Təhsilimiz: dünəndən sabaha

Müstəqillik əldə etdikdən sonra bütün istiqamətlərdə olduğu kimi, təhsil sahəsində də köhnə sistemin köhnəliklərindən qurtarmağın yeganə yolu kimi islahatlara rəvac verildi. Təbii ki, bu yolda bizi uğurlarla yanaşı, səhvlər də gözləyirdi. Mütəxəssislər səhvlərin vaxtında aşkar edilməsi, aradan qaldırılması və ya ən azı neqativ təsir dərəcəsini azaltmaq üçün görülən işlərin təhlil edilməsinə üstünlük verdilər. Bu ən düzgün yol idi. Xüsusən təhsil sahəsində görülən hər bir yenilik mütəmadi olaraq təhlil edilməlidir.

 

Yalnız bu yol ilə həyata keçirilən islahatlarda xətaları vaxtında korrektə etmək mümkündür. Alimlərimiz, təhsil sahəsində çalışan mütəxəssislər, qabaqcıl müəllimlər mütəmadi olaraq kütləvi informasiya vasitələrində dəyərli məqalələri ilə diqqəti cəlb etmişlər. Bu günlərdə həyata keçirilən islahatların daha da səmərəli xarakter daşıması üçün görülmüş işlərin zaman və məkan kontekstində təhlilini özündə əxz edən yeni bir kitab - Azərbaycan təhsilinin inkişafında mühüm rol oynayan Asif Cahangirovun “Təhsilimiz:dünəndən sabaha. Optimistin baxışları” adlı kitab işıq üzü görmüşdür.

 

Qəzet səhifələrində formalaşan pedaqoji düşüncələr

 

Asif Çahangirovun 2008-ci ildə “Zerkalo” qəzetində çap etdirdiyi, ölkəmizdə islahatların daha yüksək səviyyədə həyata keçirilməsinə xidmət edən silsilə məqalələri bu gün də təhsil ictimaiyyətinin yadındadır. Həmin məqalələrdə ölkəmizdə həyata keçirilən islahatların uğurları, meydana çıxan nöqsanları, bu nöqsanların aradan qaldırılması yolları təcrübəli təhsil təşkilatçısı tərəfindən necə də incəliklə təhlil edilməsi, təhsilin inkişafına xidmət edən hər bir təhsil işçisi üçün, öz fəaliyyətini daha da düzgün təşkil etmək istiqamətində  mayak rolu oynamışdır.

 

Həmin müddətdən xeyli vaxt keçmişdir, bu gün islahatlar özünün sonuncu mərhələsinə qədəm qoymuşdur. Bu müddət ərzində yeni uğurlar əldə edilməklə yanaşı, təbii ki, bəzi korrektə işlərinin həyata keçirilməsinə ehtiyac yaranmışdır. Azərbaycan təhsilinin daha da inkişaf etdirilməsi istiqamətində var qüvvəsi ilə çalışan Asif  Cahangirov “Zerkalo” qəzetində çap olunmuş məqalələrə yenidən müraciət etmiş, onları kitab formasında çap etdirmək qərarına gəlmişdir. Bu, olduqca vacib və zəruri qərar idi. Təbii ki, müəllif həmin məqalələri olduğu kimi deyil, həmin müddətdən bu günə qədər keçən vaxt ərzində baş verən dəyişiklikləri, yenilikləri təhlil etmiş, hadisələri həyata keçirilən islahatların fəth etdiyi yeni zirvələrdən baxaraq qiymətləndirmişdir. Müəllif baş verən dəyişiklikləri müqayisəli təhlil edərək, əldə olunan nailiyyətləri sevinc hissləri ilə vurğulayır. Bununla yanaşı həyata keçirilən islahatların görünən və görünməyən zəruri məqamları da kitabda açıqlanır və bu günün prizmasından onların həlli yollarını müəllif təcrübəli ustad təhsil işçisi kimi göstərir. Bu, kitabın ən böyük məziyyəti kimi dəyərləndirilməlidir.       

