Təhsil daim inkişafda olan prosesə çevrilməlidir

Müsahibimiz Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyevadır

 

- Mehriban xanım, 3 aydır ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsində çalışırsınız. Yəqin ki, paytaxt məktəblərinin ümumi mənzərəsi ilə müəyyən qədər yaxından tanış olmaq imkanınız olub. Bununla bağlı ilkin təsəvvürünüz necədir?

- Artıq bir ildir ki, dünyanı bürüyən koronavirus pandemiyası bütün sahələrə öz mənfi təsirini göstərib. Çox təəssüf ki, təhsil sahəsi də mövcud vəziyyətlə bağlı yaranmış durum səbəbindən müəyyən çətinliklərlə üzləşməkdədir. Bütün bunlara baxmayaraq, ölkəmiz bu problemə qarşı mübarizədə təcrübəsi ilə fərqlənir. Bu bəlaya qarşı tətbiq olunan qaydalara ciddi riayət olunması isə hər birimizdən vətəndaş məsuliyyəti tələb edir. Bəllidir ki, yalnız ümumi mənafelərə xidmət edən qaydalar bütün sahələrdə karantin rejiminin tələblərinə uyğun fəaliyyətin təşkilinə imkan verir.

 

Mövcud vəziyyətlə bağlı paytaxt məktəblərinin tam mənzərəsini əyani müşahidə edə bilməsəm də, mənim üçün ümumi təsəvvür aydındır. Məlumat üçün bildirim ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində 308 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 5 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 316 məktəb və 5  Uşaq-Gənclər İnkişaf Mərkəzi fəaliyyət göstərir. BŞTİ-nin tabeliyindəki məktəblərdə 455994 şagirdin təlim-tərbiyəsi ilə 28354 müəllim məşğul olur.

 

Gözəl infrastrukturu, ənənəsi, öyrədici mühiti olan məktəblərimiz çoxdur. Pandemiya mövcud layihələri bir qədər ləngitsə də, ümumilikdə götürsək, Təhsil Nazirliyinin məktəblərin inkişafı istiqamətində həyata keçirdiyi layihələr vəziyyətə uyğun tətbiq olunmaqdadır. “Rəqəmsal bacarıqlar”,  “STEAM-ın təhsilə inteqrasiyası”, “Sağlam təhsil-sağlam millət”, “Peşə təmayüllü siniflər”, həmçinin müxtəlif məzmunlu innovativ qrant layihələr və digər reallaşdırılan tədbirlər keyfiyyətli təhsil, müasir çağırışlara cavab vermək baxımından olduqca əhəmiyyətlidir.

 

Təbii ki, həllini gözləyən bir sıra məsələlər də var və hazırda bu istiqamətdə müvafiq təhlillər aparılır. Yəqin ki, mövcud şərait imkan verdikdə əsaslı tədbirlər görüləcək.

 

Xüsusilə Vətən Müharibəsində qazandığımız möhtəşəm qələbədən sonra yaşadığımız hazırkı mərhələ hər birimizi daha məsuliyyətli fəaliyyətə yönəldir. Mən deyərdim ki, bütün sahələrdə Azərbaycan yeni bir mərhələyə qədəm qoyur. Təbii ki, bu mərhələdə təhsilin də yeni prioritetləri müəyyənləşir.

 

Əslində, pandemiya, zəfərlə sona çatan İkinci Qarabağ Müharibəsi  təhsilin istər məzmununda, istərsə də formasında yeniliklərin tətbiqini labüdləşdirir. Yeni texnoloji əsrdə köhnə metod və vasitələrlə, sözsüz ki, uğurlu məktəb modelini qurmaq mümkün olmayacaq. Bir tərəfdən koronavirus infeksiyasının həyatımıza gətirdiyi  durğunluq, digər tərəfdən sürətli texnoloji yeniliklərin tətbiqi bütün sahələrdə olduğu kimi təhsildə də təzadlı bir mənzərə yaradır. Belə bir şəraitdə çevik qərar verən, yeniliyi qəbul edən, zamanla ayaqlaşan, yaxud onu qabaqlayan təhsil idarəçiləri, təhsil müəssisələri, təhsilalanlar  və təhsilverənlər üstünlük qazana biləcəklər.

 

Hazırda Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 2020-2021-ci tədris ilində də uğurların davamlı olmasını təmin etmək məqsədilə sistemli tədbirlər həyata keçirilir. İnanıram ki, nə qədər sınaqlar olsa da, əsas amal olan fasiləsiz təhsili təmin etməklə bərabər, təhsildə keyfiyyətin artırılması istiqamətində qarşıya qoyduğumuz hədəflərə doğru irəliləyəcəyik.

 

- Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında gənc nəslin mənəvi hazırlıq məsələsinə də xüsusi toxunaraq onların Vətən müharibəsindəki qəhrəmanlığından söz açır. Həmin igidlərimizin bir çoxu paytaxt məktəblərinin məzunları, eləcə də təhsil müəssisələrində dərs deyən müəllimlərimiz olub. Gənclərimizin vətənpərvərlik ruhunda böyüməsində məktəblərimizin rolu barədə fikirlərinizi bilmək maraqlıdır. 

