Elm olimpiadasının qalibləri | |
Son illərdə Təhsil Nazirliyinin istedadlı şagirdlərin üzə çıxarılması, onların bilik və qabiliyyətlərinin inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər nəticəsində məktəblilərimiz respublika fənn olimpiadalarında, eləcə də beynəlxalq səviyyəli bilik yarışlarında iştirak edir və uğurları ilə təhsilimizə öz töhfələrini verirlər. Dünyanı bürümüş pandemiya şəraitinə baxmayaraq məktəblilərimizin onlayn formatda keçirilən beynəlxalq olimpiadalarda qazandığı medallar ciddi uğurların davamıdır. Martın ortalarında Rusiyada onlayn keçirilmiş Qafqaz Riyaziyyat Olimpiadasının nəticələri şagirdlərimizin olimpiada əzmindən və yüksək potensialından xəbər verir. Bu olimpiadadan şagirdlərimiz 3 qızıl olmaqla 7 medal qazanmaqla olimpiada tariximizin keyfiyyətcə yenilənməsinə nail ola biliblər. Qaliblərin uğur hekayələrini oxucularımızla bölüşürük.
Beynəlxalq olimpiada mühiti
Fidan Qarayeva, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdi: - 2005-ci ildə Meksikada anadan olub. Azərbaycana 3 il bundan əvvəl gəlib. Fizika, riyaziyyat və informatika təmayüllü liseyin IX sinif şagirdidir. 2019 və 2010-cu illərdə Avropa Qızlar Riyaziyyat Olimpiadasında (EGMO) bürünc medallara layiq görülüb. 2020-ci ildə Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadasında (JBMO) gümüş, Balkan Riyaziyyat Olimpiadasında (BMO) bürünc, 2021-ci ildə Beynəlxalq Jautikov Olimpiadasında (İZhO) gümüş və nəhayət, bu ilin martında Qafqaz Riyaziyyat Olimpiadasında qızıl medal qazanıb.
- Beynəlxalq olimpiadaların ənənəvi qaydada keçirilməsinə daha çox üstünlük versəm də, online formatı da yüksək səviyyədə təşkil olunur. Belə ki, imtahan verdiyimiz zalda hər tərəfdə kameralar qoşulur və yerli təşkilatçılar imtahana yerində nəzarət etməklə bərabər, beynəlxalq təşkilat nümayəndələri də imtahanın gedişatını kamera vasitəsi ilə izləyirlər. Buna görə əsl beynəlxalq olimpiada mühiti hiss olunur. Ötən olimpiadaların qaliblərinin, məktəbdə isə Şəmsi müəllimin dərslərində iştirak edirəm. Olimpiadalara fərdi şəkildə də hazırlaşıram. Növbəti hədəfim aprel ayında keçiriləcək Avropa Qızlar Riyaziyyat Olimpiadasında uğurla iştirak etməkdir.
“Məqsədim Beynəlxalq Riyaziyyat Olimpiadasında layiqincə çıxış etməkdir”
Muhammed Nuriyev, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdi: - 2005-ci ildə Bakı şəhərində anadan olub. Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinfində təhsil alır. Dəfələrlə respublika fənn və bir sıra beynəlxalq olimpiadalarda iştirak edib. 2020-ci ildə Respublika fənn olimpiadasında riyaziyyat üzrə bürünc, 2021-ci ildə Jautikov Riyaziyyat Olimpiadasında bürünc və Qafqaz Riyaziyyat Olimpiadasında gümüş medallar əldə edib.
- Olimpiada 2 gün ərzində keçirildi. Hər gün 4 sual və bu sualları həll etmək üçün 4 saat vaxt verilirdi. Suallar klassik “Rusiya tipli” suallar idi. Mənim üçün olimpiadanın ilk günü 2-ci günə nəzərən daha uğurlu keçdi. Belə ki, ilk gün 22/28 bal, ikinci gün isə 14/28 bal topladım.
Gələcəkdə ən yaxın məqsədim Beynəlxalq Riyaziyyat Olimpiadasında layiqincə çıxış etməkdir.
