“Bizimlə üz-üzə gəlmək düşmən üçün dəhşət idi”

Məktəbdə müəllimdi. Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib Masallıda bir kənd məktəbinə müəllim təyin ediləndən - 2016-cı ildən bəri xalqların, millətlərin, dövlətlərin tarixi keçmişini öyrədir gələcək nəslə.  Şagirdlərinin tarixə hər  ekskursiyasına eyni həvəs, eyni maraqla bələdçilik edib indiyə qədər. Yalnız bir xalqın son 30 illik tarixinə ekskursiyadan zövq ala bilmirdi. Universiteti bitirəndən bəri Şuşanın, Xocalının, Cəbrayılın, Laçının, Qubadlının işğal tarixlərini əzbərlətdirirdi  şagirdlərinə. Buna özünü məcbur hiss edirdi. Axı, gələcəyimizi təhvil verəcəyimiz nəsil nəyin nə olduğunu bilməli, kimin kim olduğunu tanımalıydı.

 

Tanıdarkən bu dünyanın belə gəlib, belə getməyəcəyini də vurğulamağı unutmurdu. Getmədi də. Vəziyyət dəyişdi. Və vəziyyətin dəyişməyində özü də iştirak elədi. Artıq yazılmasında iştirak etdiyi tarixi qürurla şagirdlərinə öyrədəcək. Söhbət  Masallının Qarğalıq kənd Ə.Vəliyev adına tam orta məktəbinin tarix müəllimi Ceyhun Qurbanovdan gedir. 

 

Qızıma deyin...

 

1989-cu ildə doğulub. Masallıda müəllim işləsə, orada qeydiyyatda olsa da, Bakıda anadan olub, böyük şəhərdə böyüyüb, təhsil alıb. Qaydasız döyüş və boksla məşğul olub. Qaydasız döyüş üzrə Bakı çempionu, respublika finalçısı olub. Elə iş həyatına da Bakıda qatılıb. Müxtəlif sahələrdə  işləsə də, müəllim olmaq həvəsindən vaz keçməyib. İngilis və rus dillərini səlis bilən Ceyhun Qurbanov müəllim olmaq üçün böyük şəhərdən Masallının kəndinə gəlib. Əvvəlcə müəllim olub, sonra ata. Bir qız atası tarix müəllimi uğur hekayəsinə bir də Qarabağ qazisi statusunu əlavə edib.

 

Universiteti bitirəndən sonra hərbi xidmətə gedib. Kəşfiyyatçı tağım komandiri olaraq  2011-ci ildən 2013-cü ilədək xidmətdə olub. 2016-cı ilin aprel döyüşləri başlayanda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edib. Ancaq çağrılmayıb. 2020-ci ilin sentyabrında Dövlət Xidmətinə gedərək istəyində israr edib: “Sentyabrın 27-də rayon mərkəzinə getmişdim. Marşrutda eşitdim ki, Qodman kəndinə şəhid gəlib. Özü də kapitandır. Marşrutdan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yanında düşdüm. Müəllim yoldaşım da yanımdaydı. Məni əsgərlərin qeydiyyatdan keçdiyi tərəfə yönləndirdilər. Dedim əsgər deyiləm, zabitəm. Bu dəfə də dedilər ki, bir az gözləməliyəm. Artıq dözə bilməzdim. Odur ki, gözləmək istəmədiyimi deyib getməkdə israr elədim. Xidmətin rəhbərliyi nə qədər müddətə gələ biləcəyimi soruşdu. Dedim, 2 saata gələrəm. Razılaşdılar. Evə gəldim. Ata-anama xəbər vermədim.Qızımla vidalaşdım. Şəhid olsam, qızıma göstərsinlər deyə bir video hazırladım.Tez vidalaşıb çıxdım. Avtobuslara mindiyimiz vaxt isə bizi yola salmağa gələnlər arasında rayon ağsaqqallarından biri ilə görüşdüm. Ona da şagirdlərimi tapşırdım. Şəhid olsam, bu xəbəri onlara çatdırmağını, müəllimlərinin Qarabağın azad olunmasında iştirak edərək şəhid olduğunu söyləməyini xahiş etdim”.

