NDU-da soyqırım qurbanlarının xatirəsi anılıb

Naxçıvan Dövlət Universitetində (NDU) 31 Mart- Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib. 

 

Əvvəlcə universitetin incəsənət fakültəsində 40-a yaxın rəsm əsərinin nümayiş edildiyi sərgiyə baxış olub. Fakültənin Təsviri incəsənət müəllimliyi ixtisası üzrə təhsil alan tələbələri çəkdikləri rəsmlərdə soyqırımı qurbanlarının yaşadığı dəhşətli faciəni əks etdiriblər.

 

Sonra ali məktəbin rektoru Elbrus İsayev tələbələr tərəfindən təşkil edilən bu cür sərgilərin xüsusi əhəmiyyət daşıdığını bildirib. Qeyd edib ki, 1998-ci il martın 26-da Ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman erməni millətçilərinin cinayətkar əməllərinə verilən dolğun və hərtərəfli siyasi qiyməti əks etdirib.Vurğulanıb ki, bu tarixi sənəd Azərbaycanın indiki və gələcək nəsillərinin milli yaddaşının qorunması baxımından da fundamental bir proqramdır. Rektor Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və  Şanlı Ordumuzun rəşadəti ilə qazanılan qələbəni düşmənə verilən layiqli dərs kimi dəyərləndirib, gənc nəsli soyqırımı qurbanlarının, hər iki Qarabağ müharibəsi şəhidlərinin xatirəsini daim əziz tutmağa və tarixboyu bədnam qonşularımızın başımıza gətirdikləri faciələrdən ibrət almağa çağırıb.

 

Tədbirin sonunda soyqırımı hadisələrini əks etdirən sənədli film nümayiş olunub.



29.03.2021 | 17:09