəkərək deyib: “9 və 11-ci siniflərin buraxılış imtahanlarının nəticələrində ötən illə müqayisədə bu il 15 faizə yaxın artım oldu. Artım qəbul imtahanlarının nəticəsində də özünü göstərdi. Bu, təbii ki, vacibdir və bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik. Ancaq məktəbin əsas vəzifəsi ölkə, dövlət və xalqımız üçün layiqli vətəndaş yetişdirməkdir. Bu ölkənin gələcəyi, tərəqqisi çox qısa vaxtdan sonra məhz sizin əlinizdə olacaq. Sizin yüksək bilikli peşəkarlar olmağınız bu ölkənin inkişafı üçün kifayət deyil. Özünüzü bu ölkənin bir zərrəsi hesab etməlisiniz. Yaxşı bir ifadə var: vətən sevgisi ilə yanmaq. Vətəndaşı vətən sevgisi ilə yanırsa, ölkəsinin uğurunu öz uğuru hesab edirsə, problemini şəxsi problemi kimi qəbul edirsə, belə millət, ölkə, dövlət birmənalı olaraq, yenilməzdir. Bu o deməkdir ki, həmin dövlət ərazisindən, əhalisinin sayından asılı olmayaraq, dünyada özünə layiqli yer tutacaq”.

Nazir məzunlardan neçə nəfərin təhsilini ölkənin ali məktəblərində davam etdirəcəyi ilə maraqlanıb. Məlum olub ki, əksəriyyəti ölkə ali məktəblərini seçib. Nazir onlara bu seçiminə görə peşman olmayacaqlarını bildirərək, Azərbaycanda ali təhsil pilləsində həyata keçirilən islahatlardan danışıb. Ən yüksək standartlara cavab verən ali təhsil  müəssisələrinin fəaliyyət göstərdiyini vurğulayan nazir təhsilin keyfiyyətində də böyük dəyişikliyə nail olunduğunu söyləyib: “SABAH” layihəsi bir təhsil laboratoriyası funksiyasını yerinə yetirir. Məqsədimiz odur ki, “SABAH” standartı ölkəmizdə ali təhsilin standartına çevrilsin. Halbuki bir neçə il əvvəl “SABAH” bizim üçün yaxşı təşəbbüs və layihə idi. Bu gün biz onun nəticələrini görürük”.

 

Təhsilin keyfiyyətində fərqin “SABAH” məzunlarının nəticələrində olduğu qədər, əmək bazarının onları necə məmnunluqla qarşılamağında da özünü göstərdiyini deyən Ceyhun Bayramov ali təhsil pilləsində planlardan da danışıb: “Təhlillər göstərir ki, bu təşəbbüs özünü doğrultdu. Bütün ali təhsil müəssisələrinin eyni standarta çatdırılması üçün səylərimizi əsirgəməyəcəyik”.

Görüşdə nazir təmayülləşmə prosesinin şagirdlərin təhsilinə təsiri ilə maraqlanıb. Məzunlarla apardığı fikir mübadiləsində təmayülləşmənin uğurlu tərəfləri qeyd edilib.

Məzunlardan onların da məktəbdə hansı dəyişiklikləri görmək istədikləri ilə maraqlanan nazir maraqlı cavablar alıb. Belə ki, məzunlar şagirdlərdə tədqiqat yönümlülüyün inkişafının zəruri olduğunu vurğulayıblar. Məktəbdə bilikyönümlülüyə diqqət edildiyini, idman və başqa sahələrin diqqətdən kənarda qaldığını, bəzi məktəblərdə hətta fiziki tərbiyə dərslərinin keçirilmədiyi də qeyd ediblər.

Məzunlar kütləvi informasiya vasitələrinə də ismarıc yollayıblar. Onların fikrincə, şagirdlər yüksək bal toplayaraq ali məktəblərə qəbul olunanların uğur hekayəkləri ilə maraqlanırlar. Odur ki, təhsil və karyerada müəyyən pilləyə yüksələn belə şəxslər barədə məlumatlar oxumağın onlara stimul verdiyini dilə gətiriblər.

Nazir məzunları çox maraqla dinləyib. Hər birinin fikrinə münasibət bildirib: “Səsləndirdiyiniz fikirlər bizi bəzi məsələlər barədə yenidən düşünməyə vadar edir”.