“Hədəfim təhsilimi xarici universitetlərin birində davam etdirməkdir”
Toğrul Abbasov, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdi: - 2005-ci il iyulun 6-da anadan olub. Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdidir. Bu günə kimi 11 beynəlxalq olimpiadada iştirak edib. 3 qızıl, 3 gümüş, 3 bürünc və 2 həvəsləndirici mükafat qazanıb.
- Olimpiadaya əsasən fərdi qaydada hazırlaşırdıq. Həftənin şənbə və bazar günləri Stanford Universitetinin doktorant məzunu Cəfər Cəfərovla dərslər təşkil edilir və bunun da bizə böyük dəstəyi olur. Bu olimpiadada 2-ci iştirakımdır. Ötən il aşağı yaş qrupunda, bu il isə yuxarı yaş qrupunda qızıl medal qazandım.
Hədəfim Beynəlxalq Riyaziyyat Olimpiadasından (İMO) yüksək nəticə qazanmaq və dünyanın qabaqcıl universitetlərindən birində ali təhsilimi davam etdirməkdir.
“Qələbəmi şəhidlərimizə və qazilərimizə həsr edirəm”
Cəlil Hüseynov, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdi: - 2006-cı ildə Bakı şəhərində anadan olub. Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 9-cu sinif şagirdidir. Aşağı siniflərdə oxuyarkən bir neçə müsabiqənin qalibi olub. VII sinifdən Beynəlxalq Olimpiadalara Hazırlıq Mərkəzində təşkil olunmuş dərslərdə iştirak edir. Ötən il Respublika fənn olimpiadası və Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadasında bürünc medallar qazanıb.
- Bu il 12-17 mart tarixlərində keçirilən Qafqaz Riyaziyyat Olimpiadasından ölkəmiz adına qızıl medal qazanmışam. Olimpiadanın çox şəffaf keçdiyini düşünürəm. Bu olimpiadada iştirakımın əvvəlki olimpiadalardan əsas fərqi onda idi ki, torpaqlarımız işğaldan azad edilmişdi və mən qalib ölkənin vətəndaşı kimi olimpiadada iştirak edirdim. Ona görə də mən bu qələbəmi şəhidlərimizə və qazilərimizə həsr edirəm.
Ən əsas hədəfim bundan sonra iştirak edəcəyim bütün olimpiadalarda uğurlu nəticə əldə etmək, xüsusən də qızıl medal qazanmaq və dünyanın qabaqcıl universitetlərində təhsil almaqdır.
“Xaricdə təhsil almağı düşünürəm”
Amin Cəfərzadə, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi: - Gənc istedad ilk dəfə VI sinifdə riyaziyyat üzrə Respublika fənn olimpiadasına qosulub və bürünc medal qazanıb. Daha sonra təhsilini Fizika, riyaziyyat və informatika təmayüllü liseydə davam etdirməyə və ciddi şəkildə olimpiadaya hazırlaşmağa başlayıb.
- 2019- cu ildə 23-cü Junior Balkan Olimpiadasında bürünc, həmin il keçirilən respublika fənn olimpiadasında gümüş, 2020-ci ildə isə V Qafqaz Olimpiadasında bürünc medallara layiq görüldüm. Eyni ildə Respublika fənn olimpiadasından qızıl, 24-cü Yunior Balkan Olimpiadasından gümüş medallar qazandım. 2021-ci ildə Jautikov və Metropolis olimpiadalarında istirak etdim və hər ikisində gümüş medal aldım. Bu il isə Qafqaz Olimpiadasından bürünc medal qazandım. Olimpiada ciddi hazırlıq tələb edir, mən gün ərzində 6 -7 saat riyaziyyatla məşğul oluram. Bundan əlavə, bizə xüsusi müəllimlər dərs keçir. Olimpiada yüksək səviyyədə və online keçirildi.
Gələcəkdə məktəbi bitirdikdən sonra xaricdə təhsil almağı düşünürəm, çünki qazandığım medallar mənə dünyanın ən tanınmış universitetlərində yüksək təqaüdlə oxumağa imkan yaradır.
“Qızılı 3 bal ilə qaçırdım”
Elçin Musazadə, 2 nömrəli Texniki-Humanitar liseyin şagirdi: - 2005-ci il fevralın 14-də anadan olub. 2 nömrəli texniki humanitar liseyin X sinif şagirdidir. Son Qafqaz Olimpiadasında gümüş medala layiq görülüb.
