“Sirlər xəzinəsi”ndə kainatın əşrəfi insanın təsviri | |
Mirzə Əbdülrəhim Talıbov yazır ki: “Həqiqi alimlərin ömür və zəkalarının, həyat təcrübələrinin və ağır sınaqlarının məhsulu olan kitablar əbədi olaraq bütün bəşəriyyətin ixtiyarına verilmişdir. Hər kəs bu süfrədən istədiyini götürə bilər”. Bu mənada, insana öz ləyaqətini düzgün qiymətləndirməsinə, onun özünü, kimliyini dərk etməsinə, həyatın mənasının nədən ibarət olduğunu aşılanmasına kömək edən bəşəri kitabladan biri də Azərbaycanın dahi şairi Nizami Gəncəvinin “Sirlər xəzinəsi” (Bakı: “Lider nəşriyyat”, 2004, 264 səh.) adlı əsəridir. Azərbaycanı qədim bir diyar, həmçinin, qədim və zəngin mədəniyyətə sahib olan bir xalq kimi dünyaya tanıdan şərqşünas tədqiqatçılar Nizami Gəncəvini əbəs yerə “Türk məsnəviçilərinin ən böyük ustadı” (V.Bartold), “Ruhşünas şair” (akademik S.F.Oldenburq), “Nadir bir düha” (professor E.Broun), “İnsanın şəxsiyyətini bütün dəyərləri ilə bəzəyən şair” (Y.Bertels), “Təqlid və nəzirə qaynağı” (A. Krımski) kimi ali rütbələrlə tərənnüm etmirlər. Nizami Gəncəvinin “Sirlər xəzinəsi” adlı əsərinin obyekti insandır. Göstərir ki, Tanrı hələ “Ol!” (Kun!) əmri ilə kainatı yaratmaq ərəfəsində İnsanı düşünmüş, kainatı İnsan üçün xəlq etdiyini qərarlaşdırmışdır. Buna görə də, Nizami insanın və insana məhəbbətin hər şeydən qədim, qocaman və əzəli olduğu fikrini aşağıdakı kimi ifadə edir:
Eşqi bizdən öyrənib, bu göy pərgardan öncə, Öncə xəlq olunanlar, sonrakılar da məncə. Qoyan biz deyilikmi eşqin bünövrəsini? Yalnız biz yemədikmi sevginin silləsini?
Nizaminin fikrincə, İnsan kainatın əşrəfidir və əslində Tanrı kainatı İnsanın şərəfinə ərmağan etmişdir. Ay, Günəş, bütün səyyarələr və bütün nemətlər İnsana xidmət naminə xəlq olunub. Buna görə də, İnsanı təbiətin nazlı yavrusu adlandırmaq olar. Qurani-şərifin “ət-Tin” surəsinin dördüncü ayəsində deyilir: “Biz insanı ən gözəl biçimdə yaratdıq!”. Buna görə, insan bütün xilqətlərdən daha kamil olması münasibətilə nəcib, xeyirxah, humanist olmalı, özündən aşağı pillədə duranların hamısı qarşısında məsuliyyətini, cavabdehliyini daim dərk etməlidir. İnsan bütün flora, fauna aləmini, bütün təbiəti sevib qorumağa, yaşatmağa borcludur. Onun başlıca məziyyətlərindən biri cəmiyyəti kamilləşdirmək və təbiətlə cəmiyyət arasında üzvi ahəngdarlıq yaratmaqdan ibarətdir.
O gün ki, xəlq olundu bizim surətlərimiz, Dərhal ayırd edildi dürlü qismətlərimiz. Əzəldən söz verdiyin din uğrunda, get, çalış, İşləməklə nə dövlət, nə də ruzi çoxalmış. İstəsən ki, olasan hamıdan əziz insan, Çalışmaq səndən gərək, başarmaqsa Tanrıdan.
Göründüyü kimi, insanı kainatın əşrəfi, ən böyük yetirməsi, təbiətin nadir dürdanəsi hesab edən Nizami İnsanı öz adına layiq olmağa çağırır: Öz ömrünü, varlığını yalnız böyük və nəcib əməllərə, xeyirxah, bəşəri qayələrə həsr edənlərin Tanrı xəzinəsində inci kimi yaşamağa layiq olduğunu bildirir.
Ey kamalı, tədbiri xilqətlərə hökm edən! Ayağı baş tacına dürr olan, gövhər verən! Şahsan, şah qəsri istə, qoy görsün dünya səni, İncisənsə, ara, bul Tanrı xəzinəsini.
