Ədəbiyyat biliciləri

2017-2018-ci dərs ilində ölkənin ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə “Ədəbiyyat  biliciləri” Respublika  müsabiqəsi  keçirilib. Təhsil naziri Ceyhun Bayramovun müvafiq əmrinə əsasən müsabiqəyə qatılmış şagirdlərdən 5 nəfər I, 10 nəfər  II, 15 nəfər III   dərəcəli diplomlarla, 20 nəfər  isə Tərifnamə ilə təltıf  olunub.

 

Oxucularımıza müsabiqədə I dərəcəli diplomla təltif olunanları təqdim edirik.

 

 

 

Müəllimlərimə minnətdaram

 

Aybəniz İSMAYILOVA: - Mən, Aybəniz İsmayılova 2000-ci ildə Bakı şəhərində anadan olmuşam. Birinci sinfi Bakıda  oxusam da  2014-cü ildən  təhsilimi Ağstafa rayon Köçəsgər kənd 1 nömrəli tam orta məktəbdə davam etdirmişəm.  Orta məktəbdə oxuyanda  ilk gündən məndə humanitar fənlərə marağı  müəllimlərim yaradıb. Ona görə də 2016-cı ildə “Ədəbiyyat biliciləri” Respublika müsabiqəsində  III, 2017-ci ildə II yeri tutmuşam.

 

 

Builki  müsabiqədə iştirakım isə daimi yadda qalandır. Çünki  çox həyəcanlı idim, məqsədim  I yer tutmaq idi. Biliyimizi  üzə çıxartmaq üçüm   yaradılan şərait, göstərilən diqqət həyəcanımı arxada qoydu.

 

Nəticədə 2018-ci ildə “Ədəbiyyat biliciləri” Respublika müsabiqəsində I yeri tutduğuma görə  Təhsil Nazirliyinin I dərəcəli  diplomuna layiq görülmüşəm. Qazandığım uğurlara görə mənə dərs deyən müəllimlərimə minnətdaram.

 

Onu da deyim ki, builki  qəbul imtahanlarının birinci mərhələsində isə  627 bal toplamışam.

 

Arzum  ingilis dilində təhsil alıb, savadlı  bir hüquqşünas olmaqdır. Bunun üçün səylə çalışıram.

 

 

 

Vaxtımın çoxu kitabxanada keçir

 

Lamiyə HÜSEYNOVA: - Mən, Lamiyə Hüseynova  2002-ci ildə Şabran şəhərində anadan olmuşam.   Rayonun  Xırdaoymaq,  Təzəkənd kənd məktəblərində  9-cu sinfə kimi oxumuşam.

 

 

 

 

Hələ bu  məktəblərdə oxuyanda ədəbiyyat müəllimim Nəzakət xanım ixtisas  seçimimdə  mənə  yardımçı olub.  2017-ci ildə  ümumi orta təhsili bitirdikdən sonra Şabran şəhər T.Abbasov adına 1 nömrəli tam orta məktəbin X sinfində təhsilimi davam etdirmişəm. Bu məktəbdə ədəbiyyat fənnindən  mənə Bəşarət Həmidov  dərs deyib. Burada da  oxuyanda əlavə   ədəbiyyat məşğələrində fəal iştirak etmişəm. Zəhmətim hədər  getməyib. 2017-2018-ci dərs ilində ölkənin ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı  ilə  keçirilmiş “Ədəbiyyat biliciləri” müsabiqəsində Təhsil Nazirliyinin I dərəcəli diplomuna  layiq  görülmüşəm.  Qazandığım uğurlara görə müəllimlərimə  minnətdaram.

 

Gələcəkdə arzum Azərbaycan Diplomatik Akademiyasına qəbul olub, hüquqşünas olmaqdır. Bunun  üçün  müəllimlərimin  tapşırıqlarını vaxtında,  keyfiyyətlə yerinə yetirirəm.

 

Vaxtımın çoxu kitabxanada  keçir.

 

 

Bədii ədəbiyyata marağım böyükdür

 

Bənövşə MƏMMƏDOVA: - Mən, Bənövşə Məmmədova 2002-ci ildə   Bakı şəhərində anadan olmuşam. Oxuduğum Humanitar fənlər təmayüllü məktəb-liseyi doğma evim  hesab edirəm. Liseyin   bütün ictimai işlərində yaxından iştirak etməklə bərabər, dərslərimi yaxşı oxuyuram. Fənlər arasında   fərq qoymuram. Çalışıram ki, bütün fənlərdən dərin bilik əldə edim. Bədii ədəbiyyata isə  marağım böyüdür. Keçən il məktəbimizdə ən çox kitab oxuyan şagirdlər arasında 2-ci yeri tutmuşam.   Rayon  və respublika olimpiadalarının fəal iştirakçısı olmuşam.

 

 

2017-2018-ci  dərs ilində ölkənin ümumtəhsil məktəblərinin VIII-XI sinif  şagirdlərinin iştirakı ilə keçirilən “Ədəbiyyat biliciləri” müsabiqəsinə  bu il mən də qatıldım. Həmin gün ədəbiyyatdan  təqdim  edilmiş sualları  nə qədər   düzgün  cavablandırsam da,  daxilimdə  bir  narahatçılığım  var idi. Fikirləşirdim ki,  məktəb rəhbərliyinin, valideynlərimin   ümidini  mütləq  doğrultmalıyam...

