Masazır kənd 4 nömrəli tam orta məktəbdə “Son zəng”

İyunun 14-də  Abşeron rayonu Masazır kənd 4 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri keçirilib.

 

Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini İlham Quluyev, təhsil şöbəsinin müdiri Nazilə Məmmədova, valideynlər və şagirdlər iştirak ediblər.

 

“Son zəng” tədbiri Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

 

Daha sonra məktəbin direktoru Roza Məmmədova rəhbərlik etdiyi təhsil müəssisəsinin qazandığı uğurlar, şagirdlərin əldə etdikləri nailiyyətlərdən danışıb. Qeyd olunub ki, Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunan məktəb binası 2016-cı ildən fəaliyyət göstərir.  Hazırda məktəbdə 1400-dən artıq şagird təhsil alır ki, onlardan 22 nəfəri bu il məzun olur.

 

Tədbirdə çıxış edən təhsil nazirinin müavini  Firudin Qurbanov məzunları “Son zəng” münasibəti ilə təbrik edib, onlara gələcək həyat və təhsillərində uğurlar arzulayıb. Bu gün Azərbaycanda təhsilə qayğının ən yüksək səviyyədə olduğunu bildirən Firudin Qurbanov son illərdə ölkə ərazisində yeni məktəblərin tikildiyini, həmçinin təhsil müəssisələrinin əsaslı təmir olunduğunu, maddi-texniki bazasının gücləndirildiyini qeyd edib. Nazir müavini Azərbaycanda ilk peşə-ixtisas təhsili müəssisələrinin geniş şəbəkəsinin yaradılması məzunlara iş təklif etmək imkanının yüksəldilməsi istiqamətində atılan mühüm addımlardan biri olduğunu vurğulayıb.

 

Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini İlham Quluyev son illər Abşeron rayonunda təhsil sahəsində görülən işlərdən danışıb. Bildirilib ki, 2017-2018-ci tədris ilində Heydər Əliyev fondu tərəfindən Masazır kəndində daha bir məktəb tikilərək istifadəyə verilib. Mehdiabad qəsəbəsində inşa olunan başqa bir məktəbin 2018-2019-cu tədris ilində fəaliyyətə başlaması nəzərdə tutulub.

 

Rayon təhsil şöbəsinin müdiri Nazilə Məmmədova bildirib ki, bu il rayon ümumtəhsil məktəblərindən 2207 şagird məzun olur, onlardan 1184 nəfəri ali təhsil müəssisələrinə birinci qəbul imtahanında iştirak edib və 70-dən çox abituriyent 600-dən çox bal toplayıb.

 

Tədbir məktəblilərin hazırladığı bədii kompozisiya ilə davam etdirilib.

 



14.06.2018 | 15:45