- İlk öncə mən də bütün xalqımızı bu gözəl qələbə münasibətilə təbrik etmək istəyirəm. 30 ilə yaxın idi ki, düşmən işğalına məruz qalan tarixi torpaqlarımız Vətən müharibəsində rəşadətli ordumuzun göstərdiyi qəhrəmanlıq və şücaət nəticəsində azad edildi. Azərbaycan xalqına bu sevinci yaşadan, şübhəsiz ki, zəfərimizin  təminatçısı Ali Baş Komandan, Prezident İlham Əliyevdir. Ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə ordumuzun misilsiz qəhrəmanlığı sayəsində biz doğurdan da bütün dünyaya səs salan, ümumiyyətlə bəşər tarixində xüsusi yeri olan bir qələbə qazandıq. 

 

Ötən ilin noyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşündəki bir məqama xüsusi toxunmaq istərdim. Görüşdə çıxış edən ölkə başçısı İlham Əliyev bunları söylədi: “...Bu qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir. Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir. Biz sübut etdik ki, böyük xalqıq. Sübut etdik ki, biz həmrəylik göstəririk, birlik göstəririk və bu birlik onsuz da cəmiyyətdə var idi. Ancaq bu zəfərdən sonra bu, daha da yüksək səviyyəyə qalxdı”.

 

Bilirsiniz, təhsildə ölçülə bilməyən dəyərlərimiz var. Bax, vətənpərvərlik hissləri də ölçülə bilməyən dəyərlərdəndir. Hansı ki, onu bizim xalqın igid oğulları döyüş meydanında nümayiş etdirdilər. Aprel döyüşlərini yadınıza salın. Həmin məqamda da bizim gənclərimiz öz duyğularını ifadə edə bildilər, vətənpərvərliklərini göstərdilər. Bu məqamda, təbii ki, məktəblərimizin gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsi ilə bağlı həyata keçirdikləri işləri yüksək dəyərləndirirəm. Bəli, həmin qəhrəmanların vətənpərvər gənc kimi formalaşmasında təhsil müəssisələrimizin rolu danılmazdır.

 

Onu da deyim ki, müharibənin ilk günlərində BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində çalışan 122 müəllim və 5 direktor müavini olmaqla, ümumilikdə 127 təhsil işçisi Azərbaycan Ordusu sıralarına qoşulmaq üçün müraciət edib. Onlardan 37-si döyüşlərdə iştirak edərək göstərdiyi qəhrəmanlıq və şücaəti ilə torpaqlarımızın azad olunması işinə öz töhfəsini verib. Sevindirici haldır ki, paytaxt məktəblərinin çoxlu sayda məzunu da ön cəbhədə misilsiz igidlik nümayiş etdiriblər. Vətənpərvər təhsil işçilərimiz və məzunlarımızla qürur duyuruq. Onların hər biri göstərdiyi hünər və rəşadəti ilə adlarını Zəfər tariximizə qızıl hərflərlə yazdılar. Əlbəttə ki, bu qəhrəmanlığın özəyində Vətənə, torpağa sonsuz  məhəbbət, Ali Baş Komandana tükənməz sevgi və inam durur.

 

Şagirdləri milli vətənpərvərlik ruhunda tərbiyə etmək həm davamlı fəaliyyət tələb edən, həm də olduqca məsuliyyətli bir işdir. Bu məqsədlə BŞTİ tərəfindən məktəblilərin milli ideologiyamız əsasında tərbiyə olunması, onların əsl vətəndaş və yetkin şəxsiyyət kimi formalaşması üçün tədris ili ərzində müxtəlif tədbirlər və layihələr həyata keçirilir.

 

BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən 129-u şəhid, 37-si Milli Qəhrəman adını daşıyır. II Qarabağ Müharibəsində şəhid olan məzunların sayı 137- dir. I, II Qarabağ Müharibəsi və Aprel döyüşlərində şəhid olan məzunlarımızın sayı ümumilikdə 265 nəfərdir. Məktəblərə Milli Qəhrəmanların və şəhidlərin adının verilməsi şagirdlərin vətənpərvərlik tərbiyəsi işinin səmərəli təşkili baxımından olduqca böyük rəmzi məna daşıyır və gələcəyimiz olan gənclərə milli ruhun aşılanmasında mühüm əhəmiyyət kəsb edir. Vaxtaşırı olaraq qəhrəmanlarımızın adı verilən məktəblərdə onlara həsr olunan anım mərasimləri keçirilir, hamıya örnək olan  həyat yolları  gənclərə nümunə kimi göstərilir. Eləcə də təhsil müəssisələrində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmanlıq göstərmiş Vətən övladlarının döyüş yolunun öyrənilməsi, canlarından keçmiş igidlərin xatirəsinin əbədiləşdirilməsi, onların şücaətinin təbliği, şagirdlərdə hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi və azərbaycançılıq məfkurəsinin möhkəmləndirilməsi istiqamətində məqsədyönlü işlər aparılır. Bu, artıq neçə illərdir ki, prioritet olaraq bizim  xüsusi diqqətdə saxladığımız məsələdir.