 

Adi günlərdən biri idi, otaqda oturmuşdum. Anam  məni  bərk-bərk qucaqlayıb təbrik etdi və dedi: “Qızım, “Ədəbiyyat biliciləri” müsabiqəsində  Təhsil Nazirliyinin I dərəcəli diplomuna  layiq  görülmüsən. Məktəbin direktoru bu gün  evimizə zəng etmişdi”.

 

Çox sevindim, sevincimi  sinif yoldaşlarımla, yaxınlarımla bölüşdüm. Məni hamı  təbrik etdi. Həmin gün  çoxları ədəbiyyatı çox sevdiyimdən elə bilirdilər ki, mən ədəbiyyat  müəllimi olacağam.

 

Amma  ölkəmizə  layiqli neftçi olmaq arzusundayam. Gələcəkdə  Bakı Ali Neft Məktəbinin  Neft- kimya mühəndisliyi fakültəsində oxumaq istəyirəm.

 

 

 

Yüksək bal toplamağı hədəf seçmişəm

 

Arzu ƏLİYEVA: - Mən,  Arzu Əliyeva  2001-ci ildə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində anadan olmuşam. 2006-cı ildən  Masallı rayonunun Ərkivan qəsəbəsində yaşayıram. 2007-ci ildə Cəfər Cabbarlı adına Ərkivan qəsəbə 1 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olmuşam. Bu məktəbdə təhsil aldığım dövrdə bir sıra nailiyyətlərim olub.  Müsabiqələrdə, bilik yarışlarında iştirak etmiş və müxtəlif dərəcəli yerlərə sahib olmuşam.

 

 

2009-cı ildə Rusiya-Azərbaycan dostluq və mədəniyyət mərkəzində rus klassiki A.S.Puşkinin anadan olmasının 210 illiyinə həsr olunmuş tədbirdə iştirak edən Masallı şagirdlərindən biri olmuşam. 

 

2013-cü ildə Azərbaycan Resbublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü və Təhsil Nazirliyi ilə əməkdaşlıqda həyata keçirilmiş “Uşaq hüquqları üzrə Pilləli Tədris” kursunu müvəffəqiyyətlə bitirmişəm.

 

2017-ci ildə 10-cu sinif şagirdi olarkən “Ədəbiyyat biliciləri” müsabiqəsində iştirak etmişəm. Bu müsabiqədə üçüncü dərəcəli diplomla təltif olunmuşam.

 

11-ci sinifdə təhsil alarkən  rayonda tam orta və ümumi orta məktəb şagirdləri arasında “inşa” yazı müsabiqəsində 1-ci yerə layiq görülmüşəm.

 

2018-ci ildə isə yenidən respublikamızda artıq 3-cü dəfə keçirilən “Ədəbiyyat biliciləri” müsabiqəsinə qatıldım və respublika birincisi oldum.  Həmçinin bu il III qrup üzrə qəbul imtahanında 568 bal topladım. Növbəti qəbul imtahanında 600 bal səddini keçməyi özümə hədəf seçmişəm.

 

 

Məqsədim müəllim işləməkdir

 

Günel PAŞAYEVA: - Mən, Günel Paşayeva  2001-ci ildə Quba rayonunun Şuduq kəndində anadan olmuşam.  2006-cı ildə U.Mikayılov adına Şuduq kənd tam orta məktəbinin hazırlıq sinfinə qəbul olunmuşam. Bu gün həmin məktəbin məzunuyam. Orta məktəb dövründə bir çox müsabiqələrdə iştirak etmişəm. VII və VIII siniflərdə oxuduğum müddətlərdə rayonda keçirilmiş şeir müsabiqələrində və digər rayon tədbirlərində fəal iştirak edib məktəbimizə yaxşı nəticələrlə qayıtmışam. 4 fevral 2018-ci il tarixdə keçirilmiş Respublika fənn olimpiadalarının I turunda iştirak etmiş və  rayon üzrə yüksək nəticə göstərərək 95 bal nəticə ilə II tura  çıxmışam. Müsabiqənin II mərhələsində 100 bal toplayaraq Respublika turuna vəsiqə qazanmışam.

 

 

11 fevral 2018-ci il tarixdə  Quba rayonunda keçirilmiş “Ədəbiyyat biliciləri” müsabiqəsində iştirak edərək final mərhələsinə yüksəlmişəm. Final mərhələsində yüksək nəticə göstərərək Təhsil Nazirliyi tərəfindən I dərəcəli diplomla təltif olunmuşam.

 

Bu il qəbul imtahanlarının I mərhələsində  II ixtisas qrupu üzrə imtahan verib, repetitorun köməyi olmadan 482 bal toplamışam. Qəbul imtahanının II mərhələsində isə hədəfim 600 baldan yüksək nəticə göstərməkdir. Arzum  ali məktəblərin birində tarix-coğrafiya ixtisası üzrə təhsilimi davam etdirməkdir. Bu işdə mənə dəyərli müəllimlərim yaxından kömək edir. Ən böyük məqsədim isə ali məktəbi qurtardıqdan sonra universitetdə müəllim işləməkdir.

 

 

Şakir CƏFƏROV

 



14.06.2018 | 14:41