AMEA-da Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunan anım tədbiri keçirilib | |
Fevralın 26-da Azərbaycan Milli Elmlər Akademiyasının Azad Həmkarlar İttifaqı (AHİ) və Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunan anım tədbiri keçirilib. AMEA-nın elmi müəssisə və təşkilatlarının əməkdaşlarının iştirak etdiyi tədbirdə ilk olaraq Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri AMEA AHİ-nin sədri, hüquq üzrə elmlər doktoru, professor Habil Qurbanov açaraq 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Xocalı şəhərində azərbaycanlılara qarşı dəhşətli soyqırımın törədildiyini xatırladıb. Bildirib ki, hazırda Ermənistan elitasında təmsil olunan şəxslərin rəhbərliyi altında Xocalıda qoca, qadın, uşaq fərqi qoyulmadan mülki insanlara amansızcasına divan tutulub. H.Qurbanov faciə zamanı öldürülən insanların sayının əslində 613-dən yüksək olduğunu, itkin düşmüş şəxslərin erməni cəlladları tərəfindən basdırıldığını deyib. Natiq qətliamın beynəlxalq miqyasda tanınması istiqamətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi altında həyata keçirilən işlərdən, o cümlədən “Xocalıya ədalət!” kampaniyasının önəmindən danışıb. AHİ sədri hazırda bir neçə dövlətin parlament səviyyəsində faciəni soyqırım kimi tanıdığını, Avropanın, Asiyanın qabaqcıl ölkələrində Xocalı faciəsinin qurbanlarına abidələr ucaldıldığını söyləyib. Anım tədbirində, həmçinin Arxeologiya və Etnoqrafiya İnstitutunun sektor müdiri, tarix üzrə fəlsəfə doktoru Abuzər Ələkbərov, Fəlsəfə İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru, professor Rəna Mirzəzadə, Ədəbiyyat İnstitutunun elmi işçisi Aynurə Paşayeva, Neft və Qaz İnstitutunun böyük elmi işçisi Rəqsanə Əsgərova, Fizika İnstitutunun aparıcı elmi işçisi Rəhim Ələkbərov, İqtisadiyyat İnstitutunun Həmkarlar İttifaqının sədri Tanrıverdi Paşa, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Həmkarlar İttifaqının sədri Arif Əfəndi və digərləri çıxış edərək Xocalı soyqırımı barədə fikirlərini bölüşüb, faciənin dünya ictimaiyyətinə çatdırılmasında alimlərin rolunu qeyd ediblər. |
|
27.02.2018 | 10:00 | |
|
|
|