 

Hazırda bu ənənə uğurla davam etdirilməkdədir. Paytaxtdakı ümumi təhsil müəssisələrində  Milli Qəhrəmanların, Vətən müharibəsi şəhidlərinin adlarının müxtəlif siniflərə verilməsi təşəbbüsü genişlənməkdədir. Bir neçə ildir davamlı şəkildə reallaşdırılan bu təşəbbüsün əhatə dairəsi Vətən Müharibəsindəki parlaq qələbəmizdən sonra daha da artmaqdadır. Siniflərə Milli Qəhrəmanların və şəhidlərin adının verilməsi, sözsüz ki, gənc nəslin vətənpərvərlik tərbiyəsinin inkişafında mühüm rol oynayır. Milli Qəhrəman və şəhid adını daşıyan siniflərdə təhsil alan şagirdlər bütün güclərini səfərbər edərək qəhrəmanlıq göstərən  igidlərimizin adına layiq olmağa çalışır, tədris uğurlarını daha da yüksəltməyə səy göstərirlər. Şagirdlər yaxşı anlayırlar ki, onların vətənpərvərliyi eyni zamanda təhsilə olan münasibətdən başlayır.

 

- Ötən ilin martın 3-də koronavirus pandemiyası ilə bağlı ölkədə karantin rejiminin tətbiq edilməsindən çox qısa bir müddətdə “Virtual məktəb” layihəsi reallaşdırıldı. Təhsilimizi evlərə gətirən bu layihə ilə bağlı fikirlərinizi bilmək istərdik.

- Bəli, ölkədə karantin rejiminin tətbiq edilməsi ilə bütün təhsil müəssisələri bağlananda  ölkəmizdə 1 şagirdin belə  təhsildən kənarda qalmaması Təhsil Nazirliyinin qarşısında duran prioritet məsələ idi. Çətinliklərin aradan qaldırılması üçün bir neçə fərqli strategiyalar nəzərdən keçirildi ki, bunlardan ilki  martın 11-də “Mədəniyyət” kanalında “Dərs vaxtı”  layihəsinə start verilməsi, çox keçmədən isə “ARB Günəş”in də bu təşəbbüsə qoşulması oldu. Çox  təqdirəlayiq haldır ki, teledərslər müəllim və şagirdlər üçün öyrənmək və təcrübə toplamaq baxımından hazırda da öz aktuallığını saxlamaqdadır. “Virtual məktəb” isə “Microsoft Teams” platforması üzərindən həyata keçirilən ən yaxşı layihələrdəndir.

 

Təhsil Nazirliyi tərəfindən təqdim olunan operativ həll variantları, ənənəvi tədrisin müxtəlif vasitələrlə əvəz olunması, şagirdlərin təhsildən kənarda qalmaması üçün görülən işlər çərçivəsində BŞTİ də üzərinə düşən vəzifələri yerinə yetirməyə çalışır. Təbii ki, tədrisin məsafədən təşkili baxımından Təhsil Nazirliyi tərəfindən həyata keçirilən operativ tədbirlər fəaliyyətimizdə əsas istiqamətverici amil olub. Bütün imkanlar səfərbər olunub ki, onlayn və ya distant təhsil imkanları daha da artırılsın.

 

Onu da diqqətə çatdırım ki, koronavirus pandemiyası dövründə Azərbaycan məktəbi, Azərbaycan müəllimi yüksək hazırlıq səviyyəsini göstərə bildi. Pandemiya dövrünün ilk günlərində kiçik nöqsanları kənara qoyub ümumilikdə deyə bilərik ki, müəllimlərimiz fədakarlığı, öz işinə peşəkarlıqla yanaşmaları ilə seçilməyi bacardılar. Belə ki, ilk günlərdən təhsil işçilərimizin öz təşəbbüsləri ilə müxtəlif proqramlar vasitəsi ilə distant dərslər keçmələri ictimaiyyət tərəfindən rəğbətlə qarşılandı. Təbii ki, bütün bunlar təsadüfi deyil. Dövlətimiz tərəfindən müəllimlər üçün əvvəlki illərdə aparılmış İKT hazırlığı təlimlərinin məhz bu məqamda nə dərəcədə zəruri olduğunu göstərdi. Müəllimlərimizin illər ərzində əldə etdikləri İKT bacarıqları distant və onlayn dərslərdə özünü göstərməklə təhsilin fasiləsizliyinin  təmin olunmasında mühüm rol oynadı.

 

Şəxsən mən  bizim fədakar müəllimlərimizə təşəkkür etmək istəyirəm ki, onlar bizim övladlarımızı ilk günlərdən belə təhsildən kənarda qoymadılar, şagirdlərimizi öz ətraflarına  toplaya bildilər. Xalqımızın çətin məqamlarda birlik, həmrəylik, mütəşəkkillik ifadə etmək bacarığı burada da özünü göstərdi.

 

Təhsil Nazirliyi tərəfindən şagirdlərin distant təhsil imkanlarının artırılması istiqamətində davamlı tədbirlərin hər birimiz şahidiyik. Distant təhsillə bağlı olaraq “Virtual məktəb” istifadəçiləri üçün “Microsoft Teams” proqramının Azərbaycan dilində olan versiyası hazırlanıb. Bundan əlavə, 2020-2021-ci tədris ili üzrə məktəbəhazırlıq qruplarına və I sinfə qəbul olmuş şagirdlərin “Virtual məktəb”də qeydiyyatdan keçmələri üçün imkan yaradılıb.

