Azərbaycan özünü dünyada layiqli tərəfdaş kimi tanıdır | |
Azərbaycan beynəlxalq münasibətlər sistemində özünə layiqli yer tutub. Demək olar ki, bütün beynəlxalq təşkilatlarda təmsil olunur. Qlobal əhəmiyyətli tədbirlərdə yaxından iştirak edir. Avropanın enerji təhlükəsizliyinə uzun illərdir töhfə verir. Böyük iqtisadi layihələrdə tərəfdaş kimi çıxış edir.
Azərbaycan dünyanın elə bir ölkəsi yoxdur ki, onunla əlaqələr qurmasın, əməkdaşlıq etməsin. Bu əməkdaşlıq böyük miqyaslı və geniş şaxəlidir. Ölkəmiz xarici siyasətində dünya dövlətləri ilə əməkdaşlığını qarşılıqlı maraqlar çərçivəsində inkişaf etdirir. Müxtəlif platformalarda reallaşan əməkdaşlıqda milli mənafelər öndə dayanır.
Bundan başqa, ən önəmlisi coğrafi yaxınlıq olan dövlətlərlə normal əlaqələrin qurulmasıdır ki, Azərbaycan öz qonşuları ilə dostluq və mehriban qonşuluq şəraitində yaşayır. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə vurqulayıb ki, beynəlxalq məsələlərdə dövlətin prioritetləri yalnız milli maraqlarla müəyyən olunur və Azərbaycan heç bir ölkə ilə hər hansı problem yaşamır.
“Azərbaycan köklü surətdə bölgədə vəziyyəti dəyişdirə bildi. Prioritetlər arasında qonşu ölkələrlə bizim əməkdaşlığımız xüsusi yerə malikdir. Amma bununla bərabər, biz bütün başqa ölkələrlə də münasibətlər qurduq. Bu gün elə bir ölkə yoxdur ki, bizim o ölkə ilə hansısa problemimiz olsun. Biz Avropa İttifaqı ilə sıx əlaqələr qurmuşuq. Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalanıb. Bu gün biz Avropa İttifaqı ilə bərabərhüquqlu saziş üzərində işləyirik və sazişin 90 faizi razılaşdırılıb”-deyən ölkə başçısı həm Avropa dövlətləri ilə əlaqələrin inkişafına maraqlı olduğunu göstərir, həm də müharibədən sonra bölgədə meydana çıxan əməkdaşlıq formatları-Rusiya-Türkiyə-Azərbaycan-Gürcüstan-Ermənistan-İran əməkdaşlığının mümkünlüyünə diqqət çəkir.
Prezident bildirir ki, beynəlxalq müstəvidə fəal mövqe və qlobal təşəbbüslər Azərbaycana çoxlu sayda tərəfdaş qazandırıb:”Qoşulmama Hərəkatına üzv ölkələr bizi müdafiə etdilər. Bizim bu təşkilata rəhbərlik etməyimiz formal rəhbərlik deyil. Biz bu təşkilat üzvlərini müdafiə edirik, biz onlara kömək göstəririk, biz COVID-lə bağlı onlara yardım etmişik, biz heç kimdən çəkinmədən onların haqq səsini müdafiə edirik. Onlar da bizi müdafiə etdilər”.
Sitatdan göründüyü ki, beynəlxalq əməkdaşlıqda inam və etibar, qarşılıqlı dəstək vacib şərt kimi çıxış edir və Azərbaycan özünü etibarlı tərəfdaş kimi tanıda bilib.
Heç zaman imkan verməyib ki, hansısa qüvvələrin, xarici dairələrin qarşıdurma arenasına çevrilsin. Yəni, Azərbaycan başqa ölkələrin maraqlarının toqquşması yeri olmayıb. Təbii ki, bu, ölkəmizin sülhpərvər imicini formalaşdırır, bu xarakterik cəhətinə görə yaxşı ad qazanmaqla dünyada özünü layiqli tərəfdaş kimi tanıdır.
|
|
11.03.2021 | 13:22 | |
|
|
|