Məktəbdənkənar istedadlar | |
Oxuculara təqdim etdiyim bu istedad sahibləri Bakıdakı 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin ən fəal üzvləridir. Onlar öz istedad və bacarıqlarını nümayiş etdirərək ölkə daxilində və beynəlxalq yaradıcılıq müsabiqələrində qaliblər cərgəsinə ucalıblar. Müəllimlərin əzmkarlığı, yaradıcı yeniyetmə və gənclərin fəallığı nəticəsində əldə olunan nailiyyətlər bu gün mərkəzə yönəli olan diqqət və marağı birə-beş artırır. Sabahın korifey sənətkarları ola biləcək istedadlı dərnək üzvləri sənətdə qazandıqları bütün uğurlara görə nə vaxtsa haqqında söhbət açdığımız bu mərkəzə öz dərin minnətdarlıqlarını fəxrlə dilə gətirəcəklər. Təbii olaraq qələbələr heç də asanlıqla qazanılmır. İstedad, üstəgəl birincilik iddiası və qətiyyət bu istedad sahiblərini qələbələrə aparan çətin yarışmalarda qalibiyyət kürsüsünə ucaldıb. Mərkəzdə 31 adda dərnək fəaliyyət göstərir. Oxucularımızı ən fəal dərnək üzvlərinin bir neçəsinin yaradıcılıq uğurları ilə yaxından tanış edirik.
“Bütün nailiyyətlərimizdə müəllimlərimizin payı var”
Mənim 16 yaşım var. 6 yaşımdan Bakı şəhəri, Nizami rayonu 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin üzvüyəm. Mərkəzdə müxtəlif dərnəklərin üzvü olmuşam. “Çiçəyim” uşaq teatrı, “Azəri inciləri” rəqs qrupu, “Fortepiano” dərnəklərində öz istedadımı sınamışam. Hazırda isə, “Gənc aktyorlar” və “Mahnı teatrı” dərnəklərinin üzvüyəm. Heydər Əliyev Sarayında, Rus Dram Teatrında, Gənc Tamaşaçılar Teatrında, R.Behbudov adına Mahnı Teatrında uğurlu çıxışlarımız olub. Tez-tez televiziya kanallarına dəvətlər alırıq.
Hər il “Gənc aktyorlar” dərnəyinin rəhbəri Xanım İsmayılova hazırladığı tamaşalarla “açıq dərs”lər keçir. M.Füzulinin “Leyli və Məcnun”unda Leyli, Ə.Haqverdiyevin “Pəricadu” tamaşasında Pəricadu, A.Şaiqin “Qaraca qız” pyesində isə Pəricahan xanım obrazlarını məharətlə oynamışam. 2017-ci ildə “Gənc aktyorlar” dərnəyi ilə Türkiyənin Kayseri şəhərində keçirilən Uluslar ve Liseler arası Tiyatro festivalında biz Ü.Hacıbəyovun “Arşın mal alan operettası”nı kompozisiya şəklində çox uğurla nümayiş etdirdik. Mən bu əsərdə Gülçöhrə obrazını ifa edirdim. Tamaşamız 4 nominasiya üzrə qalib oldu. Mən qız rol ifaçıları arasında I yerə layiq görüldüm. Xanım müəllim isə “Musiqi tərtibatı” və “Rejissorluq” nominasiyası üzrə mükafatla təltif olundu. Çox sevindim ki, mərkəzimizi beynəlxalq festivalda layiqincə təmsil edə bildim. Biz onlayn festivallarda, müsabiqələrdə də çıxışlar edir, diplomlar qazanırıq. Beynəlxalq onlayn “3 Alov” festivalında “Fortepiano” nominasiyası üzrə III yerə layiq görülmüşəm. Nizami rayonu İdman və Gənclər İdarəsinin keçirdiyi onlayn şeir müsabiqələrində də bir neçə dəfə qalib adını qazanaraq I yerləri tutmuşam.
Riyaziyyat müəllimim deyir ki, məndən yaxşı riyaziyyatçı olar. Sinif müəllimim isə “Bu biliyini notlarına qurban vermə, səndən yaxşı pedaqoq olar”, - deyir. Təbii ki, müəllimlərimin fikirlərinə hörmətlə yanaşıram. Ancaq açığını deyim ki, özüm də hələ ki, peşə seçimində bir az çaşqınlıq içindəyəm. Bəzən valideynlər arasında elə fikirlər yürüdən də olur ki, uşaqlar dərnəklərdə məşğul olanda, dərsdən, təhsildən yayınırlar. Mən isə 10 illik təcrübəmə əsaslanaraq, deyə bilərəm ki, bu fikir qətiyyən düzgün deyil. Çünki mən dərnəyə də gedirəm, müsabiqələrdə də iştirak edirəm və bununla bərabər həm dərs əlaçısıyam, həm də sinif nümayəndəsi. Mərkəzimizin bizim dünyagörüşümüzün formalaşmasında rolu əvəzsizdir.