 

7 əsgərlə 2 zirvə

 

 

 

Beləliklə, Qarğalıq kəndinin tarix müəlliminin kəşfiyyatçı zabit günləri başlayıb. Əvvəlcə Cəbrayılın, sonra isə Qubadlının işğaldan azad edilməsi uğrunda döyüşlərə qatılaraq yaralandığı günə - noyabrın 1-nə qədər ömrünə şərəfli səhifələr yazdırıb: “4-5 dəfə başçılıq etdiyim qrupla düşmənin içərisinə girdik. Dəfələrlə çətin tapşırıqların öhdəsindən məharətlə gəldik”.

 

Çətin tapşırıqları itkisiz icra etdiyi vaxt da oldu, mühasirəyə düşüb şəhid versələr də, əldə etdikləri mövqeyi tərk etməyərək ölümü gözlədikləri anlar da. İndi o anlar ömrünün acılı, bir o qədər də qürurlu  xatirələridir: “Yaddaqalan tapşırıqlarımızdan birini az əsgərlə itkisiz icra etdik. Səhərə qədər zirvə götürülməliydi. Çətin zirvələrdən biri idi. Bu tapşırığı yerinə yetirə biləcəyimi deyəndə bunun üçün nə qədər əsgər istədiyimi soruşdular. Dedim 7 əsgərlə. Komandir zarafat elədiyimi düşünərək, “zarafat yeri deyil” dedi. Ona sözlərimin zarafat olmadığını dedim və seçdiyim əsgərlərlə döyüş tapşırığının icrasına yollandım. Qarşımızda 2 zirvə vardı. Tapşırığımız onlardan birini almaq idi. Əsgərlərimlə hədəfimiz olan zirvənin arxasına fırlandıq. Özü də çox çətin yolla. Yoxuşla palıd meşəsindən keçməliydik. Yolda yoğun kollar vardı. Həmin tikanlı kolları əllə yarmaq mümkün deyildi. Kürəyimlə yarıb yol açır, əsgərlər keçəndən sonra mən yola davam edirdim. Bu çətinliyə baxmayaraq, ikinci zirvənin ətəyinə çatdıq. Yolda ikinci zirvənin müdafiəsində boşluqlar müşahidə etdim. Orada həmin zirvələr üçün strateji əhəmiyyətli yol keçir. Yolun nəzarətsiz olduğunu gördüm. Ona görə də ikinci zirvəni də ələ keçirdik. Əməliyyat başa çatandan sonra əlaqə yaradıb işarə verdiyimizi dedim. Komandir işarənin ermənilərdə olan zirvədən gəldiyini dedi. Bu zaman ona ikinci zirvəni də ələ keçirdiyimizi, tapşırığı itkisiz icra etdiyimizi qürurla söylədim”.

 

 

 

 

Generalla çiyin-çiyinə

 

General Mais Barxudarovla döyüşmək, ondan tapşırıq almaq gənc zabit üçün xüsusilə qürurvericidir: “Ən çətin yollarla, minamyot atəşi altında gedib hədəfə çatanda görürdük ki, Barxudarov artıq ordadır. Təəccüblənirdik. Çətinliklərə baxmayaraq maksimum sürətlə gəlir, ancaq yenə generaldan sonra çatırdıq”.