 

Azərbaycan universitetləri dünya reytinq cədvəllərində

 

Kitabda müəllif ilk növbədə ali təhsilin problemlərinə diqqət yetirir. Bu zaman o dünya miqyasında ən yaxşı ali təhsil müəssisələrinin reytinq cədvəllərinə (THE World University Rankings (THE), QS World University Rankings (QS), ARWU-500 və b.) diqqəti cəlb edir. Bu reytinq cədvəllərində o, 2008-ci il ilə son dövrlərin məlumatlarını müqayisəli təhlil edir. 2008-ci ildə bu cədvəllərdə post-sovet məkanında olan ölkə universitetləri arasında yalnız Moskva Dövlət Universitetinin adının olduğu qeyd olunur. Bunu bəlkə də təbii sayan müəllif son dövrlərdə reytinq cədvəllərində dəyişikliklərin baş verdiyini və THE World University Rankings cədvəllərində Rusiyanın 5, Estoniyanın 1, QS reytinq cədvəlində Rusiyanın 17, Qazaxıstanın 3, Estoniya, Belarus, Ukrayna və Litvanın 1 universitetinin daxil olduğunu göstərir. Müəllif bu cədvəllərdə ölkəmizin ali məktəblərini axtarır və bu universitetlər arasında yalnız Bakı Dövlət Universitetinin olduğunu qeyd edir. Kitabda reytinq cədvəlləri və onların universitetləri qiymətləndirməsi xüsusi cədvəllər vasitəsi ilə oxucunun diqqətinə çatdırılır.  Müəllifin haqlı sualı ortaya çıxır: - Universitetlərimizin dünya reytinqində aşağı yer tutmasının səbəbi nədir? Təbii ki, bu suala cavab vermək çətindir. Əlbəttə, bu gün universitetlərimiz əvvəlki illərlə müqayisədə böyük inkişaf yolu keçib, bunu danmaq insafsızlıq olardı, amma günün reallığından qiymətləndirəndə bu inkişafı qaneedici saymaq o qədər də asan deyil. Müəllif çıxış yolunu dövlətin dəstəyi ilə ölkədə azı bir-iki top-universitetin yaradılmasında və digər Azərbaycan universitetləri üçün genişəhatəli strateji plan hazırlamaqda görür. Sevindirici haldır ki, bu istiqamətdə artıq diqqətçəkən işlər görülür və kecən ilin nəticələrinə görə Azərbaycanın daha iki universiteti (Azərbaycan Dövlət İqtisad Universiteti, Xəzər Universiteti) reytinq cədvəllərində özünə yer edə bilmişdir. Düşünürük kü, görülmüş tutumlu işlərin nəticəsində yaxın gələcəkdə daha bir neçə universitetimiz dünya reytinq cədvəllərində fərəhlə ölkəmizin başını daha da uca edəcək.   

 

Boloniya bəyannaməsi və Azərbaycan universitetləri 

 

2005-ci ildə Azərbaycan universitetlərinin Boloniya bəyannaməsinə qoşulması ilə universitetlərin sürətlə inkişaf edəcəyi gözlənilirdi. Kitab müəllifi bu inkişafın nə üçün ləng getdiyinin səbəblərini axtarır. Bu məsələdə onun mövqeyi belədir ki, Boloniya bəyannaməsinin başlıca ideyaları, tövsiyələri, təklifləri dərindən öyrənilib, həyata keçirilsə  təhsilin inkişafına, rəqabətqabiliyyətli ali təhsil sistemini qurmağa, qlobal təhsil xidməti bazarında bərabərhüquqlu tərəf kimi çıxış etməyə təkan verə bilər. Müəllif bu zaman haqlı olaraq ikipilləli ali təhsil modelinə keçərkən təhsilin məzmununda hansı dəyişikliklərin baş verməsinin, bakalavriat və magistratura pillələrində tədris proqramlarının necə dəyişdiyinin, mövcud olan kredit sisteminin təhsilin keyfiyyətinə nəzarət sistemlərinin hansı səviyyədə Avropa standartlarına uyğun gəlib-gəlmədiyinə diqqəti cəlb edir. Boloniya prosesinə keçərkən universitetlərin inkişafının ləng getməsinin səbəblərinin bu istiqamətdə olduğunu vurğulayır və bu ləngimənin aradan qaldırılması üçün bakalavriat və magistratura təhsil pillələrində məzmun baxımından  nələrin dəyişilməsinin zəruri olduğuna aydınlıq gətirir.