Mərkəzimizin direktoru Lalə Qəti hər zaman bizə diqqət və qayğı nümayiş etdirir. Bizə stimul verən müəllimlərmizin üzərimizdə əməkləri heç bir meyarla ölçülə bilməz. Bütün nailiyyətlərimizdə onların misilsiz payı var. Arzum Azərbaycan Dillər Universitetini bitirib səfir olmaq, Azərbaycanımızı xarici ölkələrdə layiqincə təmsil etməkdir.
“Bizə göstərilən etimadı layiqincə doğrulduruq”
11 yaşındayam. Artıq 7 ildir ki, 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin üzvüyəm. Müəllimim Əməkdar Mədəniyyət işçisi Rəna Kərimovadır. “Çiçəyim” uşaq teatırımız pandemiyayla əlaqədar olaraq mərkəzimizin hazırladığı bir çox videoçarxlarda iştirak edib. Mən də bu videoçarxlarda çox fəal olmuşam. “Evdə qal”, “Əsgərə məktub”, “Mənim qəhrəmanım” kimi bir çox aksiyalarda çıxış etmişəm. Bizim üçün sevindiricidir ki, bu il “Nizami Gəncəvi” ili elan edilib. Mərkəzimizdə bu mövzuya həsr olunan “dəyirmi masa” keçirildi və mən də bu konfransda var idim. Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poemasından “Kərpickəsən kişinin dastanı” hekayəsindən bir parçanı sevə-sevə ifa etdim. Dərnəyimizin istedadlı yetirmələri ilə birlikdə mən də Türkiyədəki 23 Nisan Çocuk festivalına dəvət almışdım. İstanbul, Fəthiyə, Antalya kimi şəhərlərdə uğurla çıxış etdik və diplomla təltif olunduq. Mən Yakust şəhərində keçirilən iki müsabiqədə iştrak etmişəm. Bunlardan biri bədii qiraət sahəsinə aid idi. Bu müsabiqədə I yerə layiq görüldüm. Növbəti müsabiqədə “Çiçəyim” uşaq teatrı dəbli geyimləri nümayiş etdirdi. Həmin müsabiqədə də bizim komanda daha çox bəyənildi və “Qran-pri” mükafatına layiq görüldük. Yeri gəlmişkən qeyd edim ki, Baku Media Centerin çəkdiyi “Hər şey yaxşı olacaq” adlı videoçarxı səsləndirən mən olmuşam. Heydər Əliyev Sarayında keçirilən uşaq tədbirlərində mütəmadi olaraq iştirak edirəm. Biz də bir yaradıcı komanda olaraq bir çox nağıl tamaşaları şəhərimizin böyük teatr salonlarlında səhnəyə qoymuşuq. Heydər Əliyev Fondunun keçirdiyi yeni il tədbirlərində artıq 5 ildir ki, tanınmış aktyorlarla birlikdə öz istedadımı nümayiş etdirərək əsas rollardan birini oynayıram. Bir çox kiliplərdə, reklamlarda, televiziya kanallarında çəkilişlərə dəvətlər alırıq və bizə göstərilən etimadı da layiqincə doğrulduruq. Valideyinlərimə təşəkkür edirəm ki, məni zamanında bu mərkəzə üzv yazdırıblar. Görün burada mən özümə nə qədər sədaqətli dostlar qazanmışam. Hamısı da istedad sahibləridir. Bütün uğurlarıma görə sevimli müəllimim Rəna Kərimovaya və təbii olaraq dərnək üzvlərimizin məşqləri üçün yaratdığı bütün şəraitə görə mərkəzimizin direktoru Lalə Qətiyə təşəkkürümü bildirirəm. O diqqətdən, o qayğıdan biz dərnək üzvləri kifayət qədər bəhrələnməsəydik sizin qarşınızda heç bir qalibiyyətdən, uğurdan söhbət aça bilməzdik.
