“Müdrik siyasət-Qarabağ Zəfəri” mövzusunda konfrans keçirilib | |
Təhsil Nazirliyinin dəstəyi, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) təşəbbüsü və təşkilatçılığı ilə “Müdrik siyasət-Qarabağ Zəfəri” mövzusunda referat yazı müsabiqəsinin yekunlarına həsr olunmuş elmi konfrans keçirilib.
Konfransda təhsil nazirinin müavini Firudin Qurbanov, BŞİH-in başçısı Eldar Əzizov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun icraçı direktoru Cəbi Bəhramov, BŞİH başçısı aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, BŞİH-in Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Cavid Fərhadov, müsabiqənin Bakı şəhər turunun qalib şagirdləri iştirak ediblər.
Təhsil nazirinin müavini Firudin Qurbanov referat yazı müsabiqəsinin əhəmiyyəti barədə danışıb. Bildirib ki, Təhsil Nazirliyi hər zaman gənc nəslin vətənpərvərlik və dövlətçilik ruhunda tərbiyəsinə xüsusi diqqət yetirir. Bu baxımdan bu cür müsabiqələrin davamlı təşkili məktəblilərin layiqli vətəndaş kimi yetişməsində müstəsna rola malikdir.
Firudin Qurbanov Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti, müdrik diplomatiyası və xalqımızın milli həmrəliyi sayəsində müzəffər ordumuzun qazandığı parlaq qələbədən bəhs edib.
BŞİH-nin başçısı Eldar Əzizov Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə ölkədə qüdrətli iqtisadiyyat və bu iqtisadi baza üzərində güclü ordu yaradıldığını söyləyib. Beynəlxalq münasibətlər və informasiya sahəsində böyük uğurlar əldə edildiyini deyən İcra başçısı bunun nəticəsində müharibədə şanlı qələbə qazanıldığını və torpaqlarımızın işğaldan azad edildiyini diqqətə çatdırıb.
Konfransda çıxış edən BŞTİ-nin müdiri Mehriban Vəliyeva müsabiqədə qalib seçilən şagirdləri təbrik edərək onlara uğurlar arzulayıb.
Mehriban Vəliyeva müsabiqəyə qatılan şagirdlərin öz referatlarında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun qətiyyəti sayəsində Vətən Müharibəsində düşmən üzərində qazanılan qələbəni və Ali Baş Komandana olan məhəbbətlərini yaradıcı şəkildə ifadə etməsini yüksək dəyərləndirib.
M.Vəliyeva Qarabağ tarixini şagirdlərinə öyrədən, vətənpərvərlik tərbiyəsi verən müəllimlərin də 30 ildən sonra Vətən Müharibəsində öz keçmiş şagirdləri ilə çiyin-çiyinə döyüşərək şanlı zəfərin qazanılmasındakı rolundan bəhs edib. Bildirib ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində çalışan 122 müəllim və 5 direktor müavini olmaqla, ümumilikdə 127 təhsil işçisi Azərbaycan ordusu sıralarına qoşulmaq üçün müraciət edib. Onlardan 37 nəfər döyüşlərdə iştirak edərək qəhrəmanlıq və şücaəti ilə torpaqlarımızın azad olunması işinə öz töhfəsini verib.
Daha sonra çıxış edən digər qonaqlar və məktəblilər müsabiqənin əhəmiyyətindən bəhs edərək Vətən müharibəsində qazanılan şanlı qələbənin geniş təbliğinin vacibliyini vurğulayıblar.
Bildirilib ki, müsabiqənin paytaxt rayonlarında keçirilən I mərhələsində 316 təhsil müəssisəsindən 1 879 şagird iştirak edib və onlar 18 mövzu üzrə referatlarını təqdim ediblər. İlkin mərhələdə 125 şagird qalib adına layiq görülüb, onlar diplom və hədiyyələrlə mükafatlandırılıblar. Müsabiqənin Bakı şəhər mərhələsində 33 şagird qalib gəlib.
Referatların Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən kitab şəklində çap ediləcəyi bildirilib.
|
|
30.03.2021 | 22:00 | |
|
|
|