Kiyev Milli İqtisadiyyat Universitetinin alimi MDU-nun tələbə və akademik heyətinə mühazirə oxuyub

Mingəçevir Dövlət Universiteti (MDU) və Kiyev Milli İqtisadiyyat Universiteti (Kiev National Economic University – KNEU) arasında əməkdaşlıq çərçivəsində növbəti mühazirə keçirilib.

 

Zoom platforması üzərindən onlayn formatda təşkil edilən mühazirə MDU-nun tələbələri, magistrantları, eləcə də akademik və inzibati heyət üzvləri üçün nəzərdə tutulub.

 

KNEU-nun  Maliyyə kafedrasının dosenti Tetyana Jiber “Dövlət maliyyəsi idarəetməsində dövlət büdcəsi” mövzusunda mühazirə oxuyub. Mühazirədə COVID-19 pandemiyası dövründə dövlət maliyyəsi idarəetməsi, qeyri-müəyyənliklər şəraitində ortamüddətli və illik büdcə planlaşdırılması, dövlət büdcəsinin idarə edilməsində qabaqcıl təcrübə, Ukrayna nümunəsində illik və strateji büdcə proqramlaşdırılması barədə ətraflı məlumat verilib.

 

MDU-nun tələbə və akademik heyəti tərəfindən böyük maraqla qarşılanan mühazirədə iştirakçıların çoxsaylı sualları cavablandırılıb, dövlət büdcəsinin idarə edilməsi sahəsində Azərbaycan və Ukrayna təcrübələrinin müqayisəsi əsasında geniş fikir mübadiləsi aparılıb.

 

Qeyd edək ki, MDU və KNEU arasında birgə reallaşdırılan layihə hər təqvim ayı ərzində iki qarşılıqlı mühazirənin təşkilini nəzərdə tutur. Bundan əvvəl mart ayında KNEU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin dosenti Elena Proxorova "Kiyev Milli İqtisadiyyat Universitetində pandemiya dövründə onlayn və ənənəvi təhsil", MDU-nun Xarici dillər kafedrasının dosenti Mayıl İsmayılov isə "Nizaminin Qərb ədəbiyyatı və mədəniyyətinə təsiri" mövzularında mühazirə oxuyublar.

 

 



03.04.2021 | 12:48