Məktəblərdə idman, yaradıcılıq və başqa istiqamətlərə diqqət yetirilməməsi ilə bağlı məzunların fikrinə qüvvət verən Ceyhun Bayramov deyib: “Məktəb iki istiqamətdə fəaliyyət göstərməlidir. Birinci istiqamət ekstra kurikulum fəaliyyətidir. Bu, yaradıcılıq, idman və başqa sahə ola bilər ki, biz buna daha çox diqqət yetirməliyik. Amma hazırda ölçülə bilən göstəricilərə çox böyük diqqət göstəririk. Halbuki məktəb hər iki funksiyanı yerinə yetirməlidir. Odur ki, növbəti ildən bu istiqamətdə bir sıra layihələrə start verməyi planlaşdırırıq”.

Nazir məzunlara tövsiyələrini də verib: “Həyatda heç bir əziyyət itmir. Bəlkə hazırlaşdığınız imtahanda uğursuz nəticə göstərə bilərsiniz, ancaq hazırlaşarkən öyrəndiklərinizin faydasını başqa bir şəraitdə mütləq görəcəksiniz. Qərar qəbul edərkən təhlil edin. Nəyi düz hesab edirsinizsə, nə ürəyinizcədirsə, onu edin. Heç vaxt asan əldə olunacağını düşünərək qərar verməyin, asan yol axtarmayın. Sizə bugünkü prizmadan asan gələn yolda qarşınıza çoxlu maneə çıxa bilər. Şarl De Qollun maraqlı bir fikri var: “Həyatda asan yollar axtarmayın. O yolda rəqibləriniz çox olacaq”. Vaxt keçdikcə biləcəksiniz ki, asan da deyilmiş, üstəlik, ürəyiniz istəyən yol da deyil. Potensialınız var, düzgün seçim edin”.

 

Görüşün sonunda nazir hər bir məzuna ümumi təhsili yüksək nailiyyətlərlə başa vurduğuna görə Təhsil Nazirliyinin “Təşəkkürnamə”sini təqdim edib. Məzunların xahişi ilə “Təşəkkürnamə”ni imzalayan nazir onlarla xatirə şəkli çəkdirib. 

 

Görüşdən sonra isə Ceyhun Bayramov “Azərbaycan müəllimi”nə təəssüratlarını paylaşıb: “Bu gün 83 min şagird üçün son zəng çalındı. Bu, onlar üçün həyatın çox vacib bir mərhələsini, tam orta təhsili bitirmələri deməkdir. Azərbaycanın bütün məktəblərində silsilə tədbirlər keçirildi və həmin tədbirlərin bəzilərinə Təhsil Nazirliyi olaraq biz də qatıldıq. 20 nömrəli məktəbdə Bakı şəhərindəki müxtəlif məktəblərdən olan və uğur hekayələri ilə seçilən şagirdlərlə dəyirmi masa arxasında görüşümüz şəxsən mənim üçün çox maraqlı oldu. Ümumi orta təhsil pilləsində şagirdlər üçün yaradılan şərait də daxil olmaqla bir çox məsələ ətrafında söhbət etdik. Çox geniş dünyagörüşünə malik, analizləri, öz yanaşmaları ilə seçilən şagirdlərin təhsil sistemi barədə, 11 il ərzində məktəbdə  gördükləri, müşahidə etdikləri proseslər barədə çox maraqlı fikirləri oldu. Onların tövsiyələrini aldıq. Azərbaycan məktəbində nəyi fərqli görmək istədikləri ilə maraqlandıq. Təhsil Nazirliyinin ciddi təhlillər nəticəsində növbəti mərhələdə atacağı addımlarla uşaqların səsləndirdiyi bir sıra fikirlər üst-üstə düşdü. Bu o deməkdir ki, onlar vəziyyəti çox düzgün qiymətləndirə bilirlər və dəyərli təkliflər verirlər. Hesab edirəm ki, bu tip görüşlərin keçirilməsi çox vacibdir. Həm gənclər üçün, həm də təhsili idarə edən insanlar üçün dialoqların davamlı olması məqsədəuyğundur.  Ona görə də bu formatı daha geniş auditoriyada davam etdirəcəyik”.

 

Ruhiyyə Daşsalahlı

 

 

 



14.06.2018 | 19:55