“Yaradıcılıq müsabiqələrində, idmanda da birincilik qazanmışam”
2008-ci ildə Bakıda anadan olmuşam. Humanitar fənlər təmayüllü məktəb-liseyin şagirdiyəm. 8 ildir ki, mərkəzin “Azəri inciləri” rəqs qrupu və “Çiçəyim” uşaq teatrının fəal üzvüyəm. Beynəlxalq, eyni zamanda ölkədaxili yaradıcılıq müsabiqələrində və bir çox başqa tədbirlərdə həmişə iştirak etmişəm və birincilik qazanmışam. Heydər Əliyev Sarayında təşkil olunan “Zima” qış tədbirində iştirakımla təmsil olunduğum kollektivə qələbə sevinci yaşatmışam. İki ildir “Kaspi” təhsil mərkəzində ingilis dilini də öyrənirəm. Düşünürəm ki, öz gələcək perspektivlərini təmin etmək üçün hər bir məktəbli bu dili də mükəmməl bilməlidir.
Yeri gəlmişkən, mənim idmana da hədsiz marağım var. Dörd ildir ki, mütəmadi olaraq Sərhədçi İdman Kompleksində üzgüçülük idman növü ilə, eyni zamanda paralel olaraq gimnastika və karate ilə də məşğul oluram. Gimnastika və karate üzrə keçirilən idman yarışlarında dəfələrlə iştirak etmişəm I, II və III yerlərə layiq görülmüşəm. Kifayət qədər diplomlarım və medallarım da var. Hamısı da əzmkarlığımın, gərgin zəhmətə qatlaşmağımın bəhrəsidir. Karate idman növü üzrə artıq sarı kəmər sahibiyəm. Beş yaşımdan mərkəzdə rəqs qrupunda və uşaq teatrında həvəslə məşğul olaraq uğurlara imza atıram. “Azəri inciləri” rəqs qrupunda müəllimim Samirə Musaim, “Çiçəyim” uşaq teatr dərnəyində isə Rəna Kərimovadır. Hər ikisinin üzərimdə zəhməti böyükdür. Heydər Əliyev Fondunun təşkil etdiyi tədbirlərdə 6 il mütəmadi olaraq iştirak etmişəm. Moskvada, Belarusda, Qazaxıstanda, Türkiyədə keçirilən yaradıcılıq müsabiqələrində dəfələrlə birincilik qazanmışam.
“Ən böyük arzum Vətənimə layiqli övlad olmaqdır”
Artıq 9 ildir ki, mərkəzdə “ Mahnı teatrı” dərnəyinin üzvüyəm. Xüsusi istedad və bacarığım ilə yaşıdlarımdan seçilirəm. Ötən bu illər ərzində müxtəlif nominasiyalı müsabiqələrdə, festival və yarışmalarda iştirak edərək təmsil olunduğum kollektivə başucalığı qazandırmışam. “Azəri inciləri” vokal qrupunun solisti olmuşam. İlk nailiyyətimi 8 il əvvəl “Yeni uşaq mahnıları-2013” adlı festivalda “Qaranquşum” mahnısı ilə əldə etmişəm. 2014-cü ildə S.Vurğun adına Azərbaycan Rus Dram Teatrında keçirilən “Bizim rəqs dünyamız” adlı hesabat konsertindəki ifalarım “Kəndimiz”, “Dostluq mahnısı” tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Dəfələrlə beynəlxalq yarışlara qatılaraq birincilik qazanmışam. Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə keçirilən “Vətən yaxşıdır” adlı onlayn respublika mahnı müsabiqəsinin “Bəstəkar mahnıları” nominasiyası üzrə lll yerin qalibi oldum. Müsabiqə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Xudayar Yusifzadəyə və onun timsalında bütün şəhidlərin xatirəsinə həsr olunmuşdur. Qırğızıstan Respublikasında təşkil olunan Gənc İstedadların II Beynəlxalq onlayn festivalında isə vokal nominasiyası üzrə “Doğma yurdum” mahnısını ifa edərək II yeri tutdum. Vokal müəllimim İradə Cabbarovaya təşəkkür edirəm. Dəfələrlə televiziya kanallarında çıxışlarım olub. Karantin dövrundə bir çox beynəlxalq və respublika üzrə onlayn müsabiqələrdə iştirak etmişəm. “Evdə qalaq, nəğmə deyək” adlı müsabiqədə I, “Sing at home” adlı beynəlxalq italyan müsabiqəsində II, “İstoki” adlı beynəlxalq müsabiqədə II, “Xarı bülbül” adlı respublika müsabiqəsində I yerlərə layiq görülmüşəm.
Ən böyük arzum Vətənimə layiqli övlad olmaqdır. Ümid edirəm ki, bu arzuma çatacağam.
Sifai SƏFƏROVA
|
|
13.03.2021 | 13:25 | |
|
|
|