Qarabağ Zəfərini rəsmə köçürən qalib tələbələr

Bakı Dövlət Universitetinin (BDU) tələbə və magistrantları arasında keçirilən “Vətən müharibəsi BDU tələbələrinin gözü ilə” adlı onlayn rəsm müsabiqəsinin nəticələri elan edilib.

 

Komissiya üzvlərinin qərarına əsasən qaliblər müəyyəndirilib: I yerin qalibi 300 manat, II yerin qalibi 250 manat, III yerin qalibi isə  200 manat məbləğındə pul və diplomla mükafatlandırılıb.

 

Müsabiqənin qalibləri öz  təəssüratlarını bölüşüb.

 

I yerin qalibi, beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin I kurs magistrantı Fərid Qurbanov: “Vətən müharibəsi xalqımızın birlik simvolu oldu, biz hər birimiz dəmir yumruq kimi Ali Baş Komandanın ətrafında birləşdik. Prezidentin uzaqgörən siyasəti, hərbçilərin rəşadəti və arxa cəbhədə olan hər bir azərbaycanlının ürəyinin bir vurması ədaləti bərqərar etdi; ordumuz tarixi zəfər çaldı. Qələbənin olacağını hər birimiz bilirdik və qələbə məni rəsm əsəri çəkməyə ilhamlandırdı. Qalib gələcəyim barədə düşünmürdüm, sadəcə müsabiqədə iştirak etmək istəyirdim və istəyirdim ki, zəfərə həsr olunmuş rəsm əsərimi insanlar görsün.  1-ci yerə layiq görülməyim məni çox sevindirdi. Qəhrəman xalqın nümayəndəsi olmağımla qürur duyuram və bu əsəri canından keçən şəhidlərimizə, qəhrəman qazilərimizə, cənab Ali Baş Komandana həsr etmişəm.”

 

 

 

II yerin qalibi, mexanika-riyaziyyat fakültəsinin 2-ci kurs tələbəsi Çiçək Nəcəfova: “Əslində müsaqibə haqqında mənə  qrup yoldaşım məlumat verdi, onun sayəsində qatıldım. Belə müsabiqənin keçiriləcəyi haqda ilk dəfə eşidəndə sevindim. Çünki Qarabağ müharibəsi mövzusunda şəkil çəkməyi özüm də istəyirdim.  Nə çəkəcəyimi düşünəndə ağlıma hadisələrin ilk necə başlaması gəldi. Tovuz döyüşləri ilə başladı, 14 iyulda general-mayor Polad Həşimovun şəhid olması ilə məsələ daha da böyüdü. Hiss olundu ki, bunun davamı gələcək. Və haqq savaşımız başladı. Daha sonra gənclər, xalqımızın qəhrəman övladları  könüllü şəkildə cəbhəyə yollandı. Nəhayət,  28 sentyabrda Cəbrayıl Dövlətzadə  general  Polad Həşimovun intiqamını aldı. O, 10-a yaxın erməni qulduru ilə əlbəyaxa döyüşə girib, düşmənin bir generalını və polkovnikini təkbaşına məhv etdi. Çəkdiyim şəkildə əlində Xarıbülbül və mərmi tutmuş əl isə Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinədir. Və son olaraq çəkdiyim Şuşa məscidi  azad olunan mədəniyyətimizi təmsil edir. Şuşa məscidinin yanında isə  Şuşa  şəhərinin  azad olunması əməliyyatının rəhbəri  general-leytenant Hikmət Mirzəyevdir.

 

Belə bir müsabiqədə yer qazanmağım məni çox sevindirir. Universitetimiz hər zaman belə tədbirlərlə fərqlənir. Həm ixtisasımızı yüksək səviyyədə öyrənirik, həm də əlavə bacarıqlarımızı inkişaf etdiririk.”

 

 

III yerin qalibi, şərqşünaslıq fakültəsinin 4-cü kurs tələbəsi Leyla Əhmədova: “Mən “Vətən müharibəsi BDU tələbələrinin gözü ilə” rəsm müsabiqəsində 3-cü yerə layiq görüldüyüm üçün çox sevinirəm. Biz hər zaman milli ordumuza güvənərək doğma Qarabağımızın geri qaytarılacağına inanmışıq. Qələbə günü yaşadığım sevinci necə və kiminlə bölüşəcəyimi bilmirdim. Universitetimizdə təşkil olunan bu müsabiqəni eşitdikdə Qarabağın gözəl guşələrini və qələbə sevincini əks etdirə biləcəyim bir rəsm hazırlayacağım üçün çox sevinmişdim. İgid və qorxmazlığı ilə seçilən oğullardan biri olan, el arasında “Topçu Vüsal” adlandırdığımız qəhrəman əsgərimizi təsvir edərək Vətənimizin digər igid əsgərlərini və şəhidləri də yad edə biləcəyimi düşündüm. Həmçinin, azad olunan gözəl torpaqlarımızı da  əl işimdə əks etdirməyi özümə borc bildim.

 

BDU tələbələrinə qələbə sevincini əks etdirə biləcəkləri bir müsabiqə keçirdikləri üçün təşkilatçılara və universitet rəhbərliyinə dərin təşəkkürümü bildirirəm.”

 

 



29.03.2021 | 16:18