Uşaq birlikləri rəhbərləri işinin metodikasına dair | |
Son vaxtlar “təhsil menecerləri”, “gənclərlə iş üzrə menecerlər” ifadələri ilə yanaşı “uşaq birlikləri rəhbər menecerləri” ifadəsi də təhsili idarəetmə prosesində geniş yer tutmaqdadır.
Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasında deyildiyi kimi: “İnkişaf etmiş ölkələrin təcrübəsindən aydın olur ki, təhsildə idarəetmənin ictimailəşməsi prosesi sürətlənməkdədir. Təhsil strategiyasının uğurla həyata keçirilməsində və təhsilin keyfiyyətinin dayanıqlı yüksəlişində maraqlı tərəflərin cəlb olunmasını təmin edən səmərəli idarəetmə mühüm rol oynayır. Bu, ilk növbədə, bütün növ təhsil müəssisələrinin müstəqilliyinin artırılmasını, valideyn, şagird, tələbə və təhsil prosesinin digər iştirakçılarını geniş cəlb etməklə təhsil ocaqlarının idarə olunmasını, nəticəyönlü menecmentin və digər müasir idarəetmə texnologiyalarının prosesə tətbiqini tələb edir”.
Menecment təşkilatın effektiv və məhsuldar nailiyyətləri üçün öz resurslarından istifadə etməklə planlaşdırma, təşkiletmə, istiqamətləndirmə və nəzarətetmə kimi tərif olunur.
Menecment - fərdi yanaşma əsasında təsir göstərməni nəzərdə tutmayan, rəhbər və tabeliyində olanların birgə fəaliyyətdə hədəflərə effektli şəkildə çatmaq üçün komfortlu əməkdaşlıq şəraitinin yaradılmasına əsaslanan idarəetmədir.
Ümumtəhsil, ilk peşə və orta ixtisas təhsili müəssisələrində fəaliyyət göstərən uşaq birlikləri rəhbərləri, məktəb psixoloq-voleoloqları üçün nəzərdə tutulmuş bu metodik tövsiyə həm onlarla işin elmi-praktik hazırlığını təmin etmək, həm də gələcəkdə ümumtəhsil məktəblərində uşaq birlikləri menecer-metodistləri vəzifəsinə hazırlaşanlar üçün çox əhəmiyyətlidir.
Müasir mərhələdə uşaqlarla işin təşkili ölkənin təhsil və gənclər siyasətinin tələblərinə əsasən həyata keçirilir. Bu mənada uşaqların tərbiyəsinə müxtəlif sosial təsisatların təsiri nəzərə alınmalıdır. Onların arasında uşaq birliklərinin xüsusi yeri vardır. “Onun perspektiv məqsədi öz qüvvə və imkanlarına əsaslanmaqla uşaqlara kömək etmək, uşaq maraqlarının təmin olunmasındakı boşluğu doldurmaqdır” (Ə.X.Paşayev, F.A.Rüstəmov. Pedaqogika, Bakı, 2002, səh.129). Uşaqlar həm məktəbdə, həm də ondan kənarda öz maraq dairələrinə görə birləşirlər. Uşaq birlikləri şəraitində uşağın sosiallaşması məsələsinin həllinə yönəlmiş tərbiyəvi iş şəxsiyyətin formalaşmasının digər amilləri ilə qarşılıqlı əlaqədə keçirilsə də, öz məqsədi, məzmunu və strukturu etibarı ilə onlardan xeyli fərqlənir. Sosial münasibətlər dinamikdir. Bu, uşaqların müvəqqəti birliklərdə intensiv ünsiyyəti zamanı daha çox meydana çıxır.
Uşaq birlikləri ilə işin metodikasının sosiallaşması prizmasından yanaşsaq hər hansı birliyin məqsədini iki aspektdə nəzərdən keçirmək olar: uşaqların öz qarşılarına qoyduğu məqsəd, uşaq birliklərinin işində iştirak edən böyüklərin qarşıya qoyduğu məqsəd.
Uşaq birlikəri təlim-tərbiyə prosesini koordinasiya baxımından da çox vacibdir. Onlar şagird şəxsiyyətinə ikitərəfli təsir göstərir. Bir tərəfdən uşağın məqsəd, maraq və tələbatlarının təmin olunmasına şərait yaradır. Digər tərəfdən öz tələbatlarını məhdudlaşdırma, ictimai normaları, dəyərləri, sosial proqramları korrektə yolu ilə şəxsiyyətin daxili imkanlarının seçimi baş verir.
Uşaq birlikləri fəaliyyətinin koordinasiyasında onların dövlətin təhsil siyasəti haqqında təhsilə dair normativ-qanunvericilik bazasının mənimsənilməsi mühüm əhəmiyyət kəsb edir. Bu sahədə “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun siniflər üzrə ictimai oxularının keçirilməsi də az əhəmiyyət daşımır. Məsələn, maddələr üzrə tanışlıq zamanı uşaqlar özlərinin təhsil hüquqlarını da məsimsəmiş olurlar. Qanunun 3-cü maddəsinin öyrənilməsi uşaqların təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri ilə tanış olmasına imkan verir.
Uşaq birliklərinin bu cür nəzəri hazırlığı uşaqların maraqlarını, hüquqlarını, ləyaqətlərini qorumaqla, müdafiə funksiyasını da yerinə yetirmiş olur.
