AzTU-da “Açıq qapı” günü

İyunun 14-də Azərbaycan Texniki Universitetində (AzTU) yaz imtahan sessiyasının gedişini izləmək üçün KİV nümayəndələri, təhsil ekspertləri və valideynlərin iştirakı ilə “Açıq qapı” günü təşkil olunub.

 

Qonaqlar auditoriyalarda imtahanların gedişini izləyib, yaz imtahan sessiyasının mövcud qaydalara uyğun təşkilini, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın, obyektivliyin təmin edilməsini müşahidə ediblər.

 

AzTU-nun rektor əvəzi,  professor Xaliq Yahudov jurnalistlərə açıqlamasında bildirib ki, universitetdə yaz imtahan sessiyasına hazırlıq semestrin əvvəlindən başlanıb. Universitetdə imtahanlar həm test üsulu ilə, həm də yazılı formada keçirilir. Qeyd edib  ki, universitetdə əvvəllər yalnız xüsusi texnika və texnologiya fakültəsinin, SABAH qruplarının tələbələri və magistrlər yazılı imtahan verirdi. Lakin hazırda I, II kursda oxuyan bütün tələbələrdən də imtahanlar yazılı şəkildə götürülür. Onların imtahanı ilə bağlı universitetdə hər cür şərait yaradılıb. Burada tələbələrin şikayətlərinə baxılması üçün münaqişə komissiyası yaradılıb. Imtahanların gedişinə nəzarət üçün koordinatorlar təşkil olunub: “Universitetimizdə tələbələrin  şikayəti və müraciəti dərhal icra olunur. Qiymətləndirmədən narazı qalan tələbələrin Apelyasiya Komissiyasına ərizə ilə müraciət etmələri üçün lazımı şərait yaradılıb. Mübahisə doğuran məsələlər komissiya tərəfindən tələbələrin iştirakı ilə araşdırılır, qiymətləndirmədə şəffaflıq və operativlik təmin edilir. Bir ənənə olaraq hər imtahan sessiyasında mediaturlar keçirilir. Universitetdə tədris prosesi və imtahanların təşkili üzrə bütün məsələlər bu ali məktəbdə yaradılmış elektron universitet portalı vasitəsilə nəzarətə götürülür. Tələbə test imtahanlarının nəticələrini cavabları təsdiq etdikdən sonra dərhal kompüterin ekranında görür. Yazılı imtahanlar da test imtahanları kimi ciddi nəzarətə götürülüb. Yazılar şifrələnir, sonra yoxlanılır. Həmin gün qiymətlər tələbələrə elan edilir”.

 

X.Yahudov həmçinin bildirib ki, son vaxtlar universitetdə görülən işlər şəffaflığın artırılması, proseslərin daha düzgün, obyektiv qiymətləndirilməsi, gələcəkdə ümumi işin keyfiyyətini artırmaq, təkmilləşdirmək, təhsil sistemində daha uğurlu islahatlara nail olmaq, universitetlə ictimaiyyət arasında qarşılıqlı əlaqələrin təşkili, hüquqların müdafiə olunması, idarəetmə formalarının inkişafına şərait yaratmaq və təkliflərin verilməsi məqsədi  daşıyır.

 

Sonda təhsil ekspertləri, media nümayəndələri imtahan prosesinin gedişi ilə bağlı fikirlərini bölüşüblər. Müşahidəçilər universitetdə imtahanların yüksək səviyyədə təşkil olunduğunu, lazımi şəraitin yaradıldığını bildiriblər.

 

Rəşad ZİYADOV

 



14.06.2018 | 16:51