Nizami Gəncəvi yazır ki, Tanrı kainata, təbiətə və bəşəriyyətə nur (Əzəli nur) paylayan zaman İnsan oğluna həmin gövhərdən və ya nurdan daha çox pay vermişdir. İnsan oğlu da bu gövhərdən daha çox bəhrələnmişdir. Çünki başqa canlılardan fərqli olaraq ona idrak qüvvəsi verilmişdir. Bununla yanaşı, yalnız mənəvi üstünlük, idrak adlı misilsiz töhfə deyil, həm də insana cismani üstünlük verilib. Buna görə də insan canlıların şahı sayılır və bütün xilqətlər üçün məsuliyyət onun boynuna düşür.
Tanrının xəlq etdiyi ilkin əzəli nurdan, Hamıdan çox pay alan sənsən, özünsən, inan. Cahan - sənin öz evin, sən - bu evin açarı, Səninkidir bu bağın hər barı, hər nubarı. Əzmin, böyüklüyünlə tutmusan yer üzünü, Qürur yaraşır sənə, ver irəli köksünü.
Kainatda hər şeyin insan üçün yarandığını deyən Nizami Gəncəvi qeyd edir ki, İnsan öz zəka gücü sayəsində ulduzları köhlən at kimi yəhərləyib çapa bilər. Deməli, bütün kainat onun hökmündə, iradə və ixtiyarındadır.
Neçə yəhərli atın bizik süvariləri, Səyyar ulduzlar hazır yalnız bizdən ötəri.
Nizami göstərir ki, İnsan kainatda öz müstəsna rolu ilə fəxr edə bilər. O zamana qədər fəxr edə bilər ki, nəfsinə əsir düşməsin. Maddi aləmdən dördəlli yapışmasın.
Mülk həvəsindən əl çək, sənə qürur gətirər, Dəbdəbələr kölgəsi heç məgər nur gətirər?
Nizami nəfsinə hakim olanları çevik insan adlandırır. Mütəfəkkir alimin fikrincə, cismani və mənəvi hüsnün atributlarından biri çeviklikdir. Yalnız nəfsini cilovlamağı bacaran, dünya yükünü çiyninə götürməyən pak nəfəsli, pak cövhərli insanlar çevik və ruhən qanadlı olurlar.
Sakit axan su kimi yaşamağı seç peşə, Yüngül suyun qiyməti ağır olur həmişə. Bədən gözəllik tapır yalnız çevikliyilə, Ruhun yüngüllüyündən can dönür qızılgülə.
Ancaq nəfsini cilovlaya bilməyənlər, dünya yükünü özünə yük edənlər Qaf dağı kimi ağırlaşıb öz yerində qalır, çevik, ruhən qanadlı insanlar isə ruzigar kimi azad və sərbəst dolaşırlar. Nizami belə insanları kainatın mənəvi hökmdarı adlandırır.
Yüngül əsən rüzgarlar dolaşır hər iqlimi, Ağırlar öz yerində qalır Qaf dağı kimi. Tikan olma, aldanma qızılgülün hüsnünə, Önə bax, bənövşə tək baş əymə öz köksünə.
Nizami Gəncəvi zalımlığın, zülmkarlığın, qəddarlığın, qanlı imperiyaların baş alıb getmə səbəbini insanın tamahında görür. Əlindən yaxşılıq gəlməyən insanın qüsurunu onun özündə, “pis xislət”ində görür və yeri gəldikcə, canlının öz təbiətindən irəli gələn imkanlarını da nəzərdən qaçırmır - deyən Nizami Gəncəvi mahir psixoloq kimi çıxış edir. İnsanlar arasında baş verən saxtalığın, natəmizliyin, lovğalığın, paxıllığın, bədməcazlığın, yemək dostu olmağın, ədalətsizliyin, nakişiliyin, şəhvət arxasınca qaçmağın, düşmənçiliyin, vəfasızlığın, xəbisliyin, bəd nəfisliyin və sair mənfi halların yaranmasını tamahkarlıqda görür.
Heyhat, dünyadan köçdü ağzından dür saçanlar, Bal süfrəsi yerində eşşək arıları var. Ruzigara bax ki, sən nə üns qalıb, nə insaf, Namərdlik ucbatından insandan qaçır insan. Hanı ülfət, mərifət? İtib, tələf olubdur, İnsanlar qalırsa da, insanlıq məhv olubdur.
Əxlaq tərənnümçüsü Nizami Gəncəvi insanda düzlük, comərdlik, saf münasibət görmək istəyir, ancaq bu cür insanların Süleyman peyğəmbərin dünyasında qaldığını göstərir.
Dünya uzaq düşübdür Süleyman dünyasından, Sanki qeybə çəkilmiş gerçək insan, ər insan.