 

Təhsil Nazirliyi tərəfindən distant təhsillə bağlı həyata keçirilən digər bir yenilik isə yerli təhsili idarəetmə orqanları üçün tabeliyində olan təhsil müəssisələrinin “Virtual məktəb”də fəaliyyətlərinin təşkilinə nəzarətlə bağlıdır. Belə ki, yerli təhsili idarəetmə qurumlarının rəhbər heyətinə yaradılmış texniki imkanlarla “Virtual məktəb”də təhsil müəssisələri üzrə statistik məlumatlar əldə etmək mümkündür. Yeni nəzarət mexanizmi ümumi ölkə üzrə faiz göstəriciləri, ayrı-ayrılıqda təhsil müəssisələrində qeydiyyatdan keçmiş müəllim, şagird sayı, siniflər üzrə şagirdlərin yaş qrupları, bölmələr üzrə statistik göstəricilərlə tanış olmaq və bu göstəricilər əsasında müvafiq təhlillər aparmaq imkanları verir.

 

Onu da deyim ki, BŞTİ də “Virtual məktəb”in imkanlarından istifadə edərək vaxtaşırı paytaxt məktəblərində mövcud vəziyyətlə bağlı  monitorinqlər aparır.

 

- “Virtual məktəb” layihəsi ölkənin ən iri milli onlayn platforması olmaqla, təlim-tədris prosesinin məsafədən təşkilinin təmin edilməsində əvəzsiz rola malikdir. Necə düşünürsünüz, müəllimlərimiz onlayn keçdikləri dərsin mahiyyətini çatdıra, eləcə də şagirdlərin hazırlığının hansı səviyyədə oluğunu öyrənə bilirlərmi?

- Bilirsiniz, biz yeni yaranmış bir məsələ ilə bağlı çox yüksək səviyyədə kefiyyətdən danışa bilmərik. Bu ilkin məqamdır. Əlbəttə “Microsoft Teams”ın kifayət qədər imkanlar verən alətləri var. Bu istiqamətdə Təhsil Nazirliyi çox böyük işlər görür, mütəmadi olaraq müəllimlərə müxtəlif alətlərdən istifadə bacarıqlarını aşılamaq üçün seminarlar keçirilir. Məktəb daxilində də bu istiqamətdə böyük işlər reallaşdırılır. Biz yavaş-yavaş artıq bu prosesə alışırıq və mənə elə gəlir ki, pandemiya bitəndən sonra da “Virtual məktəb” bizim üçün doğma bir məkan olacaq. Biz orada mümkün olmayan bəzi məsələləri əlçatanlıq baxımından həll edə biləcəyik.

 

Mən həmişə deyirəm, niyə hər hansı bir ucqar kənddə fəaliyyət göstərən yaxşı bir riyaziyyat müəllimini və ya digər fənn müəllimini  dinləmək istəyən uşaq bu imkandan məhrum olsun. Düşünürəm ki, “Virtual məktəb”in imkanları bizə məhz həmin və ya digər bir peşəkar müəllimin onlayn dərslərindən bəhrələnməyə  imkan yaradacaq.

 

Fikrimcə, distant təhsil epidemioloji vəziyyətlə əlaqədar ümumi təhsil müəssisələrində tədrisin davam etdirilməsi üçün səmərəli vasitədir. Düzdür, distant təhsil ənənəvi tədris prosesini əvəz etməsə də ancaq müəyyən üstünlükləri ilə fərqlənir. Texnologiyalardan istifadə, evdə təhsilalma imkanı, tədrisin açıqlığı, iqtisadi səmərə, məsafə, zamana qənaət, təhsilin kütləviliyi, əhatəliliyi, müstəqil öyrənmə bacarıqlarının inkişafı, əlillərin və xüsusi qayğıya ehtiyacı olan insanların təhsilalma imkanı və s. distant  təhsilin üstünlüklərindəndir.

 

Mən bəzi statistik rəqəmləri diqqətə çatdırmaq istərdim. BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində 28354 müəllim fəaliyyət göstərir ki, onlardan da 26918-i “Virtual məktəb” onlayn platformasında qeydiyyatdan keçib. BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəbləri üzrə 455994 təhsilalandan isə 426229-nun  onlayn platformada qeydiyyatı var.

 

- Bu ilin yanvar ayında birinci yarımilin qiymətləndirilməsi keçirildi. Onlayn keçirilən qiymətləndirmədə paytaxt məktəblərinin nəticələri barədə məlumat verməyinizi xahiş edərdik.

- Ümumi təhsil məktəbləri tərəfindən 2020-2021-ci tədris ilinin I yarımili üzrə summativ qiymətləndirmə keçirilib. “Xüsusi karantin rejimi dövründə ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti Qaydası”na əsasən, II-XI siniflərdə bütün fənlər üzrə summativ qiymətləndirmə fənni tədris edən müəllim tərəfindən distant formada aparılıb. 45-60 dəqiqə ərzində təşkil olunan summativ qiymətləndirmə nəticəsində müəyyən edilmiş ballar şagirdlərin yarımillik qiymətləri hesab olunur. Qiymətləndirmədə test, inşa, çalışma, şifahi sorğu, yaradıcılıq və əl işləri, layihə kimi vasitələrdən istifadə olunur.

