MDU ilə Yıldız Teknik Universiteti arasında əməkdaşlıq protokolu imzalanıb | |
Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov Türkiyəyə səfəri çərçivəsində İstanbulda yerləşən Yıldız Teknik Universitetinin (YTU) rektoru Tamer Yılmazla görüşüb.
MDU-dan bildirilib ki, 110 illik inkişaf tarixinə malik olan YTU-da həyata keçirilən kadr hazırlığı istiqamətlərindən danışan T.Yılmaz hazırda universitetdə 35 mindən artıq tələbənin təhsil aldığını deyib.
YTU-nun Türkiyə universitetləri arasında ən böyük texnoparka malik olduğunu vurğulayan rektor müasir ekosistemin formalaşdırılması və sənaye ilə səmərəli işbirliyinin yaradılması sahəsində mövcud olan zəngin təcrübələrindən danışıb. T.Yılmaz akademik və inzibati heyətin bacarıqlarının inkişaf etdirilməsi, müasir tələblərə cavab verən kampusun yaradılması, gənc əməkdaşların doktorantura səviyyəsində təhsil alması, məsafədən təhsilin yaratdığı imkanlardan fayda əldə edilməsi və digər məsələlərdə MDU-ya köməklik göstərə biləcəklərini bildirib.
Görüşdə 44 günlük Vətən Müharibəsi dövründə göstərdiyi mənəvi dəstəyə görə həmkarına təşəkkürünü bildirən Ş.Bayramov səfərinin əsas məqsədlərindən danışıb. MDU-nun strateji hədəfləri barədə məlumat verən Ş.Bayramov təmsil etdiyi universitetin ali təhsil xidmətlərinin keyfiyyətinin davamlı yüksəldilməsi, Mingəçevir şəhəri və ətraf regionun hərtərəfli inkişafına daha çox töhfə verməsi baxımından beynəlxalq əməkdaşlıqdan əsas gözləntilərini diqqətə çatdırıb.
YTU ilə qarşılıqlı faydalı işbirliyinin yaradılmasında maraqlı olduğunu vurğulayan Ş.Bayramov MDU-nun potensialının gücləndirilməsinə xidmət edəcək ikitərəfli əməkdaşlıq istiqamətləri barədə fikirlərini bölüşüb. MDU-nun mühəndislik fakültəsinin yenidən qurulması prosesində YTU-nun fəal iştirakı üçün mövcud olan imkanları qeyd edən Ş.Bayramov MDU-da tədrisin məzmunun yenilənməsi və müvafiq tədris laboratoriyalarının yaradılmasında birgə fəaliyyətin əhəmiyyətini bildirib.
Ətraflı müzakirələrlə davam edən görüşün sonunda YTU ilə MDU arasında əməkdaşlıq protokolu imzalanıb. Hər iki universitet üçün qarşılıqlı maraq doğuran sahələrdə potensial əməkdaşlığın yaradılmasını nəzərdə tutan protokol tələbə və müəllim mübadiləsi, ortaq mühazirələrin təşkili, birgə tədqiqatların aparılması, qısamüddətli akademik proqramların həyata keçirilməsi kimi məsələləri əhatə edir.
Görüşdən sonra YTU-nun kampusu və texnoparkı ilə tanışlıq olub.
|
|
14.03.2021 | 09:13 | |
|
|
|