Elm ocağı kimi tanınan Talıstan məktəbi

İxtiyar dağların döşünə sığınan, bir baxışla hər kəsi özünə valeh edən Talıstan kəndi! İsmayıllıda qədim odlar yurdunun bir parçası, dilbər guşəsi - vaxtı ilə xalq şairi S.Vurğunun ilham pərisinə çevrilən bir kənd. Kəndə gələrkən hündür ağaclarla əhatə olunan asfalt yolun sağ tərəfində bir bina ucalır. Bu bina  E.Bayramov adına Talıstan kənd tam orta məktəbidir. O məktəb ki, bu gün  təkcə İsmayıllı rayonunda deyil, respublikamızda tanınan, öz uğurları ilə hamının diqqətini çəkən bir elm ocağıdır.

 

Həyatımızda mühüm rol oynayan təhsil gələcəyimizin təminatçısıdır. Əsrimizdə elmin qüdrəti böyükdür. Yalnız o adam biliklərin zirvəsinə çata bilər ki, qorxmadan, yorulmadan onun daşlı-kəsəkli yollarını ötə bilsin. Dahi Nizami Gəncəvi əbəs yerə deməyib ki;

 

Qüvvət elmdədir, başqa cür heç kəs,

Heç kəsə üstünlük eyləyə bilməz.

 

Bəli, bu gün öz təhsil uğurları ilə fərqlənən Talıstan kənd tam orta məktəbinin pedaqoji kollektivi də bu amala, bu məsləkə xidmət edir. Məktəbdə 356 nəfər şagirdin təlim-tərbiyəsi ilə 42 nəfər ali təhsilli müəllim məşğul olur. Bu müəllimlərin demək olar ki,  hamısı Talıstan məktəbinin yetirmələridir. Onlardan beş nəfər ali məktəbi fərqlənmə diplomu ilə bitirmişdir.

 

Məktəbdə internet şəbəkəsinə qoşulmuş kompüterlərlə təchiz olunmuş kompüter  sinfi, fənn kabinetləri, innovativ təlim üçün yeni kitabxana, idman zalı şagirdlərin ixtiyarındadır. Məktəbdə çalışan hər bir kollektiv üzvü öz işinə məsuliyyətlə yanaşır, şagirdlərin elmlərə yiyələnməsi üçün səy və bacarığını əsirgəmir.

 

Qeyd etməliyik ki, təhsilin keyfiyyəti ilk növbədə  müəllim peşəkarlığı və məktəbdə idarəetmənin düzgün təşkilindən aslıdır. Bu istiqamətdə məktəbin gördüyü işlər təqdirəlayiqdir. Məktəbə Əməkdar müəllim Aydın Əzizov rəhbərlik edir. Məktəbdə yaradılan sağlam mühit  şagirdlərimizin təhsildə  yüksək nailiyyətlər əldə etməsinə stimul verir. Məktəbin  direktoru başda olmaqla pedaqoji  heyətin işi demokratik prinsiplər əsasında qurulmuşdur. Bu zaman məktəbin yerləşdiyi kəndin spesifik xüsusiyyətləri də diqqətdə saxlanılmışdır.

 

Məktəbdə tez-tez əbədi-bədii gecələr, şeir, inşa müsabiqələri, idman yarışları, kitab müzakirələri, disputlar keçirilir. Bütün bunlar şagirdlərin geniş dünyagörüşlü, intellektual, müasir, savadlı, hərtərəfli böyüməsinə şərait yaradır.

 

Qazanılan nailiyyətlərə görə məktəb ölkə başçısının sərəncamları ilə  2008-ci və 2013-cü illərdə “Ən yaxşı məktəb”müsabiqəsinin qalibi olmuşdur. Həmçinin iki müəllimimiz: riyaziyyat müəllimi  Aydın Əzizov və kimya müəllimi Şahsuvar Abbasov “Əməkdar müəllim” fəxri adına layiq görülüb,  2 nəfər “Qabaqcıl Təhsil işçisi” döş nişanı, 4 nəfər isə Təhsil Nazirliyinin fəxri fərmanı ilə mükafatlandırılıb.

