“Alqışlardan hiss edirdim ki, birinci yeri tutacağam” | |
Sevda Cəbrayılova ilə Respublika İncəsənət Gimnaziyasında direktorun kabinetində görüşüb həmsöhbət olduq. Öyrəndim ki, o, Özbəkistanda keçirilən beynəlxalq “İstedad” müsabiqəsindən yenicə qayıdıb və rəngarəng çıxışları ilə bu mötəbər yarışmada I yerə layiq görülüb. Direktor Aytən Əhmədova da arabir söhbətimizə müdaxilə edir, bu istedadlı yetirməsinə vurğunluğunu gizlədə bilmirdi. Şübhəsiz, möhtəşəm qələbəsi münasibətilə mən də Sevdanı ürəkdən təbrik etdim və ona bol-bol yaradıcılıq uğurları arzulayaraq oxucularımıza özü haqqında ətraflı məlumat verməsini xahiş etdim. İlk baxışda utancaq yeniyetmə təəssüratı yaradan həmsöhbətimi diqqətlə dinləyərkən təhsil aldığı gimnaziyanın fəxri adlandırmamaq mənim üçün də mümkünsüzdü.
II yerə layiq görüldüm
2003-cü ildə Bakıda anadan olmuşam. 3-cü sinifdə oxuyanda Qaradağ rayonundakı 28 nömrəli musiqi məktəbində kanon aləti üzrə Bahar Əsgərovanın sinfində təhsil almışam. Təhsil aldığım müddətdə də müsabiqələrdə iştirak edirdim, amma bir dəfə də olsun qalib ola bilmirdim. Nəhayət ki, 2016-cı ildə ilk dəfə olaraq tarzən Ramiz Quliyevin iştirak etdiyi respublika müsabiqəsinə qatıldım və II yerə layiq görüldüm.
İfalarım alqışlarla qarşılandı
Dünya və Azərbaycan bəstəkarlarının əsərlərini sevə-sevə ifa edirəm. 2017-ci ildə dahi bəstəkar Bülbülün 120 illiyinə həsr olunmuş respublika müsabiqəsində III yerə layiq görüldüm. Görkəmli rus bəstəkarı P.İ. Çaykovskinin “Güllər” valsını, Nazim Əliverdibəyovun “Elegiya” əsərini ifa etdim. Həmin gün sevincimin hədd-hüdudu olmadı. Çünki ifalarım alqışlarla qarşılandı.
İlk dəfə idi ki, beynəlxalq müsabiqəyə qatılırdım
2018-ci ilin aprel ayı mənim üçün çox uğurlu oldu. Eşidəndə ki, Özbəkistanda keçirilən “İstedad” beynəlxalq müsabiqəsində iştirak edəcəyəm, çox sevindim. Bəs necə! İlk dəfə beynəlxalq müsabiqəyə qatılacaq, başqa şəhərə səfər edəcəkdim. Bu cür etimaddan sonra mən də öz-özümə, hökmən qalib olmalıyam, - deyə düşündüm. Mənə olan ümidləri doğruldacağıma heç kimə yox, özümə söz verdim və daha ciddi məşqlərə başladım. Gecəni gündüzə qatmışdım, məşq etməkdən yorulmurdum, sanki qeybdən mənə enerji verilirdi. - Hökmən birinci olmalıyam,- düşünürdüm. Vaxt yetişdi və hava limanına yollandıq. Çox kövrəlmişdim. Anamla baxışlarımız toqquşdu. Axı, heç vaxt valideynlərimdən ayrı qalmamışdım. Ürəyimdə öz-özümə suallar verirdim ki, görəsən, necə olacaq?! Müəllimlərimin ümidlərini doğrulda biləcəyəmmi?! Dilim-ağzım qurumuşdu. Axır ki, özümü zorla da olsa ələ ala bildim və təyyarəyə mindik. Amma təyyarədən düşəndə həyəcan məni tam tərk etmişdi. Müsabiqənin təşkilatçıları bizi qarşıladılar. Fortepiano müəllimim Svetlana Əhmədova da bizimlə idi. Qürurlanırdım ki, 14 ölkədən 543 nəfərin qatıldığı beynəlxalq müsabiqənin iştirakçıları arasında