“Vətənimizin qəhrəman oğulları” | |
Zəngilan rayonu ümumi təhsil müəssisələrində “Vətənimizin qəhrəman oğulları” adlı onlayn tədbir keçirilib. Tədbirdə məktəbin pedaqoji heyəti və şagirdlərlə yanaşı, Vətən müharibəsi qazilərimiz də iştirak edib.
Təhsil şöbəsindən verilən məlumata görə, tədbirin keçirilməsində məqsəd vətənimizin bütövlüyü uğrunda canlarından keçmiş igid oğullarımızın xatirəsini əbədiləşdirmək, şagirdlərimizin vətənpərvərlik ruhunu yüksəltmək, tariximizi, keçmişimizi öyrənib bilmələri və biliklərini möhkəmləndirməkdən ibarətdir.
İlk olaraq Vətən müharibəsində canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuzun qazandığı Şanlı Qələbədən danışılıb. Vətən müharibəsindəki qələbənin xalqın birliyi, ordumuzun gücü, ölkə başçısının düzgün siyasəti nəticəsində qazanıldığı vurğulanıb.
Tədbirdə iştirak edən qazilərimiz müharibə ilə bağlı xatirələrindən, keçdikləri döyüş yolundan, göstərdikləri igidliklərdən bəhs edib və şagirdləri maraqlandıran sualları cavablandırıblar.
Sonda vətənimizin bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizə həsr olunan videoçarxlar nümayiş etdirilib.
Şakir CƏFƏROV
|
|
22.03.2021 | 11:56 | |
|
|
|