AzMİU-nun tələbələri Əmlak Məsələləri Dövlət Komitəsində könüllü olacaqlar | |
Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndələri Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olub, məzun, tələbə və magistrləri “Əmlak Məsələləri Dövlət Komitəsində könüllü fəaliyyət və işə qəbul” layihəsi barədə məlumatlandırıblar.
AzMİU-nun təcrübə və karyera şöbəsinin təşkilatçılığı ilə həyata keçirilən görüşdə Əmlak Məsələləri Dövlət Komitəsinin İnsan resusları və dövlət qulluğu şöbəsinin müdiri Nuranə Nəzərova, müdir müavini Hüsaməddin Əlizadə könüllülük proqramı barədə ətraflı məlumat veriblər.
Komitənin əməkdaşı H.Əlizadə geniş təqdimatla çıxış edərək bildirib ki, könüllülük proqramı “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq reallaşır. Layihəyə qoşulan tələbə komitənin təcrübəli işçilərləri ilə ünsiyyətdə olur, real iş mühitini mənimsəyir. Fəaliyyət müddətinin sonunda isə komitə tərəfindən könüllülərin nəzəri biliklərini və biliklərini tətbiq etmək bacarıqlarını qiymətləndirmək məqsədi ilə test imtahanları keçirilir və topladıqları ballara uyğun sertifikatlar verilir. Həmçinin, fəaliyyətləri müddətində öhdəliklərini layiqincə yerinə yetirən intizamlı könüllülərin bir qismi komitənin tabeliyinə daxil olan qurumlarda müvafiq vəzifələrə təyin edilir.
Görüşün sonunda komitə əməkdaşları könüllük fəaliyyəti və işə qəbulla bağlı tələbə və məzunları maraqlandıran sualları cavablandırıblar.
Məlumat üçün qeyd edək ki, görüşün məqsədi komitənin fəaliyyəti haqqında tələbələrə informasiya vermək, həyata keçirilən könüllük fəaliyyəti və işə qəbul haqqında onları məlumatlandırmaqdır. Eyni zamanda Komitəyə daha çox könüllülərin cəlb edilməsi, gənc məzunların, tələbələrin bilik və bacarıqlarının artırılması üçün universitetlə əlaqələri genişləndirməkdir.
|
|
15.06.2018 | 10:19 | |
|
|
|