 

Qeyd edək ki, üzrlü səbəbdən qiymətləndirmədə iştirak edə bilməyən şagirdlər üçün fevral ayında bu proses əyani şəkildə təşkil olundu. Artıq bütün təhsil müəssisələrində yarımillik qiymətləndirmə başa çatıb.

 

Qiymətləndirmə bizi qane edirmi məsələsinə gəldikdə bu haqda birmənalı olaraq söz demək çətindir. Gəlin, məsələyə iki aspektdən yanaşaq. Hər təhsil müəssisəsində bu fərqli  şəkildə özünü ifadə edir. Nəticələri yüksək olan sinif və məktəblərimiz var. Ümumilikdə qiymətləndirmə prosesinin keçirilməsi, statistik nəticəni görürüksə, bu, qənaətbəxşdir. Ən azı bizim şagirdlərin təhsil göstəricilərinin necə olması barədə müəyyən qənaətə gələ bildik. Təbii ki, burada neqativ və subyektiv hallar da var. Qiymətləndirmə zamanı daha çox neqativ hallar evlərdə yaşandı. Yəni, çox təəssüflər olsun ki, valideynlərin öz övladlarına kömək etmək istəkləri bu prosesin şəffaf keçirilməsinə bir qədər maneçilik törətdi. Və nəticədə bəzən zəif şagirdlər qiymətləndirmədə yüksək bal topladılar. Mən valideynlərə demək istərdim ki, siz öz övladınıza kömək edərək yüksək qiymət almasına şərait yaratmaqla əslində onu arxayınlaşdırırsınız, uşağın məktəb, müəllim qarşısında məsuliyyət hissini azaldırsınız, demək olar ki, yox edirsiniz. Nəticədə müəllimin şagirdə olan güvəni, etibarı itir.

 

Keyfiyyət məsələsinə gəldikdə isə apardığımız qiymətləndirmə sadəcə mövcud vəziyyəti dəyərləndirmək, gələcək prosesin düzgün  istiqamətləndirilməsi baxımından əhəmiyyətlidir. Hesab edirəm ki, bu vacib olduğundan həyata keçirmək də önəmli idi.

 

Artıq müəyyən çərçivə daxilində əyani tədrisə başlamışıq. Düşünürəm ki, bu dövrdə II-IX siniflərdə əyani şəkildə formativ və diaqnostik qiymətləndirmələri mövcud vəziyyəti daha dolğun dəyərləndirməyə imkan verə  biləcəkdir.

 

- Cari ilin fevralın 1-dən etibarən ölkəmizdə qismən də olsa, əyani təhsilə başlanılıb. Paytaxt məktəblərində şagirdlərin davamiyyəti ilə bağlı vəziyyət necədir? Çoxmu valideyn övladının məktəbə gəlməməsi barədə məktəb rəhbərliyinə müraciət edib?

- Bəlli olduğu kimi, təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”, həmçinin Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş tədris planları əsasında təşkil edilir. Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır. Onu da qeyd edim ki, belə çətin vəziyyətdə məktəblər koronavirusa qarşı mübarizədə yaxşı təcrübə qazanmışdır.

 

Bakıda fevral ayından əyani təhsil V-IX siniflərdə həftədə 2 dəfə, ibtidai siniflərdə həftədə 3 dəfə, məktəbəhazırlıq qruplarında həftədə 2 dəfə, xüsusi məktəblərin I-IX siniflərində isə həftədə 5 dəfə təşkil olunur.

 

Qeyd edək ki, əyani tədris zamanı şagird sayı çox olan siniflər qruplara bölünür. Mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar təhsil müəssisələrinə daxil olan zaman müəllim və şagirdlərin hərarəti ölçülür, məktəblilər arasında sosial məsafənin qorunması təmin olunur.

 

Paytaxtın ümumi təhsil müəssisələrində əyani formada dərslərə davamiyyət kifayət qədər yüksəkdir. Ümumi təhsil müəssisələrində ibtidai təhsil səviyyəsi üzrə 14 483 şagirdin, V-IX siniflər üzrə isə 12 125 şagirdin valideyni övladının tədris prosesində əyani şəkildə iştirakından imtina etməsi ilə bağlı iltizam sənədi imzalayıb. Bu isə paytaxt üzrə ümumi şagird kontingentinin təxminən 5 faizi civarında dəyişən bir göstəricidir.

 

Onu da qeyd edək ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin I-IV siniflərində 182018, V-IX siniflərdə 199694, xüsusi məktəblərdə 1 845 şagird təhsil alır, məktəbəhazırlıq qruplarına isə 27122 uşaq cəlb olunub.

 

Baxmayaraq ki, təhsil müəssisələrimizdə karantin rejiminə ciddi əməl olunur,  lakin  çox təəssüf ki, dünyanın əsas probleminə çevrilmiş COVİD-19 təhsil müəssisələrində də ciddi məhdudiyyətlər yaratmaqdadır. Və təəssüflər ki, son günlər bir neçə məktəbin distant təhsilə keçməsinin şahidi oluruq. Bununla yanaşı, bir neçə məktəbdə də yenidən əyani tədrisin bərpası faktları da hər birimizi sevindirməkdədir.