 

Generaldan aldığı döyüş tapşırıqlarını xatırlayan tarix müəllimi bu xatirələrini qoruyub saxlayacaq. Qubadlıda icra etdiyi çətin tapşırıqlardan birini aldığı o günü xatırladığı kimi: “General zabitlərin sırasının qarşısına keçib 1 könüllü lazım olduğunu dedi. Mənimlə yanaşı, başqa zabitlər də irəli çıxdıq. Məndən neçə əsgərim olduğunu soruşdu. Ona 25 əsgərim, onlardan 20-nin tam döyüş hazırlıqlı olduğunu bildirdim. Həmin döyüş tapşırığına 10 əsgərlə getdim. Qubadlıdakı yüksəkliklərdən biri uğrunda döyüşəcəkdik. Tapşırığımız minamyot atəşi altında çətin və təhlükəli yolu güllə atmadan sürətlə keçib həmin yüksəkliyin olduğu dağın ətəyinə çatmaq idi. Biz o yolu keçərkən öz mövqelərimizdən dəstəklənəcəkdik. Bizim mövqelərdən atəş açaraq ermənilərin diqqətini yayındıracaqlar, biz isə sürətlə dağa yaxınlaşaraq yüksəkliyi alacaqdıq. Hər atəşdən sonra 1-1.5 saniyə vaxtımız olur ki, 3-5 metrliyimizə düşən minamyotun qəlpələrindən yayınaq. Keçəcəyimiz yolda, sadəcə minamyot atəşindən deyil, həm də PK  atəşindən yayınmalıydıq. Yan-yörəmizə güllələr səpələnir, biz heç nəyə baxmadan sürətlə hərəkət edirdik. Zirvəni ələ keçirməyimizlə böyük bir əraziyə nəzarəti götürəcək, bununla da həmin yüksəkliyin təsiri altında qalan erməni mövqelərini də zərərsizləşdirmək imkanı əldə edəcəkdik. Tapşırığı uğurla yerinə yetirdik və zirvəni ələ keçirdik”.

 

Mühasirə

 

Çətin tapşırığı icra edib hər hansı mövqeni ələ keçirməklə iş bitmirdi. Olduğun mövqeyi qoruyub saxlamaq da onu almaq qədər önəmli idi. Bəzən itkisiz alınan zirvənin müdafiəsi qanlı olurdu: “Aldığımız mövqedə çox az qüvvə ilə gözləməyə davam etdik. Qarşımızdakı erməni mövqeləri ilə aramızda çox az məsafə vardı. Ermənilərə ərzaq gətirən maşın bilmədən bizim olduğumuz yerə girdi. Onlara atəş açsaq da qaçdılar. Amma bu əsnada mövqeni az əsgərlə mühafizə etdiyimizi də öyrəndilər və bizdən geri almaq üçün həmlə etdilər. Qarşımızda Qafan kəndi, sol tərəfimizdə ermənilərin səngəri, sağ tərəfimizdə isə meşə vardı. 1165 metr hündürlükdə olan bir yüksəklikdən söhbət gedir. Bu mövqedən Cəbrayıl və Qubadlı, hətta Gorus görünür. Meşədə erməni snayperlərinin mövqe tutduğundan da xəbərsiz idik. Özümüzünkülərə sarı cəmi bir tərəf vardı. Onun da tutulduğundan xəbərimiz olmayıb. Sıldırım olduğundan 25-30 metr aşağını görə bilmirdik. Bir də onda baxdıq ki, 75 əsgərlə həmin yolu bağlayıblar. Mühasirədə olduğumuzu gec anladıq və döyüşə başladıq. Hər tərəfdən atəşə məruz qalmışdıq. O döyüşdə ilk şəhidimiz Azər Salmanov oldu. Qarşıdakı erməni mövqelərindən atılan və yaxınlığımıza düşən minamyot zərbəsi ilə qulaqlarımız batdı, huşumuzu itirdik. Ayılandan sonra da yerdə halsız qıvrıla-qıvrıla qalmışdıq. Daha bir minamyot atəşi eşidildi. Ancaq minamyot yanımızdan keçib bizi mühasirəyə salan düşmən qüvvələrini tutdu. Onların qışqır-bağırlarını eşidirdik. Ermənilərin açdığı atəş özlərininkini məhv etdi və nəticədə mövqeyimizi qoruyub saxladıq. Söz verdiyimiz kimi, tapşırığı icra edib həmin mövqeni özümüzünkülərə təhvil verdik və növbəti döyüş tapşırığına yollandıq”.