 

Bundan ruhlanan müəllimlərimiz hər il yeni-yeni uğurlar əldə edir, rayonun təhsil sahəsindəki nailiyyətlərinə gözəl töhfələrini verirlər. Son illərdə 600-dən yuxarı bal toplayan məzunlarımız  respublikanın ən yüksək ali məktəblərində təhsil alır, magistratura pilləsində təhsillərini davam etdirirlər.

 

500-dən çox bal toplayanlar

 

Cari 2017-2018-ci tədris ilində  qocaman təhsil ocağını 20 nəfər şagird bitirir. Onlardan 16 nəfər ali məktəbə sənəd vermişdir. Qəbul imtahanlarının yaz mərhələsində 4 nəfər 600-dən, 8 nəfər isə 500-dən çox bal toplamışdır. Şagirdlərdən  Aysel Məhərrəmova  665, Əli Qasımov  640, Yalçın Ağamirzəyev  637,  Səbinə Rüstəmli  627,  Xədicə Cəbiyeva  587, Ümüd Səfərli 545, Səbinə Şiralızadə  525, Əzizə Əkbərli  520 bal toplasalar da, öz nəticələri ilə razılaşmır, növbəti mərhələdə daha yüksək nəticə göstərmək  üçün əzmlə  çalışırlar.

 

Çox sevindirici haldır ki, yüksək nəticə göstərmiş şagirdlərdən Aysel, Xədicə, Əzizə  məhz müəllimlik peşəsinə yiyələnmək istəyirlər.

 

Təsadüfi deyildir ki, Ayselin bacısı Mahirə də 600-dən yüksək bal toplayaraq müəllimlik peşəsini seçmişdir. Hal-hazırda BDU-da magistr pilləsində təhsilini davam etdirir.

 

11-ci sinfin məzunlarının bu cür uğur qazanmasında məktəbimizin, eləcə də rayonun qabaqcıl ibtidai sinif müəllimi Gülxar Babayevanın böyük rolu olmuşdur. Bu da təsadüfi deyildir ki, Gülxar müəllimin yetişdirdiyi şagirdlər buraxılış və qəbul imtahanlarında yüksək nəticələr göstərirlər. Eləcə də sinif rəhbəri Pakizə Məhərrəmova  şagirdlərin hərtərəfli, bilikli, savadlı, həmçinin tərbiyəli və əxlaqlı gənclər olması üçün əlindən gələni əsirgəmir, onlara bir ana qayğısı göstərir.

 

Bu gün məzunlarımızın sorağı Türkiyədən, digər Avropa ölkələrindən, respublikamızın müxtəlif yerlərindən gəlir. Qabaqcıl həkim, alim, mühəndis, vəkil yetişdirən məktəb bu il özünün 50-ci buraxılışını  qeyd edir. Şagirdlərimiz respublika fənn olimpiadalarında uğurla iştirak etmişlər. Rayon üzrə keçirilən “Şahin” hərbi idman oyunlarında məktəbimiz III yerə çıxmışdır. Çalışırıq ki, şagirdlərimiz məktəbdə elmlə, biliklə yanaşı əsl vətənpərvər, tərbiyəli gənclər kimi yetişsinlər. Qarabağ döyüşlərində 4 şəhid  vermişik. Məktəbimizin adını daşıyan Elşad Bayramov  da vətənin azadlığı uğrunda həlak olan şəhidlərimizdəndir.

 

Bəli, kiçik bir yazıya sığmayan məktəb həyatı! Artıq 2017-2018-ci tədris ilinin sonuna yaxınlaşırıq. Ümid edirik ki, çalınan bu “Son zəng” 20 gəncin həyat yoluna nur çiləyəcək, onlar öz istək və arzularına çatacaqlar. Talıstan  məktəbinin uğur və nailiyyətlərinə yeni-yeni səhifələr yazacaqlar.

 

Uğurlar sizə, əziz məzunlar!

 

Gülnaz ABDULƏZİZOVA,

İsmayıllı rayon E.Bayramov adına Talıstan  kənd tam  orta məktəbinin Azərbaycan dili və ədəbiyyat  müəllimi



19.06.2018 | 12:14