 

Yaşanan mövcud çətinliklərə baxmayaraq hazırda Təhsil Nazirliyi və BŞTİ tərəfindən 2020-2021-ci tədris ilində də uğurların davamlı olmasını təmin etmək məqsədilə sistemli tədbirlər həyata keçirilir. İnanıram ki, nə qədər sınaqlar olsa da, əsas amal olan fasiləsiz təhsili təmin edəcək, təhsildə keyfiyyətin artırılması istiqamətində qarşıya qoyduğumuz hədəflərə doğru irəliləyə biləcəyik.

 

- Siz Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin olunmamışdan əvvəl ölkənin ən tanınmış təhsil ocaqlarında fəaliyyət göstərmisiniz. Həm pedaqoq, həm də məktəb rəhbəri kimi kifayət qədər təcrübəniz var. Məktəbin uğur qazanmasında, şagirdlərin yüksək bilik və bacarıqlar əldə etməsində hansı meyarlar əsas götürülməli, nələrə diqqət artırılmalıdır?

- Məktəbin uğuru, ilk növbədə sağlam, şəffaf mühitin, nəticəyönümlü, demokratik idarəetmənin formalaşdırılması, məktəb heyətinin məsuliyyət və vicdanla fəaliyyətinin təşkilindən çox asılıdır. Təhsil daim inkişafda olan bir proses olduğundan yeniliklərə açıq olmaqla, müasir dövrün tələblərinə cavab verməklə, sağlam psixoloji mühiti təmin etməklə uğura imza atmaq olar. Yəni deməyim odur ki, təhsil daim inkişafda olan bir prosesə çevrilməlidir. Əgər daimi inkişaf yoxdursa, məktəbdə durğunluq varsa, o heç zaman irəliyə gedə bilməz. Daimi inkişaf prosesində olan məktəb, yeniliyə, dünyanın çağırışlarına cavab verən məktəb uğurlu məktəb olacaq. Yox əgər təhsil müəssisəsi sürətdən, inkişafdan geri qalırsa, təbii ki, orada uğurdan söhbət gedə bilməz. Şəffaflıq, demokratiklik, nəticəyönümlülük və eyni zamanda gələcək əmək bazarı bizdən yeni peşə bacarıqları istəyir. Bu bacarıqların formalaşdırılması istiqamətində düşünmək və onu məktəbə gətirmək bu gün ən vacib məsələlərdən biridir. Günün nəbzini tutan, çevik qərarlar qəbul etmək iqtidarında olan, müəllim heyətindən ibarət komandasını öz ətrafına toplamağı bacaran məktəb rəhbəri təhsilimizə ancaq və ancaq başucalığı gətirəcəkdir.  

 

- Martın 3-dən təhsil işçilərinin vaksinasiyasına start verilib. Bütövlükdə paytaxtdakı təhsil işçilərinin vaksinasiya prosesi necə gedir?

- Bilirsiniz, vaksinasiya bütün dünya üçün vacib məsələdir. Təsadüfi deyil ki, ötən ilin dekabrın 3-də Nyu-Yorkda BMT Baş Assambleyasının koronavirus xəstəliyi - COVID-19 ilə mübarizəyə həsr edilən xüsusi sessiyasında Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri cənab İlham Əliyev videoformatda çıxışı zamanı BMT sisteminin COVID-19 ilə mübarizədə fəaliyyətini yüksək qiymətləndirmişdir. Ölkəmizin başçısı pandemiyanın istər inkişaf etmiş, istərsə də inkişaf etməkdə olan ölkələrdə bərabərsizliyi aşkara çıxararaq onları daha da kəskinləşdirdiyini, habelə yoxsulluğu dərinləşdirərək ən həssas kateqoriyadan olan insanların vəziyyətini daha da ağırlaşdırdığını qeyd edib. Pandemiyanın  ən yoxsul və imkansız durumda olan ölkələrə daha çox zərbə vurduğunu diqqətə çatdıraraq bu vəziyyətdən narahatlıq hissi keçirdiyini bildirib. Prezident İlham Əliyev  sessiyada  Qoşulmama Hərəkatı olaraq bütün ölkələrin dərman, vaksin və tibbi avadanlıqlara münasib, maneəsiz və bərabər çıxışının əhəmiyyətini xüsusi vurğulayıb. Dövlətimizin başçısının orada səsləndirdiyi tezislərdən biri vaksinlərin dünya ölkələri arasında ədalətli bölgüsü idi.

 

Cari ilin fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirilən mətbuat konfransında da Prezident İlham Əliyev xarici media nümayəndəsinin vaksinasiya ilə bağlı sualına verdiyi cavabında da bu məsələni xüsusi diqqətdə saxladığını, bizim Cənubi Qafqazda peyvəndləmə prosesinə başlamış birinci ölkə olduğumuzu qeyd edib.

