Naxçıvanda STEAM Tədris Mərkəzi yaradıldı

Dünyanın inkişaf etmiş ölkələrində tətbiq edilən STEAM təlim metodu 2020-2021-ci tədris ilindən Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərində də tətbiq olunur. Bu məqsədlə STEAM kabinələri yaradılır, müəllimlər STEAM təlimlərinə cəlb olunur. Təlimlərin yüksək səviyyədə təşkilini təmin etmək məqsədilə Heydər Əliyev adına tam orta məktəbdə STEAM Tədris Mərkəzi yaradılıb və mərkəzin təqdimatı keçirilib.

 

Naxçıvanın təhsil naziri Rəhman Məmmədov bildirib ki,  muxtar respublikada təhsilin inkişafı istiqamətində mühüm işlər görülüb, müasir standartlara cavab verən təhsil müəssisələri tikilib, həmin müəssisələrin maddi-texniki bazası möhkəmləndirilib və infrastrukturu yenilənib.

 

Təhsil naziri qeyd edib ki, yaradılan şərait təhsildə təlim metodlarının tətbiqinə geniş imkanlar açıb, 2020-2021-ci tədris ilindən muxtar respublikada STEAM layihəsinin tətbiqinə başlanılıb. Ümumtəhsil müəssisələrində STEAM kabinələri yaradılır, kabinələr lazımi avadanlıqlarla təchiz olunur. Həmçinin təlimə aid metodik vəsaitlər, eləcə də VI, VII sinif dərslik və proqlamlar çap olunaraq istifadəyə verilib.

 

Bildirilib ki, ötən müddət ərzində Şərur rayon Qarabürc və Şəhriyar, Ordubad şəhər 1 nömrəli və Nüsnüs, Naxçıvan Qarnizonu, Naxçıvan şəhər 5, 11, 12 və 14 nömrəli tam orta məktəblərdə, Heydər Əliyev Uşaq Gənclər Yaradıcılıq Mərkəzində, Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə, Culfa Rayon Texniki Yaradıcılıq Mərkəzində və Heydər Əliyev adına Hərbi Liseydə STEAM kabinələri yaradılıb. Hazırda isə əlavə olaraq 38 məktəbdə STEAM kabinələrinin yaradılmasına başlanılıb.

 

Vurğulanıb ki, STEAM-ın tətbiqi təkcə kabinələrin yaradılması və tədris materiallarının çap olunması ilə yekunlaşmayıb, bu sahədə kadrların hazırlanması istiqamətində də tədbirlər həyata keçirilib. Bu günə qədər 60 müəllimə Naxçıvan  Təhsil Nazirliyi, 150 müəllimə isə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən STEAM təlimləri keçirilib.

 

Təhsil nazirinin sözlərinə görə, muxtar respublikada STEAM üzrə müəllim kadrların hazırlanması STEAM Tədris Mərkəzinin yaradılmasını zəruri edib və hazırda fəaliyyətə başlayan mərkəz bütün zəruri avadanlıqlarla tam təmin olunub.

 

Nazir mərkəzin imkanlarından səmərəli istifadə olunması, müəllimlərin STEAM təlimlərinə cəlb edilməsi, təlimlər zamanı STEAM metodologiyaları, Robotexnika, 3D CAD modelləşdirmə və çap, Proqramlaşdırma, NANO və NEYRO-texnologiyalar, müxtəlif mühəndislik modullarının müəllimlərə öyrədilməsi ilə bağlı tapşırıqlar verib. Bildirib ki, mərkəz həmçinin innovativ texnologiyalardan istifadə və tətbiqetmə bacarıqlarının şagirdlərdə formalaşdırılması, onların irəli sürdüyü ideyaların reallaşmasına da dəstək göstərəcək.

 

Sonra mərkəzdə quraşdırılan avadanlıqlara baxış olub.

 

Mərkəz müasir dizaynda mebel avadanlıqları, elektron lövhə, 10 ədəd kompüter, 1 ədəd 3D printer və müxtəlif rəngdə çap materialı, Makeblock, mBot, Arduino BT robotlar, Mindstorms və education lego dəstləri, 3D qələmlər, Arduino və BBC Micro:bit proqramlama və inkişaf dəstləri, servo mühərriklər, LCD ekranlar, micro idarəetmə modulları, RGB led və naqillər, müxtəlif ölçüdə mikro mexanizmlər, kiçik elektronik komponentlər, təlim dəstləri, müxtəlif fiqurların hazırlanması üçün lazım olan alətlər, tədris üçün ofis ləvazimatları və digər materiallarla tam təmin olunub.

 

 



31.03.2021 | 11:21