mənim də adım var. 28 nəfərdən ibarət münsiflər heyətinin tərkibində xalq artisti Ağasəlim Abdullayev də vardı. Adımı eşidəndə səhnəyə çıxdım. Həyəcandan əllərim əsirdi, ancaq nə yaxşı ki, özümü ələ ala bildim. Azərbaycan bəstəkarları Süleyman Ələsgərovun “Şoloxo”, Aqşin Əlizadənin “Cəngi”, Nazim Əliverdibəyovun “Elegiya” əsərlərini ifa etdim. Hamı ayağa qalxıb məni alqışlayırdı. II mərhələyə keçdim. II mərhələdə muğamlarımızdan “Bayatı şiraz” muğamını, bir də “Güljamol” özbək mahnısını ifa etdim. İfalarım münsiflərin çox xoşuna gəlmişdi. Alqışlardan hiss edirdim ki, I yeri tutacağam. Hamı ətrafıma yığışdı. İfa etdiyim mahnıları qalib iştirakçılar bəyənmişdi. Mahnıların notlarını istədilər, mən də onlara hədiyyə etdim. Çox yorğun idim. Müəllimim Svetlana Əhmədova deyəndə ki, I yeri qazandın, sevincimdən uçurdum.
Səhnəyə çıxanda hər şeyi unut...
Yorğunluğum keçmişdi. İlk olaraq gimnaziyamızın direktoru Aytən Əhmədovaya telefon açdım, çünki Aytən xanım həmişə ifalarımı dəyərləndirib. Özbəkistana getməzdən öncə məni otağına çağırıb dedi ki, ürəkli ol, sən birinci olacaqsan. Çox çalışmalısan, lap çox, səhnəyə çıxanda hər şeyi unut, fikrin ancaq ifa etdiyin mahnıda olsun... Sonra isə valideynlərimə zəng etdim, anam kövrəlmişdi... Qeyd edim ki, beynəlxalq müsabiqədə Milli Konservatoriyanın II kurs tələbəsi Ayşə Bünnətzadə diplomla, gimnaziyanın VI sinif şagirdi Əli Xuduzadə, paytaxtdakı G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin şagirdi Fərid Məmmədli isə III yerləri qazandılar.
Dostlarım da Azərbaycan muğamlarını həvəslə dinləyirdilər
7 gün orada qaldıq. Bizi Səmərqənd şəhərinə ekskursiyaya apardılar. Orada bələdçilər bizə şəhərdə olan tarixi abidələr haqqında ətraflı məlumat verdilər. Səmərqənd Özbəkistanın cənubunda yerləşir. Nağılları xatırladan bir şəhərdir.
Şəhərdə olan bir sıra məqbərələr, məscidlər, mədrəsələr və sair tarixi yerlər çox xoşuma gəldi. Bu tarixi yerlər turistlərin diqqətini daha çox cəlb edir. Hər axşam Azərbaycan muğamlarını ifa edirdim. Dostlarım da məni həvəslə dinləyirdilər. Yeri gəlmişkən deyim ki, orada özümə çoxlu dostlar da qazandım. Bu gün də əlaqələrimiz davam edir, sosial şəbəkələr vasitəsilə hər gün həmsöhbət oluruq.
Qəbələ festivalına hazırlaşırıq
Qeyd edim ki, bacım Sevinc və qardaşım Cəbrayıl da musiqiçidirlər. Biri kamança, birisə də qarmon ixtisası üzrə təhsil alıb. Boş vaxtlarımızda biz bir yerdə mahnılar ifa edirik. Natəvan və Sveta müəllimlərimi çox sevirəm. Mənim uğurlarımda onların əməyi böyükdür. Hazırda Heydər Əliyev Fondunun təşkil etdiyi Qəbələ festivalına hazırlaşırıq. Müəllimim Natəvan Həsənova ilə bəstəkar Zakir Bağırovun “Rapsodiya” əsərini ifa edəcəyik.
Arzum Milli Konservatoriyaya qəbul olmaqdır. Bu arzunu gerçəkləşdirmək üçünsə hələ çox çalışmalıyam.
Sifai SƏFƏROVA
|
|
14.06.2018 | 17:24 | |
|
|
|