Bu birliklərdə sosiallaşma prosesi yalnız uşaq və böyüklərin birgə fəaliyyətinin, maraqlarının ümumiliyi şəraitində səmərəli nəticələr verə bilər. Bu zaman birliyin fəaliyyət formalarının seçilməsi, bir qrupdan, bir mikrokollektivdən digərinə keçmək hüququ şagirdin ixtiyarında qalır.
Uşaq birliklərinin tipləri birliklərin fəaliyyətinin məzmununa, müddətinə və idarəetmə formalarına görə fərqlənir.
Məzmununa görə fərqlənənə əmək, asudə vaxt, ictimai-siyasi, dini, vətənpərvərlik, idrak (öyrənmə fəaliyyəti ilə məşğul olan) birliklərini misal göstərmək olar. Əmək birliklərində şagirdlərin əmək fəaliyyətinin təşkili həyata keçirilir. Məsələn, şagird kooperativləri, hər şeydən əvvəl, uşaqların şəxsi iqtisadi problemlərini həll etmək məqsədilə həyata keçirilən birgə fəaliyyətdir.
Asudə vaxt birlikləri uşaqların qabiliyyət və meyillərinin inkişafı məsələlərinin həllini, onlara ünsiyyət özünüifadə və özünütəsdiq imkanının verilməsini nəzərdə tutur.
Mövcudluq müddətinə görə birliklər daimi, müvəqqəti və situativ olur. Daimi birliklər, bir qayda olaraq, məktəbin, əlavə təhsil müəssisəsinin bazasında, uşaqların yaşayış yerlərində təşkil edilir.
Tipik müvəqqəti birliklərə yay uşaq mərkəzləri, turist qrupları aiddir. Situativ birliklərə isə çox vaxt tələb etməyən, hər hansı bir məsələni həll etmək məqsədilə təşkil edilən uşaq birlikləri misal ola bilər (məsələn, yardım aksiyasında, toplanışda iştirak etmək və s.).
İdarəetmə xarakterinə görə qeyri-formal uşaq, klub birliklərini və uşaq təşkilatlarını fərqləndirmək olar.
Uzun illər keçmiş SSRİ məkanında, o cümlədən Azərbaycanda vahid uşaq təşkilatı (pioner təşkilatı - S.B) fəaliyyət göstərmiş və o, uşaqların təşkilindən daha çox məktəb həyatının təşkili formasına çevrilmişdi.
Demokratik cəmiyyət şəraitində uşaq təşkilatlarının işində də əsaslı dəyişikliklər etmək zərurəti meydana çıxdı. İlk növbədə onların işinin məzmununu yeniləşdirmək vacib hesab edildi. Bu zaman şəxsiyyətin sosiallaşması üçün birlik və təşkilatlar yaradıldı. Uşaqlara müxtəlif birliklərdə, təşkilatlarda, qruplarda fəaliyyət və ünsiyyət sahəsi seçmək imkanı verildi. Onlar bu imkanı əldə etməklə sərbəstlik qazandılar, variativ mövqedən çıxış etmək bacarığına yiyələndilər. Variativ yanaşma uşaqların fəaliyyətinin məzmununa görə bir-birindən fərqlənən kompleks proqramı və ona adekvat olan iş formaları və metodlarını nəzərdə tutur. Bu proqramlar uşaqların maraq və tələbatlarının diapozonunu, eyni zamanda ətraf aləmdə baş verən iqtisadi, sosial, siyasi və mənəvi dəyişiklikləri nəzərə almağı tələb edir .
Uşaqlar birlikləri maraqlarına görə seçmək, bir birlikdən digərinə keçmək, ürəklərinə yatan fəaliyyət proqramını həyata keçirmək, həmçinin proqramların icra müddəti və sürətini planlaşdırmaq imkanına malik olurlar.
Proqramlar variativlik nəzərə alınmaqla işlənib hazırlanır. Təşkilat üzvlərinə öz proqramlarına əlavələr etmək hüququ verilir.
Bu cür düşünmək və fəaliyyət göstərmək üçün insanın yaşadığı ictimai mühit haqqında tarixi, fəlsəfi, iqtisadi, politoloji, psixoloji biliklərə yiyələnməsi zəruridir.
Bu gün uşaq birliklərində uşaqların sosial-iqtisadi fəallığının tərbiyə edilməsi məsələsi xüsusi aktuallıq kəsb edir. Bu proses aşağıdakıların həyata keçirilməsini təmin edir:
- uşaqların və yaşlıların sosial-iqtisadi münasibətlərinin qarşılıqlı təsiri; - əldə edilmiş biliklərin praktik fəaliyyətə tətbiqi.
Uşaqların tərbiyəsində onların müvəqqəti birliklərinin də böyük əhəmiyyəti vardır. Belə birliklərdən uşaqların öz yaşıdları ilə dinamik və intensiv ünsiyyətinə real şərait yaradılır. Müvəqqəti birliklərdə yeniyetmələr öz həyat fəaliyyətlərini müstəqil təşkil etməyi sınaqdan keçirir, bu zaman passiv müşahidəçidən fəal təşkilatçıya çevrilirlər.
Beləliklə, müxtəlif uşaq birlikləri uşağın daxili aləminin təşəkkülünə, onlarda ümumi mədəniyyətin, yeni dəyərlərin formalaşmasına imkan yaradır, uşağın sosial inkişafını stimullaşdırır.
S.BAYRAMOVA, ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru
|
|
14.06.2018 | 15:29 | |
|
|
|