- Olimpiadalara hazırlıq üçün çoxlu mənbələrdən (başqa ölkələrin yerli və beynəlxalq olimpiadaların) suallarını işləyərək hazırlaşdım. Olimpiada hazırlığında Cəfər Cəfərovun dərsləri də bizə kömək etdi. Məncə, olimpiada yaxşı keçdi, qızıl medalı 3 bal ilə qaçırdım. 7-ci sual həll edə biləcəyim sual idi, amma mümkün olmadı. Hədəfim belə səhvlərə yol vermədən daha yaxşı nəticə əldə etməkdir.
Hazırda ən böyük hədəfim Beynəlxalq Riyaziyyat Olimpiadasından (İnternational Mathematical Olympiad) ölkəmizə ilk dəfə qızıl medal gətirməkdir. Daha sonra SAT və IELTS imtahanlarında yaxşı bal yığıb top 20 universitetlərdən birinə təqaüdlə qəbul olmaqdır.
“Mənə dəstək olan müəllimlərimə minnətdarlığımı bildirirəm”
Yusif Qasımov, 220 nömrəli məktəb-liseyin şagirdi: - 16 avqust 2004-cü ildə anadan olub. 220 nömrəli məktəb-liseyin XI sinif şagirdidir. İlk dəfə olimpiadaya VI sinifdə təhsil alarkən “Təhsil ağlın simasıdır” adlı olimpiadada birincilik qazanaraq başlayıb.
- VIII sinifdən olimpiada ilə fəal məşğul olmağa başladım. Respublika fənn olimpiadalarında bürünc, gümüş və qızıl medallara layiq görülmüşəm. İki dəfə yeniyetmələrin, bir dəfə isə gənclərin Balkan Riyaziyyat Olimpiadasında iştirak edərək bürünc və gümüş medallar qazanmışam. İki ən nüfuzlu Asiya və Dünya Riyaziyyat Olimpiadalarında həvəsləndirici mükafatlar, bir sıra regional olimpiadalarda müxtəlif əyyarlı medallar əldə etmişəm. Son uğurum Qafqaz Riyaziyyat Olimpiadasıdır. Mənə dəstək olan müəllimlərimə və bütün insanlara öz dərin minnətdarlığımı bildirirəm.
“Olimpiadalarda yer tutmaq üçün ən önəmli olanı öz üzərində bacara bildiyin qədər çox çalışmaqdır”
Fidan Cəfərli, Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin şagirdi: - 2006-cı il oktyabrın 27-də Bakıda anadan olub. Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin IX sinif şagirdidir. VI sinifdə IV Məktəblilərarası Fənn Müsabiqəsində riyaziyyat fənni üzrə qızıl medal aldıqdan sonra respublika olimpiada komandasına qəbul olunub. Növbəti ildə fizika fənni üzrə qızıl medala layiq görülüb.
- VIII sinifdə Respublika fənn olimpiadasında bürünc medal aldım və beynəlxalq olimpiadalara hazırlığım bundan sonra başladı. Qafqaz Riyaziyyat Olimpiadası iştirak etdiyim ilk beynəlxalq olimpiada idi və bu olimpiadada həvəsləndirici sertifikata layiq görüldüm. Son 3 ildə dərslərimi olimpiada sinifləri üçün təyin olunmuş bir neçə fərqli müəllimdən almışam. Olimpiadalarda yer tutmaq üçün ən önəmli olanı öz üzərində bacara bildiyin qədər çox çalışmaqdır.
Gələcəkdə universitet seçimi ilə bağlı dəqiq qərarım hələ olmasa da, təhsilimi ya riyaziyyat, ya da kompüter elmləri üzrə davam etdirmək istəyirəm. Riyazi biliklərin bu sahələrin əsasını təşkil etdiyini düşünürəm. Lakin xəyalımdakı universitetlə bağlı ən böyük istəyim rəqabətli bir mühitin olmasıdır. Fikrimcə, insan üçün irəliyə yol açan rəqabət aparacağı insanlarla bir mühitdə olmasıdır.
Oruc MUSTAFAYEV
|
|
02.04.2021 | 10:06 | |
|
|
|