 

Ceyhun müəllim bu döyüşlə bağlı deyir: “Yüksəkliyi alan kimi sərhədlərimizin bərpa edilməsi barədə məlumat vermişdik. Nə olursa-olsun, həmin mövqedən geri çəkilə bilməzdik. Qazandığımız heç bir mövqeni tərk etməyi düşünmədik”.

 

Böyük qələbəyə gedən yol

 

Nəhayət, o günü, noyabrın ilk gününü xatırlayır. 3 nəfər döyüşçüylə birlikdə minaya düşüb yaralandıqları həmin günü. Mühasirədən çıxıb növbəti döyüş tapşırığına gedərkən ayaqları altında qalıb dostlarından  ayaqlarını alan, onun isə yaralanmağına səbəb olan o minalar böyük zəfərə can atan 3 qəhrəmanın yolunu kəsdi. Üçü də yerdədir. Döyüşçü yoldaşlarının ayaqlarını itirdiyini görür. Özünün də ayaqlarında ağrı hiss edir. Döyüşü davam etdirirlər. İtirdikləri hər nə, hansı bədən əzaları olur olsun, döyüş əzmini itirmirlər.

 

Qələbə xəbərini müalicə aldığı hospitalda alıb. Qazi dostları ilə qeyd edib böyük günü.

 

O, artıq qazi müəllimdir. Keçdiyi döyüş yolu qəhrəmanlıq xatirələri ilə doludur: “Hücuma keçəndə qışqırırdıq. Səsimizlə canlarına vəlvələ salırdıq. Səsimizi eşidəndə artıq bilirdilər başlarına nə gələcəyini. Elə həyəcanlanırdılar ki, silahı hara tuşlayacaqlarını belə müəyyənləşdirə bilmirdilər. Bizimlə üz-üzə gəlmək düşmən üçün dəhşət idi. Təsəvvür edin ki, 7 metr məsafədə erməni əsgəri bizi vura bilmirdi. Ən yaxın məsafədə onlar həyəcandan silahı göyə tutub atəş açırdılar. Dəfələrlə səngərlərində içki və psixotrop maddələr olduğunu görmüşük. Qorxularını bu yolla yenməyə çalışırdılar. Bizim 25 nəfərlik qrupda əsgərlərin 7-8 nəfəri döyüşdə Rembo kimiydi. Ancaq bu qədər döyüşə qatıldım, ermənilərin içərisinə girdik, bu ruhu, döyüşkənliyi onlarda görmədim. Qarşımızda nə qədər aciz olduqlarını göstərirdilər”.

 

Kənd müəllimi deyir ki, şəhid və yaralılarımıza münasibətimizlə də fərqlənirdik düşməndən: “Heç vaxt döyüş dostlarımızı meydanda qoymazdıq. Hara getsək, çiynimizə götürüb gedirdik. Biz şəhidlərimizi başımızın üstündə daşıyırdıq. Ancaq onlar meydanda qoyub qaçırdılar”.

 

Məktəbə qayıdanda

 

Ceyhun müəllim artıq doğma məktəbinə qayıdıb. Daha işğal tarixindən yox, qəhrəmanlıq, zəfər tarixindən bəhs edəcək şagirdlərinə: “Ən çox ona sevinirəm ki, artıq işğal tarixini yox, Şanlı Zəfər tarixini şagirdlərimə əzbərlətdirəcəyəm”.

 

Ceyhun müəllim artıq yeni nəslin qarşısında başıaşağı olmadığımızın, onlara qürurverici tarix miras qoymağımızın haqlı qürurunu yaşayır: “Qürur duyuram ki, tarix yazan müəllimlərdən biriyəm”.

 

Tarix müəllimi ölkə Prezidentinin sərəncamı ilə  “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.

 

Ruhiyyə DAŞSALAHLI

 



02.04.2021 | 13:24