Nizami Gəncəvi qeyd edir ki, ey insan zəka sənə ona görə verilmişdir ki, öz ruhunun qayğısını çəkəsən! Amma sən əksinə davranırsan, tamahın ucbatından özünü dəli, divanə edirsən. Əl çək acgözlükdən, sərvət və şöhrət düşkünlüyündən. Əgər sənə verilən ömrü dəyərləndirə bilməsən, tamahdan əl çəkib yaşamağı bacarmasan aslanlar, yırtıcılır, gecə və gündüz kimi ikiüzlülər səni kamına çəkəcəklər, yəni səni aldadacaqlar. Əlizunluq etmə, sən ki pişik deyilsən, Qoşulma dələduztək, dələyə, tülküyə sən. Ölüm tələsi qurmuş bu yolun üstə aslan, Neçin susuz maraltək quyuya üz tutmusan? Nəfs atını bu qədər havalandırma yetər, Tap bir təmiz su iç ki, sənə düz yediriblər. Nəfsinin xırmanına od vur, elə bir od ki, Nəfsin qoy yanıb sönsün suda təbaşir təkin.
Bu kimi səciyyələndirmələrdən sonra Nizami Gəncəvi yazır ki, ey insan, sənin dilxor olmağın, rənginin saralıb solması dünya malına aludəliyindəndir, nəfsinin, tamahının ucbatındandır. Onillik sirkə içibmiş kimi üz-gözünü turşudursan. Hey-hat, sənin az qala yüzillik acgözlüyünü onillik sirkə apara bilərmi? Səfranı (ürəkbulanmanı) sirkə ilə müalicə etsələr də, bunun sənə heç bir xeyri yoxdur. Ey yırtıcı nəfsinin yağında yanan, qovrulan İnsan! Nə qədər ki, sağsan, bu cahan mətbəxinin ocağında quru odun kimi od tutub yanacaqsan, o dünyada isə səni yalnız cəhənnəm alovları gözləyir - deyir.
Saralmısan, görürəm sənin solğunluğunu, Onillik sirkə belə apara bilməz onu. Acgözlüyün yüzillik çırağın yağı kimi, Səni onillik sirkə pak eləyə bilərmi? Ağır yük daşımaqdan qozbel oldun, şil oldun, Yandın nəfsin yağında, ömür boyu qovruldun. Sən - cahan mətbəxində ocağın külü, hisi, Qiyamət günündəsə cəhənnəm gözətçisi!
“Dünya qayğılarından qurtulma bəhsi” adlı doqquzuncu söhbətdə Nizami yenə Tanrının İnsana verdiyi dəyərdən söz açır. Yazır ki, biz kainatın əşrəfi yaranmışıq. Bütün başqa varlıqlardan fərqli olaraq bizə düşünmək və dünya bilməcələrini qavramaq, anlamaq istedadı verilib. Yeddi qat göylərin sirlərini də açan bizik, fələyin əbcəd-dini, əlifbada hərflərin düzülüş qaydasını Yerin yazı taxtasında yazıb-oxuyan da bizik. Lakin sən tamahın ucbatından yenə narahatsan. Bircə ip üstündə oynamaq səni təmin etmir. Heç yanda qərar tuta bilmirsən. Halbuki, kamil insan özünün bütün qüvvəsini, bədən və idrak enerjisini bəşəriyyət və tərəqqi naminə xərcləməli, özü üçün yox, özgələr üçün yaşamalıdır. N.Gəncəvi üzünü tamahkar insana tutaraq deyir: Ey insanlıqdan əl çəkib nəfsə, tamaha uyan insan! Səni maddi dünyaya bağlayan yırtıcı ehtiraslardan əl çək, mənəvi aləminin qayğısına qal! Atan Həzrəti Adəmin yolunu get! Günahlarından əl çəkmək üçün tövbə qıl, təmizlən, pak ol! Zülm etməyə, ucuz ehtiraslara, sərvət, şöhrət, düşkünlüyə sərf olunan hədər günlərin yerini doldurmağın yeganə çarəsi tövbə qılmaq, din yoluna qayıtmaq və insan kimi yaşamağın qaydalarını öyrənməkdir. Ulu göylər daim öz qasırğaları, ildırımları və göy gurultuları ilə tamah içində yatmış insanı ayıltmağa, xəbərdar etməyə çalışır ki, bir mənəvi ömür də var. Onu düşün! Öləndə yatmaq eyib deyil. Tamah yuxusunda yatmaq eyibdir. Ayıl! O dünyaya köçmək üçün azuqə yığ, mənəvi ömrünü uzatmaq üçün çarələr tap.