 

Bilirsiniz, bu bir güvəndir, bir inamdır. Ölkə başçımızın vətəndaşlarının səhhəti, sağlamlığının qorunması ilə bağlı atdığı bütün addımlar göz qabağındadır. Ölkəmizdə vaksinasiya prosesi uğurla həyata keçirilir.

 

Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrinin pedaqoji və texniki heyəti üçün nəzərdə tutulan vaksinasiya prosesinə ilkin olaraq yaşı 50 və daha yuxarı olan şəxslər cəlb olunub. Hər mərkəz üzrə gündə təxminən 120 nəfərin peyvənd olunması nəzərdə tutulur.  “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq təşkil edilmiş vaksinasiya prosesi Bakı şəhərində yerləşən ümumi təhsil məktəblərində 10 peyvənd məntəqəsində həyata keçirilir. Vaksinasiya prosesinə paytaxt üzrə ilkin olaraq yaşı 50 və daha yuxarı olan 20000 nəfərə yaxın pedaqoji və texniki heyət üzvünün cəlb olunması planlaşdırılır.

 

İlk olaraq mən özüm və rəhbərlik etdiyim qurumun əməkdaşları  COVID-19 infeksiyasına qarşı peyvənd olunduq. Və gördüyünüz kimi heç bir narahatçılığım yoxdur.

 

Koronavirus pandemiyası şəraitində normal tədris mühitinin davam etdirilməsi üçün pedaqoji və texniki heyətin vaksinasiya prosesində iştirakı zəruridir. Sevindiricidir ki, bunu nəzərə alan və sağlamlıqlarına həssas yanaşan təhsil işçiləri vaksinasiya prosesində fəal iştirak edirlər.

 

- Təhsilin təmayüllər üzrə təşkilinin tətbiqi bir neçə ildir ki, davam edir. Əsas seçim meyillərini necə səciyyələndirmək olar?  X-XI sinif şagirdləri üçün nəzərdə tutulan peşə təmayüllü siniflərin fəaliyyəti bu gün nə dərəcədə effektivdir?

- Təmayülləşmə müvafiq fənləri əhatə edən təhsil sahələri üzrə bilik və bacarıq səviyyəsi ilə fərqlənən şagirdlərin istedadlarının, potensial imkanlarının, meyl və maraqlarının reallaşmasına, onların ümumi inkişafına əhəmiyyətli dərəcədə təsir göstərən prosesdir. Bilirik ki, ümumi təhsil pilləsində oxuyan şagirdlər təhsilalma bacarıqlarına, fənlərin hamısını eyni səviyyədə mənimsəməsinə görə eyni deyillər. Bu baxımdan  təmayülləşmə şagirdlərə gələcəkdə seçəcəkləri ixtisaslar üzrə daha dərin biliklər almasına yardımçı olur. Artıq bir neçə ildir ki, X sinifdən şagirdlər təhsillərini təmayüllü siniflərdə davam etdirirlər. Tam orta təhsil səviyyəsində təmayülləşmənin miqyası ildən-ilə genişlənir və demək olar ki, bütün ölkə ərazisini əhatə edir. BŞTİ-nin tabeliyindəki 187 məktəbdə 720 təmayül sinif təşkil olunub. Təmayülləşmə ümumi təhsildə keyfiyyətin artırılmasına xidmət edir, eyni zamanda şagirdlərin meyl və bacarıqlarına uyğun fənlərin seçimində bu fənlər üzrə daha çox biliklərin əldə olunmasında əhəmiyyətli rol oynayır.

 

Digər sualınıza cavab olaraq bildirim ki, Təhsil Nazirliyi tərəfindən 2019-2020-ci tədris ili üçün Bakı, Abşeron, Sumqayıt, Gəncə, Şirvan, Masallı, Cəlilabad, Xaçmaz, Salyan, Biləsuvar, Şəki, Qusar, Şəmkir və Sabirabadda yerləşən ümumilikdə 20 ümumi təhsil müəssisəsində şagirdlərin peşə seçimi və əmək fəaliyyətinə hazırlanması istiqamətində peşə təmayüllü siniflər təşkil edilib. Artıq 2019-2020-ci tədris ilində Bakıdakı 5 ümumi təhsil müəssisəsində-117, 120, 234, 274, 293 nömrəli tam orta məktəblərdə peşə təmayüllü siniflər yaradılıb. X-XI sinif şagirdləri üçün nəzərdə tutulan peşə təmayüllü siniflər ümumi təhsil müəssisələrinin ərazi, eləcə də maddi-texniki tədris imkanları nəzərə alınmaqla müəyyən edilib. Hazırda paytaxtdakı qeyd etdiyim 5 ümumi təhsil məktəbində yaradılmış peşə təmayüllü siniflərdə ümumilikdə 223 nəfər şagird təhsil alır.

