LDU-da elmin inkişafı istiqamətində atılan addımlar müzakirə olunub

Lənkəran Dövlət Universitetində (LDU) “Elm Günü”nə həsr olunan dəyirmi masa keçirilib. 

 

LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov  Prezident İlham Əliyevin “Elm Günü”nün təsis edilməsi ilə bağlı  2018-ci il aprelin 9-da imzaladığı sərəncamı xatırladıb. Bildirib ki, sərəncam ölkədə elmin inkişafına təkan verib, bu sahədə əsaslı keyfiyyət dəyişikliklərinə yol açıb, gənc tədqiqatçıların yetişməsinə stimul yaradıb.

 

N.İbrahimov  “Elm Günü”nə həsr olunan Tədbirlər planı çərçivəsində bu il LDU-da ilk dəfə olaraq riyaziyyat, fizika, kimya, informatika, biologiya və coğrafiya fənləri üzrə “Zona fənn olimpiadası” nın təşkil edildiyini diqqətə çatdırıb. Qeyd edib ki, onlayn olimpiadada iştirak üçün Astara, Lənkəran, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Neftçala rayonlarının orta ümumtəhsil məktəblərinin IX, X, XI sinif şagirdləri, LDU nəzdində Sosial və Aqrar-Texnoloji Kolleci, Astara Pedaqoji Kolleci və Masallı Dövlət Regional Kollecinin tələbələri daxil olmaqla, 300-ə yaxın namizəd qeydiyyatdan keçib. Olimpiada iştirakçılarına 3 sual təqdim olunub və sualları cavablandırmaq üçün 2 saat 30 dəqiqə vaxt ayrılıb.

 

Olimpiadanın nəticələrinin cavablar yoxlandıqdan sonra LDU-nun rəsmi veb saytında yerləşdiriləcəyini deyən N.İbrahimov COVİD-19 pandemiyasının davam etdiyi hazırkı şəraitdə keçirilən onlayn olimpiadanı universitetin uğuru və bu sahəyə diqqəti kimi dəyərləndirib.

 

LDU-da  son illərdə bu istiqamətdə görülən işlərdən söz açan universitet rəsmisi elm və təhsilə kompleks yanaşmanın uğurlu nəticələr verəcəyinə, yaxın vaxtlarda gənc tədqiqatçıların qazandığı uğurlardan ali məktəbin  və ölkə elminin bəhrələnəcəyinə əminliyini ifadə edib.

 

Dəyirmi masada rektorun müşaviri, professor Mikayıl Məhərrəmovun “Elm və təhsilə innovativ yanaşma zamanın tələbidir” mövzusunda məruzəsi dinlənilib.

 

Məruzədə bildirilib ki, hazırda dövlət səviyyəsində həyata keçirilən strategiyanın əsas prioritetlərindən biri bilik iqtisadiyyatının formalaşdırılması, təhsil, elm və innovasiya arasında səmərəli əlaqələrin yaradılmasıdır:”Azərbaycanda son 10 ildə həyata keçirilən siyasət nəticəsində sosial inkişaf göstəriciləri əhəmiyyətli dərəcədə yüksəlib. Bu, Prezident İlham Əliyevin ölkəmizdə elmin inkişafı, elmi-texniki potensialın qorunub saxlanılması, modernləşdirilməsi, elm və təhsil sahəsində yüksək ixtisaslı kadrların hazırlanması, onlara daim qayğı göstərilməsi, cəmiyyətdə alimlərin, elm və təhsil işçilərinin nüfuzunun artırılması, Azərbaycanda alınmış elmi nəticələrin xaricdə tanıdılması sahəsində bir sıra mühüm qərarlar qəbul edib həyata keçirilməsi istiqamətində görülən işlərin nəticəsidir. Elm və təhsilin inkişafına dövlət səviyyəsində göstərilən bu qayğı, əslində, dövlətçiliyin möhkəmləndirilməsi və xalqın milli-mədəni tərəqqisinə, rifah halının yüksəldilməsinə xidmət edən siyasətin tərkib hissəsi kimi qiymətləndirilməlidir”.

 

Dəyirmi masanın sonunda məruzə ətrafında müzakirələr olub.

 



27.03.2021 | 14:18