Biz ki, doqquz fələyin dərs aldıq məktəbində, Əbcədini oxuduq bizim yer lövhəsində. Tanrının yoğurduğu bu torpağı tanı sən, Şükür qıl, ey naşükür, ən ulu zirvədəsən. Tərəddüd içindəsən. Özgə hansı işin var? Bircə ipin üstündə tuta bilmirsən qərar. Ey sadə insan oğlu, dədənə bax, dədənə, Gör neylədi? Dədənin yolu “Gəl!” deyir sənə. Ayıltmasa göy səni çəkil, hicra guşəyə, Bir azca azuqə yığ, o dünyaya köçməyə.
Nizami deyir ki, sərvətə, var-dövlət yığmağa susuzluğunu, təşnəliyini yalnız və yalnız zəka, tədbir, səbr, təmkin sayəsində söndürə, öldürə bilərsən. Necə ki, gündüz gecəni öz nuru ilə boğub öldürür. Nizamiyə görə, könlü işıqlandıra bilmək üçün - maddi dünyadan əl çəkib mənəvi dünyaya qovuşmalısan. Ən böyük səadət heç də maddi aləmdə deyil, yalnız ruhun qüdrəti sayəsində qazandığın mənəvi aləmdədir. Buna görə də, lazım gələrsə nəfsinə neştər batırmağı bacar.
Neştər batır nəfsinə, ey fələktək saxtakar, Ac gözlü, qısa yenli, uzun əlli tamahkar.
Nizami Gəncəvi əsaslandırır ki, şahlar, krallar, səltənət imperiya başçıları xalqların, müstəmləkə məngəsənəsinə saldıqları ulusların qanını şüşəyə tutmaq hesabına varlanır, özlərinə qızıldan taxt-tac düzəltməklə bəşəriyyətin nifrətini, qəzəbini qazanırlar. Sikkə vuran dəmirçilər isə halal əmək adamlarıdır, buna görə rəğbətə, məhəbbətə layiqdirlər. Nizami özünü vara-dövlətə, qızıla təslim edənləri bədbəxt adlandırır. Çünki onların hamısı bu dünyada qalandır.
Nə vaxtacan əl atıb özgə budağına sən, - Dövlətim kaş bir azda çox olsun! - deyəcəksən? Tutalım, qamarlayıb, aləmi tutdun da sən, Gedəndə ki, əl çəkib, əliboş gedəcəksən.
İnsan tərbiyəsinin böyük təbliğatçısı olan Nizami Gəncəvinin “Sirlər xəzinəsi” əsəri insan əxlaqının paklığı, saflığı, təmizliyi və təkmilləşdirilməsi haqqında mükəmməl bir dərslik kimi istifadə olunmalıdır - desək, yanılmarıq. Ümumiyyətlə, dinimizdə, elmi-fəlsəfi fikrimizdəki insan əxlaqının saflaşdırılması ideyası Nizami yaradıcılığında başlıca keyfiyyət kimi təzahür edir. Nizami deyir ki, sən dünyaya insan kimi yaşamaq üçün gəlmisən. Nizami Gəncəvi bir tərəfdən insanı əşrəf hesab edərək, elmlə birlikdə onu ən yüksək xilqət sayır, “onun tərəqqiyə bais oldu”ğunu söyləyir, digər tərəfdən mühitin də ona təsir göstərdiyini şərh edirdi. İnsanın qüdrət və qüvvətinə inam, həmçinin, tərəqqidə insanın mövqeyi, mühitin insana bəd və xoş təsir bağışlaması Nizami yaradıcılığında tərbiyə mövzusunun leytmotivini təşkil edir. Əsərdə Nizami Gəncəvi insanlığı kiçik və böyüklükdən, hökmdar və nökər, rəiyyət və əmir və i.a. kimi silk və imtiyazlara baxmayaraq hamıya şamil edir. Tərbiyə insanı yalnız cəmiyyət içərisində müşərrəf olmağa deyil, bütün mötədil və xoşəxlaqlığa sövq edir - deyən Nizami tərbiyənin qüdrətinə böyük inam bəsləyirdi. Nizami Gəncəvi insan tərbiyəsinin sonsuz olduğunu söyləyərək onun anadan olduğu bir gündən ta qəbr evinədək davam etdiyini göstərir.
Yekun olaraq qeyd edək ki, Nizami Gəncəvi “Sirlər xəzinəsi” əsəri ilə oxucusuna insana xidmət bayrağı daşımağı tövsiyə etmiş, yırtıcı ehtiraslara kölə olmamağı məsləhət bilmişdir. Bu mötəşəm əsəri ilə əxlaq çeşməsi Nizami Gəncəvi insan şəxsiyyətinə, insan inkişafına və tərbiyəsinə sanki himn bəstələmişdir.
Kamal CAMALOV, Naxçıvan Müəllimlər İnstitutunun dosenti, pedaqogika elmləri doktoru, Əməkdar müəllim
|
|
02.04.2021 | 16:17 | |
|
|
|