 

Peşə təmayüllü siniflər ümumi orta təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsini təmin etməklə yanaşı, peşə ixtisasları barədə məlumatlandırılmaqla əmək bazarına, eləcə də peşə təhsilinə hazırlanırlar. Peşə təmayüllü siniflərdə tam orta təhsil səviyyəsində təlim müvafiq fənlərə üstünlük verilməklə müvafiq tədris planı və modul spesifikasiyası üzrə təhsilalanların meyl, maraq və qabiliyyətlərinə uyğun istiqamətlər üzrə təmayülləşmə əsasında təşkil edilir. Və burada  təhsil dövlət hesabına həyata keçirilir. Bu siniflərdə şagirdlərə ümumi təhsil fənləri ilə yanaşı, əsas səriştələr və müxtəlif profilli istiqamətlər üzrə fənlər də tədris olunur. Müxtəlif  layihə profilləri üzrə səriştələrin və istiqamətlərin tədrisi mütəxəssislər tərəfindən həyata keçirilir və bu məqsədlə ayrı-ayrı ixtisaslar üzrə mütəxəssislər cəlb edilib. Təhsilalanlara ilkin sahibkarlıq bacarıqlarının aşılanması, əmək bazarının peşəyönümü hazırlıqlı və əmək qabiliyyətli şəxslərlə təmin edilməsi bu layihəni həyata keçirməkdə qarşımıza qoyduğumuz əsas hədəflərindəndir.

 

Fikrimcə, peşə təmayüllü siniflərin təşkili yeniyetmələrin müxtəlif peşələri öyrənməsi baxımından olduqca əhəmiyyətlidir. Bu gün ölkəmizin əmək bazarında peşə təhsilinin rolu çox böyükdür. Bizim hazırda öz işini bilən peşəkar, təcrübəli ustalara çox ehtiyacımız var. Bilirsiniz, ali təhsil almaq arzusunda olmayan uşağa məcburən ali təhsil vermək və onu gələcəkdə cəmiyyətdə ixtisası üzrə iş tapmaqda çətinliklə qarşı-qarşıya qoymaqdansa, ona imkan verək istədiyi peşədə özünü təsdiqləsin. Peşəkar ustaya çevrilə biləcək və ya digər xidmət növündə çalışmaq istəyən yeniyetməni niyə özümüzün arzusuna uyğun yönləndirməliyik ki. Bu həm də valideynlərə bir mesajdır. Qoyun övladlarınız  arzuladıqları peşəylə məşğul olsun, yaxşı sənətkar kimi özlərini təsdiqləsinlər. Peşə seçimində onlara müdaxilə etməyin, sərbəstlik verin.

 

Onu da qeyd edim ki, “Peşə təmayüllü siniflərin təşkili” layihəsinin əhatə dairəsinin daha da genişləndirilməsi nəzərdə tutulur.

 

- Uşaqların təhsil göstəricilərində təbii ki, ailənin rolu da danılmazdır. Sizcə, məktəb-valideyn əlaqələrinin daha yaxşı təşkili üçün nələr etmək lazımdır?

- Amerikalı tanınmış filosof və pedaqoq Con Dyuinin gözəl bir sözü var:  “Hər hansı bir millət öz mədəniyyətini və dəyərlərini yaşadıb inkişaf etdirmək istəyirsə, həmin cəmiyyət məktəbə qayğı ilə yanaşmalıdır”.  Yalnız valideyn və pedaqoji heyətin birgə səyi övladlarımızın doğru inkişafına bir ailə zəminində nail ola bilər. Ailədə ailə başçısının rolu vacib olduğu kimi, təhsil müəssisəsində də müəssisə rəhbərinin rolu çox önəmlidir. Məktəb valideynin etibarını, etimadını qazanmağı bacarmalıdır. Valideyn də öz növbəsində üzünü məktəbə çevirməli, buraya ikinci evi kimi baxmalıdır. Çünki onun övladları məhz burada təlim-tərbiyə alır. Bu qarşılıqlı əlaqə şəffaf, güvənli və səmimi münasibət olarsa, ünsiyyət düzgün qurularsa, bundan yalnız və yalnız övladlarımız qazanacaqdır.

 

Məktəb-valideyn əməkdaşlığının şagirdlərin təlim-tərbiyəsində mühüm rolu var. Bu əməkdaşlığın əsas məqsədi şagirdlərin təlim-tərbiyəsinin səmərəliliyini artırmaq, valideynlərlə məktəb arasında daha yaxşı ünsiyyət mühiti yaratmaqdan ibarətdir. Bu baxımdan BŞTİ tərəfindən valideynləri təhsil prosesinə cəlb etmək və onların məktəblə əlaqəsini genişləndirmək üçün intensiv işlər görülür.

 

Bir məsələni də xüsusi qeyd edim ki, onlayn təhsilin bir üstünlüyü də bizim məktəb, müəllim olaraq valideynə bir addım daha yaxın olmağımızdır.  Mən həmişə deyirəm ki, indiyə qədər biz şagirdlərimizlə bərabər siniflərdəydik. Artıq bir ildir ki, hamımız məktəblərlə birlikdə evlərdəyik. Düşünürəm ki, bu müddət ərzində valideynlərimizin övladlarına dərs deyən müəllimlər, mütəmadi olaraq müxtəlif mövzularda keçirilən onlayn tədbirlər vasitəsilə məktəblərin gördüyü işlər barədə kifayət qədər məlumatları oldu. Valideynlərin etimadını qazanmaq bizim üçün çox vacib amildir. Təhsildə keyfiyyətə gedən yol məhz əlverişli tədris mühiti, qarşılıqlı etimad və inama əsaslanır.

 

Samirə KƏRİMOVA



19.03.2021 | 10:40