 

Ali təhsilin keyfiyyətinin artırılması baxımından müəllif Avropa Kredit Transfer Sisteminin, yəni tələbənin iş yükünü, təhsilalma istiqamətini və xüsusiyyətlərini müəyyənləşdirməyə imkan verən modelin daha düzgün tətbiqinin vacibliyini vurğulayır. Məlum olduğu kimi, Boloniya bəyannaməsi Avropa ali təhsil müəssisələrini ECTS modelinə uyğun gələn akademik kreditlər sistemini tətbiq etməyə səsləmişdir. Bu, hər şeydən əvvəl genişmiqyaslı tələbə mobilliyini dəstəkləyir, tələbəyə fənni, müəllimi, fərdi təhsil trayektoriyasını, fərdi təhsil proqramını seçmək hüququ verir. Kredit sistemi tətbiq olunan bütün Avropa universitetlərində müəllim mütləq tədris etdiyi fənn və kurslar üzrə mənimsəmə nəticələrinə aid tələblər işləyib hazırlamalıdır. Hər bir ali məktəb müəllimi tədris portalında şəxsi səhifəsini yaratmalı, habelə tədris etdiyi fənnə aid xüsusi səhifə hazırlamalıdır. O, tamamilə düzgün olaraq, burada tələbələrin sərbəst işləməsi üçün zəruri informasiya mənbələrinin siyahısının, elektron istinadların mütəmadi olaraq yenilənməsini, auiditoriya məşğələlərinin mətnlərini və onları müşahidə edən multimedia nümunələrini (animasiya, klip, təqdimat və s.), habelə keçiriləcək seminarların planını, yoxlama işlərini, testlərin məzmununu və s. məlumatların yerləşdirməsini zəruri sayır. Bu məsələlərin mütləq əksəriyyəti özünün formalaşma dövrünü keçir. Onların bu günə qədər tam formalaşa bilməməsinin obyektiv səbəbləri var. Kitabda bu məsələlərin həllinin daha da sürətlənməsi yolları göstərilir. Müəllif bu yollardan biri kimi Bəyannamənin həyata keçirilməsi ilə bağlı qəbul edilmiş kommünikelərə diqqəti cəlb edir və həmin kommunikelərin tələblərinin yerinə yetirilməsini zəruri sayır.

 

Kitab müəllifi tələbələrdə səriştələrin inkişafı məsələsinin də zəruri olduğunu vurğulayır və tamamilə düzgün olaraq bunu Boloniya prosesinin əsas tələbi kimi dəyərləndirir,  səriştələrin bu və ya digər çeşiddə ali təhsil müəssisələri və orta məktəblərin kurikulumları - təhsil proqramlarında öz əksini tapdığını qeyd edir, lakin bu səriştələrin aşılanması mexanizmlərinin, səriştələrin formalaşdırılması metodologiyasının daha əhatəli şəkildə açıqlanmasının zəruriliyini göstərir.  

 

Kitabda haqlı olaraq, əcnəbi tələbələrin ölkə təhsilinə cəlb edilməsini, elmi tədqiqat işlərinin keyfiyyətinin artırılmasını, elmi nəticələrin nüfuzlu jurnallarda (impakt-faktorlu) nəşr edilməsini, nüfuzlu təhsil müəssisəsi olmaq üçün əsas meyar kimi ali məktəbdə tanınmış alimlərin işləməsinin dəyərləndirilməsini, universitet müəllimlərinin fənnin tədrisində fəal və interaktiv təlim metodlarından daha çox istifadə etmələrini, rəqəmsal texnologiyaların təhsilə inteqrasiyasını, distant təhsilin həyata keçirilməsini və s. təhsilin keyfiyyətinin artırılması yolları kimi qiymətləndirilir.

 

Ümumi təhsil məktəbində təhsilin məzmunu

 

Orta məktəbin problemlərinə toxunan müəllif kitabda diqqəti, ilk növbədə, tamamilə haqlı olaraq, təhsilin məzmunu məsələsinə cəlb edir. Onun fikrincə, orta təhsil qarşısında duran ən mühüm vəzifə müstəqil həyata qədəm qoyan orta məktəb məzununa zəruri bilik, bacarıq, səriştələr aşılamaq, onu keşməkeşli və sürətlə dəyişən həyata hazırlamaqdan ibarətdir. Müəllifin problemə yanaşma tərzi pedaqoji maraq kəsb edir və təhsilin qarşısına qoyulan məqsədlə, riyazi terminlə desək, düz mütənasibdir. Lakin, təəssüf ki, məktəblərimizdə hələ də daha çox sovet dövründən qalma fundamental biliklərin şagirdlərə öyrədilməsinə üstünlük verilir, bu isə qarşıya qoyulan məqsədlərə tərs mütənasibdir. Bu istiqamətdə məsələyə tamamilə düzgün yanaşan müəllif, qeyd edir ki, səriştəəsaslı yanaşma şəraitində təhsilin fundamentallaşdırılması bu səpkili biliklərin mütləq və yalnız dərindən öyrədilməsinə deyil, həmin biliklərin standart və xüsusilə də, qeyri-standart şəraitdə tətbiq etmək qabiliyyətlərinin formalaşdırılmasına yönəlməlidir. Kitabda səriştələrin təsnifatına xüsusi diqqət yetirilir.

 

Bu fikirlərin fonunda müəllif çıxış yolu kimi, fikrimizcə çox haqlı olaraq, hazırda tərtib edilmiş fənn kurikulumlarının məzmun və həcminin yüngülləşdirilməsində görür və Avropa Şurasının tövsiyələri əsas götürülərək, ölkəmizdə orta təhsilin minimal standartlarının yaradılmasında və tədrisin şagirdlərin öz biliklərini təcrübədə, konkret həyat şəraitinə tətbiq edə bilməsində, fənlərin tətbiqi məsələlərinin artırılmasında, bu yolla məktəb məzunlarının hamısının müstəqil həyata hazırlamaqda görür.

 

Müasir müəllimi necə müasirləşdirməli

 

Təhsilin məzmunu təbii ki, müəllim tərəfindən şagirdlərə ötürülür. Müəllif kitabda müəllimin şagirdin formalaşdırılmasında nəhayətsiz rol oynadığını vurğulayır və həyata keçirilən islahatlarda bəzi hallarda müəllimlərin pedaqoji fəaliyyətinin müasir dövrün tələblərinə tam cavab vermədiyini qeyd edir və “Müasir müəllimi necə müasirləşdirməli” (bu yarımbölmənin adı pedaqoji incəliklə təfsir edilir və müəllimin fəaliyyətinin köklü problemlərə malik olduğunu özündə əxz edir) yarımbölməsində müəllimlərin müasirləşdirilməsinin yollarını axtarır.Müəllifin fikri ilə razılaşmamaq olmur. Bu, həqiqətdir ki, bu gün müəllim şagirdlər qarşısında özünü şəxsiyyət kimi təsdiq edə bilməlidir. Bunun üçün hər bir müəllimin öz konsepsiyası olmalıdır. Bütün dövrlərdə konsepsiyası olan müəllim hamının gözündə qabaqcıl müəllim kimi nüfuz qazanıb. Qəribədir, bəs qabaqcıl olmayan müəllimləri necə adlandırırlar? Cavab aydındır, “adi müəllimlər”. Görəsən, adi müəllimlər müasir dövrün tələblərinə uyğun şəxsiyyət yetişdirə bilər? Bu suala cavab vermək cətindir. Amma biz bu sualların fonunda müəllifin vəziyyətdən çıxış yolu kimi müəllim hazırlığının yaxşılaşdırılmasına diqqəti cəlb etməsini təqdir edirik. Burada, ilk növbədə, müəllif  haqlı olaraq, qəbul imtahanlarında abituriyentin pedaqoji ixtisasa yararlığının ölçülməsini məqsədəuyğun hesab edir. Müəllifin fikri ilə biz tam razıyıq, pedaqoji ixtisaslara qəbul olan abituriyentin təkcə bilik səviyyəsi deyil, həmçinin pedaqoji qabiliyyətə malik olması müəyyən edilməlidir. Hətta fikrimizcə, müəllimlik ixtisasına qəbul şərtləri nisbətən ağır olmalıdır. Müəllim hazırlığı üzrə kadr hazırlığında tələbələri daha çox fundamental biliklərlə silahlandırmaq əvəzinə, tədrisin praktik yönümlüyünün artırılması zərurəti yaranır. Düzdür, son standartlarda müəllim ixtisasları üzrə kadr hazırlığında bu tələbə xüsusi qayğı ilə yanaşılmış, tələbələrin məktəbdə təcrübə keçməsi üçün ayrılan vaxt artırılmışdır. Lakin tələbələrin təcrübə keçdiyi  bəzi məktəblərdə didaktik şərait o qədər də məqsədəuyğun deyil. Bu isə tələbələrin pedaqoji təcrübəsinin keyfiyyətini aşağı salır.

 

Son söz əvəzi

 

Kitabda məktəbəqədər təhsil, təhsilin idarə olunması və digər aktual məsələlər haqqında dəyərli fikirlər vardır. Hesab edirik ki, kitab təhsil sahəsində çalışanların hamısı üçün faydalı olmaqla bərabər, təhsilin inkişafında nəzərəçarpacaq əhəmiyyət kəsb edəcək, həyata keçirilən islahatların daha yüksək səviyyədə reallaşmasında böyük rol oynayacaq və hər bir təhsil işçisinin stolüstü kitabına çevriləcək.

 

Hikmət ƏLİZADƏ,

professor, pedaqoji elmlər doktoru



02.04.2021 | 11:21